Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu Sərəncama əsasən il ərzində ölkədə və xaricdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərin biri cənab Prezident İlham Əliyevin iştirakı ilə 10 mayda Azərbaycanın incisi sayılan Şuşada keçirilmişdir. Burada Ölkə Başçısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət etdi.
Cənab Prezident İlham Əliyev məkan olaraq Şuşanın və məhz bu meydanın təsadüfi seçilmədiyini bildirdi. Çünki qəhrəman Azərbaycan hərbçiləri bu binanın damında Azərbaycan Bayrağını qaldıraraq Şuşanın azad olunması ilə bağlı raportu Ölkə Başçısına məhz bu meydanda vermişdilər. Şuşanın işğaldan azad edilməsi Zəfər qazanmağımızın əlaməti idi. Belə ki, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.
Cənab Prezident İlham Əliyev mürəkkəb məsələ sayılan Qarabağ münaqişəsini yada salaraq siyasi səriştəsizlik səbəbindən Şuşa, Laçın və Kəlbəcərin işğal olunmasının Qarabağla Ermənistan arasında coğrafi əlaqənin yaranmasına gətirib çıxardığını vurğuladı. Ölkə o dövrdə çox ağır vəziyyətdə idi. Belə qarışıq siyasi şəraitdə xalqın istəyilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə gəldi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi başladığı və məhz onun qoyduğu yolu bu gün Azərbaycanın uğurla davam etdirdiyi məsələlərdən biri gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi olduğunu vurğuladı. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. Bu siyasi yanaşmanın düzgünlüyü vətənpərvər nəslin yetişməsi, Qarabağın və Zəngəzurun azad edilməsində məhz gənclərin fədakarlığında özünü aydın göstərir.
Müstəqilliyi ən böyük nemət, ən böyük sərvət kimi qiymətləndirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev müraciətində əminliklə Azərbaycanın azad və stabil ölkə olduğunu bildirdi. Ölkə Başçısı Heydər Əliyevin başladığı və bu gün uğurla davam etdirilən ordu quruculuğu məsələsinə toxunaraq bildirdi: “Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb”.
Dövlətimizin başçısı müraciətində Azərbaycan xalqının Ümummilli Liderinin ən böyük arzusunun Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək olduğunu diqqətə çatdırdı. 2020-ci il 8 noyabr tarixdə Ulu Öndər Heydər Əliyevin bu arzusu reallaşdı.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri