13 may 2023 02:57
754

Zəngəzur dəhlizi milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir

İkinci Qarabağ müharibəsi bitdikdən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında  imzalanan üçtərəfli Bəyanatın 9-cu  bəndində iki ölkə arasında  kommunikasiyaların bərpasının bölgə üçün əhəmiyyəti açıq şəkildə  bəyan edilir. Bu bənd birbaşa Zəngəzur dəhlizinin açılması zərurətini ortaya qoyur. Lakin  həmin vaxtdan  üç ilə yaxın müddət keçməsinə baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməkdən çəkinən,  hələ də  artıq tarixin arxivinə atılmış  gorbagor «Dağlıq Qarabağ respublikası»nın «statusu» ilə bağlı manipulyasiyalar edən  Ermənistan  müxtəlif bəhanələrlə   məsuliyyətdən yayınır.  Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması” tələbi Azərbaycanda ölkə rəhbəri səviyyəsində səslənsə də, Ermənistanda «Dağlıq Qarabağa status» kimi əsassız  iddia işğalçı ölkə müxalifətinin  xəstə düşüncəsinin  məhsuludur.   Dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, imzalanan sənədlərdə, aparılan danışıqlarda  birmənalı  olaraq «status» adının  çəkilmədiyi, artıq  tarixə qovuşmuş «Dağlıq Qarabağ» adlı inzibati bölgənin olmadığı bir məqamda bu cür revanşist çağırışlar sülh sazişinin imzalanmasına bilərəkdən törədilən əngəldir.

«Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də «kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi» ilə əlaqədardır» söyləyən Prezident İlham Əliyev  havadarlarına arxayınlaşan Ermənistanın Zəngəzur dəhlinin açılması ilə bağlı  qeyri-müəyyən mövqeyinin heç bir nəticə verməyəcəyini dəfələrlə, eyni zamanda,  qətiyyətlə bildirib.

Beynəlxalq əhəmiyyət daşıyan, Çinin təşəbbüsü kimi dəstəklənən, «Bir kəmər, bir yol» layihəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizi  Ermənistanın və onun dəstəkçisi İranın istəyib –istəməməsindən asılı olmayaraq açılacaq. Artıq dəhlizin xeyli hissəsində inşa işləri başa çatıb.
Avrasiya məkanında, Orta Dəhliz layihəsində  rolu artan Azərbaycanın bu dəhlizin açılması ilə bağlı qətiyyətinin  beynəlxalq səviyyədə dəstəklənməsi, əməkdaşlıq körpüsü kmi dəyərləndirilməsi  Ermənistanın illüziyalarının qarşısında «qırmız xətt»dir.

Zəngəzur dəhlizinin böyük potensiala malik olmasını «Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, «Bir kəmər, bir yol» layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır» sözləri ilə  dəhlizin əhəmiyyətini bəyan edən Prezident İlham Əliyev  əminliklə bildirir ki,  dəhlizboyu  dəmir yolunun inşasının tam başa çatması üçün  səylər səfərbər olunub . 40 kilometrdən  artıq  dəmir yolu xəttinin  inşasına süni maneələr törədən Ermənistan rəsmiləri  hələ də  itirəcəkləri şansı, üzləşəcəkləri itkiləri anlamırlar.

Bu gün Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur.  Bu baxımdan Zəngəzur dəhlizinin açılması  Ermənistan üçün  daha xeyirlidir. Belə ki,  təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan, tarixi ərazisində yerləşən   Zəngəzur dəhlizinin bərpasına çalışan Azərbaycanın bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan amil isə  Qarabağın və Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə  bərpa-quruculuq işlərinin sürətlənməsi, Zəngilanda, Füzulidə açılan beynəlxalq hava limanlarıdır.

Rəsmi İrəvan dərk etməlidir ki,  «status» məsələsinin gündəmə gətirilməsi Ermənistanın ərazi bütövlüyünün sual altına qoyulmasıdır. Bir məsələni də  unutmaq olmaz ki, azərbaycanlıların da ata –baba torpağı olan  Qərbi Zəngəzurda özləri üçün status” tələb etmək hüquqları vardır.

Əsassız iddialarında bəzi  siyasi qüvvələrə və Rusiyanın dəstəyinə  arxalanan Ermənistan hazırda  bu imkandan da məhrum olub.
Belə ki, Zəngəzur dəhlizindən və «Dağlıq Qarabağa status»” tələblərindən  siyasi təzyiq  vasitəsi kimi istifadə sülh sazişinin imzalanması üçün başlıca amil olan  sərhədlərin demarkasiyasını  və delimitkasiyasını, tərəflər arasında normallaşma prosesini ləngidir.

Amma  bölgədə yaranan siyasi, iqtisadi vəziyyəti,  hadisələrin gedişini siyasi qətiyyəti ilə düzgün qiymətləndirən Prezident İlham Əliyevin « Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq» sözlərində Zəngəzur dəhlizi ilə bağlı  nəticənin reallığı  əks olunur. Dövlət başçımız əlavə olaraq bildirir ki, bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün qüvvələr bu layihənin icrasına  cəlb olunub.   Dövlət başçımızın verdiyi vədlərə sadiqliyini gündəlik həyatında  hiss edən  Azərbaycan xalqı əmindir ki,  101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Xuraman İsmayılqızı, «İki sahil»