13 may 2023 03:20
530

Xalq ölkəni daha da qüdrətləndirən siyasətə səs verəcək!

14 mayda Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində çoxmilyonlu türk xalqı dünyada siyasi, iqtisadi, hərbi qüdrəti artan ölkəsinin gələcəyi naminə birlik və həmrəyliyini nümayiş etdirəcək

Türk dünyasının birlik, həmrəylik ünvanı olan Türkiyə növbəti sınaq ərəfəsindədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 10 mart 2023-cü ildə imzalanan Sərəncama əsasən, prezident və parlament seçkilərinin vaxtından əvvəl, 14 may 2023-cü ildə keçirilməsi ilə bağlı qərarın müxalif partiyalar tərəfindən də dəstəklənməsi siyasi kampaniyanın keçirilib-keçirilməyəcəyi barədə suallara aydınlıq gətirdi. Həmin gün səsvermə hüququ olan seçicilər bülletendə adları qeyd olunan və inandıqları namizədlərə etimad göstərəcəklər.

Siyasətçilərin qeyd etdikləri kimi, əsrin fəlakəti adlandırılan, 2023-cü ilin 6 fevralında baş verən dəhşətli zəlzələdən sonra belə çətin sınaq qarşısında qalan xalq əvvəlki illərdən daha artıq düşünməli, ölkənin gələcəyini etibar edəcəyi liderini getdikcə gərginləşən siyasi hadisələr fonunda düzgün seçməlidir. Bəlli olduğu kimi, prezidentlik uğrunda mübarizədə Ədalət və İnkişaf Partiyasının namizədi Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ölkədə böyük nüfuza malik Milliyyətçi Hərəkat Partiyasının, Böyük Birlik Partiyasının, Yenidən Rifah Partiyasının birləşdiyi «Cümhur İttifaqı» Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir. «Altılı masa»da təmsil olunan, «Millət İttifaqı»nda birləşən ölkə müxalifəti isə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun tərəfdarıdırlar. «Kim» sualının cavabı xalqın iradəsi ilə bəlli olacaq.

Təcrübə göstərir ki, harada keçirilməsindən asılı olmayaraq siyasi kampaniyalar ərəfəsində kənar dairələr fəallaşaraq seçki keçirilən ölkədə daxili gərginliyi artırmaq üçün vəsaitlər ayırır, kampaniyalar təşkil edir, təxribatlar törədirlər. Bu kimi hallar, xüsusilə hərbi qüdrəti ilə dünya dövlətlərini təşvişə salan Türkiyəni qorxutmur. Suriyada, İraqda xüsusi təlim keçən terrorçularla mübarizədə, radikal birləşmələri maddi vəsaitlərlə, silah-sursatlarla təmin edən qüvvələrə qarşı qəti sözünü deyən Türkiyə gücünü , qüdrətini birlik və həmrəyliyi ilə bəyan edir.

Yaxın tarixə nəzər salaq. Prezident Rəcəb Tayyib Ərdoğanın düşünülmüş rəhbərliyi sayəsində daha da güclənən, siyasi , iqtisadi qüdrəti artan Türkiyə ölkədə daxili və xarici qüvvələrin birgə hazırladıqları təxribatlara qarşı birlik və həmrəylikləri ilə mübarizə apardılar. «Gezipark»da, Taksim meydanında keçirilən aksiyaları «ictimaiyyətin etirazı» kimi qələmə verməyə çalışanlar, İstanbulun Atatürk Hava Limanında baş verən və kütləvi insan qırğını ilə nəticələnən terroru törədənlər , regionda nüfuzu artan, siyasi sabitliyin qorunmasına töhfələr verən, Türkiyənin qüdrətindən təşvişə düşənlər anladılar ki, ən çirkin vasitələrə əl atsalar belə əsarəti qəbul etməyən türk milləti yenilməzdir.

