May ayının 10-da Cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qarabağın tacı Şuşa şəhərində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyini bir daha diqqət mərkəzinə çəkmiş oldu. Cənab Prezident İlham Əliyev Şuşanın tarixi Zəfərimizin rəmzi olduğunu vurğuladı. Şuşanın azad edilməsindən bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Son bir neçə gündə bilavasitə Prezident İlham Əliyevin iştirakı ilə 10 kəndin bünövrəsi qoyuldu. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır. Bu gün Qarabağ və Zəngəzur yenidən dirçəlir.
1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın Sovet İttifaqı dövründə ən qabaqcıl respublikalardan birinə çevrilməsinə nail olmuşdur. Müasir müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı da məhz o illərdə formalaşmışdır. Həmçinin 1982-1987-ci illər ərzində Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Nazirlər Sovetinin sədrinin birinci müavini işlədiyi müddətdə Ulu Öndər daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi.
Ulu Öndərimiz SSRİ rəhbərliyində məsul vəzifədə olduğu müddətdə düşmənlərimiz Azərbaycana qarşı heç bir addım ata bilmirdilər. Öz çıxışında cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı. Lakin Ümummilli lider Heydər Əliyevin SSRİ-nin siyasi hakimiyyətindən gedişi ilə öz xalqının azadlığı uğrunda mübarizədən çəkiləcəyini düşünənlər çox yanılmışdılar. Qanlı 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ümummilli Liderimiz çatdırmışdır. Ulu Öndər Heydər Əliyev yanvarın 21-də bütün risk və təhlükələrə rəğmən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. 1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəldi. Lakin o vaxtkı antimilli Azərbaycan rəhbərliyi Heydər Əliyevi özləri üçün əsl təhlükə kimi görürdülər. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyev Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. Tam blokadada olan Naxçıvanın gələcəyi ilə bağlı çox böyük təhlükələr mövcud idi. Bütün bu təhlükələrə rəğmən, Ulu Öndər Heydər Əliyev Naxçıvanı qorudu və inkişaf etdirdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına zəmin formalaşdırdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.
Cənab Prezident İlham Əliyevin Şuşa şəhərində çıxışında diqqət mərkəzinə çəkdiyi mühüm məqamlardan biri də bu gün ölkəmizdə görülən bütün işlərin təməlində
milli-mənəvi dəyərlərimizə bağlılığın durması barədə səsləndirdiyi fikirləridir. Prezident İlham Əliyev bildirdi ki, bu gün dünyada müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Azərbaycan isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməl üzərində qurur. Buna görə də Azərbaycan gəncliyinin öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlılığı hər zaman dövlətin xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində yetişmiş gənc nəsil İkinci Qarabağ müharibəsində böyük şücaət nümayiş etdirərək Vətən torpaqlarını düşməndən təmizlədi.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri