12 may 2023 23:14
440

Sülhə qarşı növbəti sabotaj

Ermənistan hərbi təxribatları ilə növbəti müharibəyə hazırlaşdığının anonsunu verir

Bir neçə gün öncə erməni silahlı birləşmələrinin Azərbaycan mövqelərini intensiv silah atəşinə tutuması və nəticədə hərbi qulluqçumuzun şəhid olması bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirmək cəhdindən başqa bir şey deyil. Ermənistanın atışma zamanı snayperlərdən istifadə etməsi bunu bir daha sübut etdi. Görünür ki, döyüş meydanında məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi hələ də bu reallığı qəbul etmək istəmir.

Ermənistan tərəfinin vacib görüşlər öncəsi təxribatlar törətməsinin dəfələrlə şahidi olmuşuq. Xəbər verildiyi kimi, mayın 14-də Brüsseldə yüksək səviyyədə görüş keçirilməsi nəzərdə tutulur. Ermənistanın məqsədi hərbi təxribatla Azərbaycanın cavab reaksiyasına nail olaraq, görüş öncəsi özünü zərərçəkmiş kimi təqdim etmək, məzlum obrazı yaratmaqdır. Ermənistan bununla müzakirələr masası arxasında siyasi xal qazanacağını və Azərbaycana qarşı hansısa mövqe formalaşdıra biləcəyini düşünür. Azərbaycan isə hər zaman nümayiş etdirir ki, Ermənistanın həm hərbi, həm də siyasi təxribatlarının qarşısını almaq iqtidarındadır. Rəsmi Bakı haqlı olaraq Ermənistanın bu cür davranışını regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Bölgədə baş verən bütün təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Ermənistanın özünə bəraət qazandırmaq məqsədilə verdiyi açıqlamalar isə başdan-ayağa ziddiyyətdir. Bu təxribatın danışıqlar prosesində müəyyən pozitiv meyillərin olduğu bir dövrdə baş verməsi onu göstərir ki, Ermənistan həmişəki kimi problemin aradan qaldırılmasında deyil, onun daha da dərinləşməsində maraqlıdır. Beləliklə, ortaya çıxan mənzərə bundan ibarətdir ki, Ermənistan növbəti dəfə sülh prosesinə qarşı sabotaja başlayıb. İstər bu danışıqlarda, istərsə də postmüharibə dövründəki daha əvvəlki bütün müzakirələrdə nəticənin olmamasının yeganə səbəbkarı Ermənistandır. Ermənistan həm də xarici təsir dairələrinin təzyiqi ilə sülhdən qaçır, prosesi yubadır. Ancaq müzakirələr heç də sonsuzadək nəticəsiz davam edə bilməz. Necə ki, Azərbaycan 30 illik işğal dövründə Qarabağ məsələsinin həlli üçün səbrlə danışıqlar prosesi apardı və yekunda bunun heç bir nəticəsi olmadığı üçün hərbi yolla torpaqlarını azad etdi, eyni qaydada sülh prosesində də davranış sərgilənəcək.

Prezident İlham Əliyev dəfələrlə elan edib ki, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Yəni, bunun açması odur ki, Ermənistanın nazı ilə çox oynanılmayacaq. Şübhəsiz Ermənistanda anlayırlar ki, sülh imzalamadan nə Azərbaycanla, nə Türkiyə ilə əməkdaşlıqları mümkün olacaq, həm də bütün regional layihələrdən, proseslərdən kənarda qalacaqlar. Odur ki, sülhdən birmənalı imtina etdiklərini də demirlər. Belə bir dönəmdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun açıqlaması maraq doğurur: “Məlum olduğu kimi, sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib. Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət, 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqton görüşləri olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilmədi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıdıb və 4 günlük müzakirələr oldu. Müzakirələr sülh müqaviləsi ətrafında olub. Biz Vaşinqtonda bir addım da irəli getdik. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasi, əlbəttə ki, yaxşı olardı, bunu arzulayardıq, amma biz buna hələ ki hazır deyilik”.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya və Avropa İttifaqının iştirakı ilə əvvəllər qəbul edilmiş bütün üçtərəfli bəyanatlar çərçivəsində Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmalar Ermənistanı o qədər də qane etmir. Buna görə də Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç olmasa bir hissəsini yerinə yetirməkdən imtina etməyin yollarını axtarır. Azərbaycan isə tam əksinə.. sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyini önə çəkir, 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Prezident İlham Əliyev Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirdi ki, biz onların konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq: “Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.

Sevinc Azadi, “İki sahil”