11 may 2023 22:42
4185

Ulu Öndərin Azərbaycan xalqının həyatında rolu misilsizdir

Çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə əvəzsiz xidmətlər göstərən bir dahi idi. Azərbaycanın tarixinin yarım əsrə yaxın dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına diqqət yetirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi. Ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. Ulu Öndər, Azərbaycanı müstəqil, demokratik, hüquqi, dünyəvi vətəndaş cəmiyyətinə əsaslanan qüdrətli bir dövlətə çevirmək üçün gecə-gündüz yorulmadan gərgin fəaliyyətə başladı. Qısa zaman ərzində milli-mənəvi dəyərlərimizin, irsimizin qorunub saxlanmasını, daha da inkişaf etdirilməsini vacib məsələ kimi irəli sürdü və bu təməl üzərində yeni, müasir Azərbaycan yaratdı.

Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. Dahi rəhbər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail olmuş, eyni zamanda, sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur.

Ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Bu gün xalqımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Əldə edilən uğurların icraçısı isə Ulu Öndərimizin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevdir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırdı. 44 günlük İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.

Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır” - 1993-cü ilin sentyabr ayında dediyi bu fikirlər öz təsdiqini tezliklə tapdı. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bərqərar etdiyi milli birlik ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrildi, xalqın inamlı sabahına ünvanlanan strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesi sürətləndi, qlobal enerji–kommunikasiya layihələri həyata keçirildi, uzaq hədəflərə hesablanmış balanslandırılmış starteji fəaliyyət konsepsiyası hazırlandı, həyata keçirildi. 1997-ci ildə Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr edilmiş təntənəli yığıncaqda Heydər Əliyev deyirdi: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.

“Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik”, “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanması, daimi, yəni əbədi olması bundan da çətindir”, “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır”. Bu gün hər biri bir aforizmə çevrilən bu fikirlər dövlətimizə, dövlətçiliyimizə, xalqımıza, millətimizə sanki bir mayak, yol xəritəsi oldu.

2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə canından çox sevdiyi Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirəcək və müstəqilliyimizin möhkəmlənməsinin keşiyində dura bilməyə qadir ünvan göstərməsi dövlətimiz və xalqımız qarşısında ən böyük xidmət olmaqla yanaşı, həm də “1999-cu ildə Xocalının erməni işğalından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan Bayrağı” ordenlərini Prezident İqamətgahında təqdimetmə mərasimində dediyi - “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur” - sözlərinin əməli sübutunu təmin etmiş oldu. Doğrudan da “Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik”. Bütün bunların təməlində Heydər Əliyev siyasətinin möhtəşəmliyi, Heydər Əliyev siyasətinin unikallığı dayandı. Heydər Əliyev siyasətinin əsasında isə Azərbaycançılıq ideologiyası, Azərbaycançılıq məfkurəsi dayanırdı. Bu ideyaların əzmkar davamçısı, bu gün İlham Əliyevdir. İlham Əliyev siyasətinin əsasında dayanan Ulu Öndər ideyalarına sadiqlik bizi qalibiyyətlərə apardı. Ulu Öndərin bizlərə əmanət etdiyi müstəqil Azərbaycan xalq-lider- ordu birliyi, həmrəyliyi sayəsində bütövləşdi. Azərbaycan bu gün Cənubi Qafqazda lider, dünyada söz, nüfuz sahibi olan bir ölkədir. Bunun təməlində Heydər Əliyev siyasətinə, Onun ideologiyasına qüvvətli inam və güclü liderin qalibiyyət əzmi, bütün dünya azərbaycanlılarının və hər bir azərbaycanlının Prezidenti,  Azərbaycançılığın ən böyük qarantı İlham Əliyevin yeritdiyi düzgün siyasət dayanır. Ona görə də “Heydər Əliyev İli”  Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində xüsusi inkişaf mərhələsi olan Heydər Əliyev – İlham Əliyev epoxasının çətin və məsuliyyətli dünəninin, inkişaf etməkdə olan bu gününün və daha parlaq gələcəyinin ilidir.

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” bu dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları ilə əlaqədar bir çox mühüm məsələlərə yenidən və əsaslı qayıdışa şərait yaradacaqdır. Bu, həm də Ulu Öndərin Azərbaycanın ən yeni tarixinin 34 illik dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Sevindirici haldır ki, Azərbaycan xalqı 2023-cü ili - “Heydər Əliyev İli”ni də doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışın davam edəcəyi il kimi qeyd edəcəkdir. Gələn il, həmçinin Ulu Öndərin anadan olmasının 100 illiyi dünya azərbaycanlıları tərəfindən də geniş şəkildə qeyd olunacaqdır.

Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Xalqımız hər zaman öz xilaskarını dərin minnətdarlıq hissi ilə xatırlayacaqdır. Nə qədər Azərbaycan var, nə qədər bu xalq var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Orxan İsmayılov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı