12 may 2023 00:47
651

Makrona xatırlatma: Tolerantlıq belə olar

Elə  ölkələr var ki, orada başqa xalqın nümayəndəsi yaşaya bilmir. Məsələn, hazırda heç bir xalqa, dini inanca hörmət etməyən Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Ancaq vaxt var idi  Hayastanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Dünyaya qan tökmək missiyası ilə gələn faşist ideologiyalı haylar onların hamısını öz yurd-yuvalarından didərgin saldılar. Üstəlik, bu proseslərdə “fəal” iştirak edənlərə abidələr ucaltdılar, onları milli qəhrəman kimi təqdim etdilər. Elə bu gün də haylar bu ənənələrini davam etdirirlər.

İndi Avropanın bəzi ölkələrində islamofobiya meydan sulayır, dinimizə qarşı çirkin əməllər törədilir, “Qurani-Kərim” yandırılır. Halbuki din müqəddəs və toxunulmazdır. Hər bir xalq, fərd öz növbəsində bütün inanclara hörmət etməlidir. Lakin görünür bəzi Qərb ölkələri bu hisslərdən çox uzaqdır. Məsələn, özünü dünyaya “tolerant” və “demokrat” kimi təqdim edən, təcavüzkar Ermənistana böyük rəğbətlə yanaşan Fransada digər xalqlara və din mənsublarına, xüsusilə müsəlmanlara münasibət heç də birmənalı deyil. Antisemitizmin də baş qaldırdığı bu ölkədə İslam və müsəlman əleyhdarlığı irqçilik səviyyəsinə yüksəlib. Hökumətin müsəlmanlara baxışı qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanmadığı üçün Fransada islamofobiya meyli gündən-günə güclənir. Bir neçə faktı qeyd edək. 2020-ci ildən  indiyədək bu ölkədə 89 məscid, 650-ə yaxın ibadət yeri bağlanıb. Hətta Fransada elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox. Bu səbəbdən də ölkədə İslam dininə mənsub olan insanların kütləvi köçü başlayıb. Bu prosesdə ermənipərəst mövqeyi ilə tanınan Fransa prezident Emmanuel Makronun “xidmətləri” ölçüyəgəlməzdir. Fransanın İkinci Qarabağ müharibəsi zamanı  torpaqlarımızın işğaldan azad edilməsinə qarşı çıxmasının, həmçinin müharibədən sonra haylara havadarlıq etməsinin əsasında məhz islamofobiya amili dayanır. Bu mənada Fransada islamo­fobiya artıq dövlət səviyyəsində təbliğ olunur desək, yanılmarıq. Fransa islamofobiyada tək deyil, Hollandiya, Belçika və Almaniya da bu məsələdə fərqlənir.

Amma sözdə demokratik dəyərlərdən dəm vuran həmin ölkələrdən fərqli olaraq, respublikamızda bütün xalqların, bütün dini konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə tarixin heç bir dönəmində dini və ya milli zəmində qarşıdurmalar,  ziddiyyətlər meydana çıxmayıb. Artıq bu faktı dünya miqyaslı ekspertlər, siyasətçilər, dövlət xadimləri də etiraf edirlər. Hazırda Qarabağ bölgəsində yenidənqurma işləri gedir. Erməni faşistləri tərəfindən viran qoyulmuş bir sıra dini məbədlərin, ocaqların təmiri artıq başa çatıb. Burada gedən işlər təkcə İslam dininə aid məbədləri, məscidləri deyil, həmçinin kilsələri də əhatə edir.

Şuşadan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bu məsələyə bir daha toxunan Prezident İlham Əliyev demişdir ki, bu, bizim həyat tərzimizdir, eyni zamanda, siyasətimizdir, həm də gücümüzdür: “Bu unikal ab-hava bu gün ölkəmizi gücləndirir. Bax, bu gün durduğum Şuşa şəhərinin mərkəzində bunu bir daha demək istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına biz bu gün burada dayanmışıq. Bu, böyük sərvətdir”. Bəli, istər Birinci Qarabağ , istərsə də İkinci Qarabağ savaşında ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri iştirak ediblər. 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında Ali Baş Komandana və ordumuza dəstək veriblər. Dövlət başçımız, həmçinin bildirmişdir ki, bu gün belədir, bundan sonra da belə olacaq: “Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik”. Bəli, həqiqətən də Azərbaycanda hökm sürən qarşılıqlı anlaşma, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir. Odur ki, bu amil  respublikamızın  inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır.

Qvami Məhəbbətoğlu, “İki sahil”