12 may 2023 23:56
1061

Heydər Əliyev Fondu Qarabağın dirçəldilməsinə böyük töhfələr verir

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın qətiyyəti, həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi sayəsində şanlı Azərbaycan Ordusu tarixi torpaqlarımızı - Qarabağı və Şərqi Zəngəzuru təxminən 30 illik erməni işğalından azad etdi. 2020-ci il noyabr ayının 8-də xalqımızın 28 il davam edən həsrətinə son qoyuldu.  Qəhrəman ordumuz Qarabağın tacı Şuşanı düşmən tapdağından azad etdi. 8 noyabr Azərbaycan xalqının tarixinə Zəfər Günü kimi daxil oldu.

Prezident İlham Əliyev bu münasibətlə xalqa müraciətində bildirmişdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!..”

Bu gün üçrəngli Azərbaycan Bayrağı Şuşada qürurla dalğalanır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladı. 2021-ci ildə Heydər Əliyev Fondu tərəfindən “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri yenidən təşkil olunub, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilib. Bundan başqa, “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” adlı sərgilər nümayiş olunub. Ölkə başçısının Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa edib.

Qarabağın tacı Şuşa şəhəri əsrlər boyu Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Ermənistan 1992-ci il mayın 8-də Şuşanı işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, tarix, mədəniyyət və dini abidələrin bərpası istiqamətində ciddi addımlar atılır. Sevindirici haldır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondunun tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində reallaşdırdığı genişmiqyaslı layihələrin uğurlu icrası nəticəsində vaxtilə ölkəmizin mədəniyyət beşiyi, “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhərinin əsl tarixi siması bərpa olunur.

2023-cü il mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər. Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.

İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər. Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalından görüntülər paylaşıb.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində bildirib ki, bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir: “Biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı-bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”.

Əminliklə deyə bilərik ki, Azərbaycanın sosial-iqtisadi, elmi, mədəni-mənəvi həyatında mühüm rol oynayan Heydər Əliyev Fondunun Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə böyük töhfələr verməsi, tarixi, mədəni və dini irsimizin bərpası və qorunması istiqamətində unikal layihələri uğurla reallaşdırması hər bir azərbaycanlıya böyük iftixar və sevinc hissi, yüksək əhvali-ruhiyyə yaşadır.

Zahid Rza, “İki sahil”