2016-cı ilin 15 iyulunda Türkiyə Silahlı Qüvvələrinin tərkibində özünü «Yurtda Sülh Konseyi» adlandıran FETÖçü xainlərin əvvəlcədən hazırladıqları plana əsasən, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpüsündə dinc əhaliyə qarşı törədilən silahlı müdaxilədən belə çəkinməyən türk xalqı özünün lideri Rəcəb Tayyib Ərdoğanın ətrafında daha sıx birləşdi. Ankarada Prezident Sarayı Kompleksinin, Türkiyə Böyük Millət Məclisinin, Nazirlər Kabinetinin, Milli İstihbarat Təşkilatı və digər inzibati binaların qiyamçılar və xalqına, dövlət tərəfindən verilən rütbələrinə xəyanət edən hərbi mundirli satqınlar xalqın tələbi ilə həbs edildilər. Bu gün də Amerikada, Pensilvaniyada gizlənən Fətulla Gülənin hazırladığı dövlət çevrilişinə cəhd planları baş tutmadı. Hadisə baş verən zaman Muğlada olan, «Türkiyə bu cür qiyamlarla ucuz satılacaq ölkə deyil» sözləri ilə insanların mətanətini dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğanın xalqı qiyama qarşı birgə mübarizəyə çağırışı ilə milyonlarla Vətən fədaisi birlik nümayiş etdirdi, meydanlara toplaşdı. Bu izdiham xalqın liderlərinə inamı, sədaqəti, etimadı, həmrəyliyi idi. Qardaş ölkəyə qarşı düşmən mövqedə olan qüvvələrin planlaşdırdıqları belə çirkin aksiyalar, terrorlar, iqtidarda olan partiyaya qarşı aparılan təxribatlar mənfur niyyətlərdən qaynaqlanır. Beynəlxalq ictimaiyyət, dünya liderləri birmənalı olaraq Türkiyənin hazırkı iqtidarını dəstəklədiklərini rəsmi bəyan etdilər. 15 iyul hadisələri ilə bağlı keçirdiyi görüşdə, mitinqlərdə kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məqbul hesab etməyən Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayraqlarının dalğalanacağını bildirmiş, ölkəmizə qardaş münasibətini qısa və qəti sözləri ilə ifadə etmişdir: «Azərbaycan bizim ailəmizin üzvüdür.»

O hadisələrdə qardaş xalqla birliyimizi «Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir… Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik» sözləri ilə ifadə edən dövlət başçımız İlham Əliyev qətiyyətlə bildirdi ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadırlar.
Bu birlik İkinci Qarabağ müharibəsində bir daha təsdiqləndi. Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olan Türkiyə həqiqi mənada göstərdi ki, hər iki xalq arasındakı bağlılıq sarsılmazdır. Eyni həmrəylik Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında da təkrarlandı. M. K. Atatürkün « Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz» sözləri türk millətinin məğlubedilməzliyinin təsdiqlənmiş hikməti kimi Ermənistan üzərində Zəfərimizə yol açdı.

İkinci Qarabağ müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradında, Füzuli, Zəngilan, Artvin-Rizə Beynəlxalq Hava limanlarının açılışlarında, «TEKNOFEST Azərbaycan» festivalında Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın qoşa dayanmasından təşvişə düşənlər bu gücün qüdrətini heç zaman unutmamalıdırlar. Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması mərasimində isti münasibətlərini təsdiqləyən hər iki dövlətin başçıları çıxışları ilə nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərdilər. 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsi o deməkdir ki, hər iki dövləti dəmir yolu , avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, əməli fəaliyyət göstərilir. Ulu Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xeyir-duaları ilə möhkəmlənən bu güc əbədiyyət rəmzi kimi daim güclənəcək.
 Türkün zəfər günü kimi tarixə yazılacaq 14 mayda qardaş ölkənin vətəndaşları yenə də əzmkarlıq göstərərək haqq-ədalətə, demokratiyaya, inkişafa, tərəqqiyə səs verəcəklər. Terrora qarşı mübarizədə yenilməzliyini dünyaya bəyan edən Türkiyənin gələcəyini bu günədək inandıqları, ətrafında birləşdikləri, etimada göstərdikləri liderlərinə etibar edəcəklər.

İstanbulda keçirilən «TEKNOFEST» festivalındakı çıxışında qardaş ölkənin hərbi qüdrətini «Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə kəlmələri ilə ifadə edən, iki qardaş ölkənin sarsılmaz birliyini « Atam demişkən, «Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!”. söyləyən Prezident İlham Əliyevin sözləri Azərbaycan xalqının Türkiyə ilə həmrəylik nümunəsidir. Bu əminlik qardaş ölkədə 14 mayda keçiriləcək prezident və parlament seçkilərində ümumxalq rəyinin ifadəsi kimi təsdiqlənəcək. Türkiyə ilə Azərbaycan əməkdaşlığın yeni mərhələsinə Zəngəzur dəhlizinin açılış mərasimində birgə iştirakları ilə qədəm qoyacaqlar.

Xuraman İsmayılqızı, «İki sahil»