Kommunal ödənişlərin 20 faizi geri qaytarılacaq və…
Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödəniləcək. Ödənişlər aylıq olaraq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. Güzəştlər bu ildən başlayaraq növbəti 10 ildə tətbiq olunacaq.
Yeni güzəştlərə əsasən, əgər sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılacaq.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün geniş güzəşt paketi tətbiq olunur.
Kimlərə maaşlarından əlavə 600 manat ödəniləcək?
Əmək Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərimizdə - Qarabağda və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur. Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı kateqoriyasına daxil ediləcək. Həmin vətəndaşlarımızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, onlar 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar, həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni, dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80, sonrakı 3 ildə 60 və uyğun olaraq daha sonra 40 faiz olacaq.
Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.
Deməli, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız maaşlarına əlavənin hesablanması, birdəfəlik 600 manat müavinət almaq hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək.
Cavid Əkbərov, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri