13 may 2023 00:09
432

İndi sülh daha çox Ermənistana lazımdır

Nikol Paşinyan sözdə ölkəsinin gələcək taleyindən narahat olduğunu bildirir, vaxtın daraldığını xüsusilə qabardır, dərhal qərar qəbul edilməsinin vacibliyinə eyham vurur... Əməldə isə...

Ermənistanda daxili-siyasi böhran özünün növbəti mərhələsinə qədəm qoyub. Ölkənin siyasi dairələri son dövrlərdə edilən "sürüşkən və xaotik" manevrlərin real nəticələri ilə üz-üzə qalıblar. İndi Paşinyan hakimiyyəti açıq-aşkar isterik vəziyyətdədir. Bütün hədəflər bir-birinin ardınca boşa çıxıb, 44 günlük savaşda biabırçı kapitulyasiyanın ardınca siyasi-diplomatik məkanda da ağır məğlubiyyət inkaredilməz reallıqdır. 

Hazırkı iqtidara qarşı birləşən müxalifət partiyalarının təşkilatçılığı ilə keçirilən kütləvi etiraz aksiyaları, ölkədə dərinləşən iqtisadi çöküş artıq Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətdə qoyub.  Ölkəsini rüsvay etməkdə davam edən Nikol Paşinyana artıq müttəfiqlərindən də kömək gəlmir. Baş nazir Nikol Paşinyanın mövcud vəziyyətdə atdığı addımlar isə onsuz da ölkədə hökm sürən qeyri-müəyyənliyi daha da artırır. Ermənistan parlamentində də partiyalar arasında qarşıdurmalar və dava-dalaşlar səngimir, tərəflər siyasi böhranda bir-birilərini günahlandırırlar.Ölkədə təkcə müxalifət-iqtidar qarşıdurması deyil, hakim partiya daxilində də gərginlik, o cümlədən hökumətdə təmsil olunan yüksək vəzifəli şəxslərin də istefaları ənənəvi hal alıb.

İran istisna olmaqla qonşulara ürəkaçan münasibətin olmaması onun iqtisadiyyatına da kölgə salıb. Xarici ianələr sayəsində ayaqda durmağa çalışan işğalçı ölkədə demoqrafik vəziyyət getdikcə pisləşməyə doğru gedir. Ermənistan statistika qurumlarının məlumatına görə, hazırda ermənilər kütləvi şəkildə ölkəni tərk etməyə başlayıblar. Ermənistan vətəndaşları qazanc dalınca xarici ölkələrə üz tuturlar. Sərhədyanı kəndlərin boşalmaq üzrə olduğu bildirilir. Bütün bunlar erməni toplumunun Ermənistanın gələcək perspektivlərinə inanmadığını göstərir. Erməni politoloqlar Ermənistanın bir dövlət kimi sürətlə dağılma mərhələsinə keçdiyini etiraf edirlər. Onların fikrincə, indiki situasiyada və Paşinyan hakimiyyətinin yürütdüyü siyasətlə Ermənistanın mövcudluğunun uzun müddət qorunması mümkün deyil. Halbuki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bu barədə erməni toplumuna açıq mətnlə xəbərdarlıq edəndə, onu xain elan etmişdilər. Ancaq Levon Ter-Petrosyan Ermənistanın gələcək taleyini detallı şəkildə təsvir etmişdi. O, bildirmişdi ki, Ermənistan ən qısa zamanda Azərbaycanla sülh sazişi imzalamağa və Türkiyə ilə də münasibətlərini normallaşdırmağa çalışmalıdır. Əks halda, qısa bir müddətdən sonra erməni toplumu Ermənistan adlı dövlətin həmişəlik itirilməsi ilə barışmaq məcburiyyətində qala bilər.

Nə qədər qəribə də olsa, uzun müddət Ermənistana yeni xarici himayədarların axtarılmasına vaxt sərf etmiş baş nazir Nikol Paşinyan da artıq bu barədə danışmağa başlayıb. O, bildirib ki, Ermənistanın güvənə biləcəyi xarici dəstək ünvanı qalmayıb. Hətta Avropa İttifaqının mülki müşahidə missiyası da rəsmi İrəvanın təhlükəsizlik ümidlərini doğrultmayıb. Əksinə, erməni baş nazir hesab edir ki, Avropa Birliyinin mülki missiyası ucbatından indi Ermənistan yeni təhlükəsizlik problemləri ilə üzləşməyə başlayıb.

Baş nazir Nikol Paşinyan mövcud situasiyadan çıxış yolunu da göstərməyə çalışıb. O, bildirib ki, əgər, Ermənistan öz mövcudluğunu qoruyub, saxlamaq istəyirsə, qonşu ölkələrlə - Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmalıdır: "Ermənistan öz mövcudluğunu qorumaq istəyirsə, Azərbaycan və Türkiyə normal münasibətlər, iqtisadi-ticari əlaqələr qurmalıdır. Əks halda, qonşularla düşmənçilik şəraitində uzun müddət bu regionda mövcud olmaq mümkün deyil".

Əslində, bu ölkədə daxili çəkişmələr həmişə olub. Çünki bu toplumun xislətində oğurluq, quldurluq, terrorçuluq kimi eybəcər cəhətlər istənilən qədərdir. Elə ona görə də ötən əsrin 90-cı illərinin sonlarında parlamentin iclasındakıları gülləbaran etmişdilər. Ermənistan Azərbaycanla sülh sənədlərinin imzalanması ərəfəsindədir və yenə də bir-bi­rini öldürmək, fiziki cəhətdən yox etmək həddinə çatıblar. Hətta “Kavkaz.uzel”in yazdığına görə, baş nazir Nikol Paşinyanı satqın, xain, əclaf, erməni xalqının düş­məni adlandırırlar. Bu ittihamlara görə isə heç bir qanun - qayda, vicdan, ləyaqət ta­nımayan haylar baş naziri, sözün həqiqi mənasında, yox edə bilərlər. Heç kəs də onların gözü üstündə qaşı olduğunu xa­tırlatmaz. Necə ki, parlamenti gülləbaran edəndə də, bir milyon azərbaycanlını di­dərgin salıb, varidatını satanda da, Xo­calı soyqırımını törədəndə də dünya birli­yi Ermənistanı ən demokratik ölkələrdən biri kimi tanımışdı. Həmin cinayətlərin yanında Paşinyanın öldürülməsi nədir ki? 

Qısa təhlil onu deməyə əsas verir ki, Ermənistanda son dönəmlər baş verən hadisələr, ölkənin hazırkı durumu göstərir ki, indi sülh daha çox işğalçı ölkəyə lazımdır.  Amma, Ermənistanın siyasi və hərbi rəhbərliyi bunu dərk edirmi?

Görünən odur ki, bu gün Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının ək­sinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, bey­nəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaq­larının yaranması üçün təxribatlar törə­dir. Bu təxribatlar göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatlar sabun köpüyündən başqa bir şey deyil. Şübhəsiz ki, Ermənistanın bu təx­ribatçı hərəkəti mayın 1-dən 4-dək ABŞ-da aparılan danışıqlarda qeydə alı­nan irəliləyişi ləğv etmək məqsədini da­şıyır. Bunun üçün dəridən-qabıqdan çıxan qarşı tərəf bazar günü Brüsseldə üçtərəfli formatda, iyunun 1-də Kişinyovda beştərəfli formatda keçirilməsi nəzərdə tutulan danışıqları pozmaq niyyətində­dir.

Ermənistanın sülhə gedən yolda bu cür qeyri-konstruktiv addım atmasına, həm daxili, həm də xarici vəziyyəti əsas verir. Ölkədə revanşist və ultramillətçi qüvvələr, eyni zamanda, kənar güclərin ünsürləri hələ də qalmaqdadır. Bu, ölkə daxilində qeyri-stabil vəziyyətin hökm sürməsini şərtləndirir ki, nəticə etibarilə Paşinyan hökuməti də bundan çəkinir. Nəticədə normal, dəqiq bir sülh konsepsiyası ortaya qoya bilmir. Eyni zamanda, xarici amillər də var. Məsələn, Şimalda Rusiyanın, Cənubda İranın, Fransanın bölgə ilə bağlı öz maraqları var və öz siyasətlərini yürütməyə çalışırlar. Buna görə də bu kontekstdə Ermənistan maraqları uzlaşdıra, öz daxili auditoriyasını formalaşdıra, Paşinyan xüsusən də Ermənistanın xarici siyasətini idarə edə bilmir. Ona görə də uzun müddətdir ki, bir nəticə alınmır.

Rəsmi İrəvan nə qədər çalışsa da, başqa yolu yoxdur - İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib. Artıq Laçın-Xankəndi yolundakı sərhəd buraxılış məntəqəsi bütün reallıqları hər kəsə nümayiş etdirib.  Ordusu dar­madağın edilmiş, iqtisadiyyatı çökdürülmüş, əhalisi ac-yalavac vəziyyətdə olan Ermə­nistanın da sülh sənədini imzalamaqdan başqa bir yolu yoxdur.  Ona görə də nə qədər ki, İrəvan  üçün gec deyil Bakıdan gələn sülh çağırışlarına müsbət cavab verməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”