Bir neçə gündən sonra qardaş ölkədə - Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Bu seçkinin Türkiyə üçün nə qədər önəmli olduğunu, bəlkə də həyati əhəmiyyət kəsb etdiyini regionda və dünyada cərəyan edən geosiyasi proseslərdən az-çox məlumatı olan hər kəs başa düşür. Bu səbəbdən də təkrara yol verməyəcəyəm.
Mayın 14-də qardaş ölkədə keçiriləcək seçkilərin nəticəsi Türkiyə-Azərbaycan müttəfiqliyinin, regionun, Türk Dünyasının və bütövlükdə Avrasiyanın gələcəyini müəyyənləşdirəcək. Ola bilsin ki, bu yanaşmam kimlərəsə mübaliğəli görünsün, –imperializmin çeşidli epitetlərə bürünmüş mahiyyətini görə bilməyənlər, görmək istəməyənlər, yaxud dəyərsiz, kimliksiz və onurğasız yaşamaq, sürünmək yolunu seçənləri nəzərdə tutmuram – amma həqiqətin tam nütfəsini əks etdirir.
Mənim Türkiyənin hakimiyyət olimpinə can atanlarla – altılı masanın namizədi Kamal Kılıncdaroğlu, Məhərrəm İncə və Sinan Oğanla heç bir problemim yoxdur.

Məhərrəm İncə və Sinan Oğanla bir neçə dəfə görüşmüşəm, Kamal Kılıbcdaroğlu ilə isə yollarımız heç vaxt kəsişməyib. Və yaxşı ki, kəsişməyib. Ədəb-ərkan qaydalarını pozmaq istəmirəm, yoxsa son kəlməmi daha sərt ifadələrlə “süsləyərdim”.
...Doğrusu, 6 təkərli masanın diyircəkli oturacaqları üzərindən sola-sağa, mərkəzə ləngər vuran siyasətçilərin arasından həm ideoloji, həm də siyasi baxımdan baxış bucağıma yaxın məsafədə dayanan kimsə yoxdur. Varlığı ilə Türk Dünyasına düşmən kəsilən, Avropa İttifaqının qapılarında ən sonuncu pillədə “növbə tutmağı” ölkəsinə rəva bilən, Türkiyə ilə Azərbaycanın münasibətlərini dalana dirəmək üçün əlindən gələni əsirgəməyən, qardaş ölkəni ən ağır cinayətdə -soyqırımında suçlayan ermənilərlə qolboyun olmaq üçün dəridən-qabıqdan çıxan Əli Babacanın, “qonşularla “0” problem” şüarı altında Türkiyəni düşmən çəmbərinə atmaq istəyən, qardaş ölkənin mənsub olduğu coğrafiyadakı tarixi mövqelərini bərpa etməsinə maneə yaradan, əlini-qolunu qırıb Qərbin əsirinə çevirmək niyyəti güdən Əhməd Davudoğludan və digər üç təkərli “sandalya”nı “isidənlərdən” heç bir gözləntim yoxdur.

Kamal Kılıncdaroğluna gəldikdə isə, CHP liderinin və “altılı masa”nın namizədinin açıqladığı son plagiat xəritə, bu şəxsin Türkiyənin, Azərbaycanın, bütövlükdə Türk Dünyasının gələcəyi ilə bağlı mövqeyini tam çılpaqlığı ilə ortaya qoyur. Kamal Kılıncdaroğlunun “xəritəsi”ni sıradanbir cızmaqara saymıram. Heç öz ağlının da məhsulu hesab etmirəm. Bu “xəritə”nin Əhməd Davudoğlu ilə Əli Babacanın başının altından çıxdığına da şübhəm yoxdur. “Xəritə”ni onların başının altına hansı qütbdən qoyulduğu da bəllidir. Məsələ burasındadır ki, Kılıncdaroğlunun “xəritəsi”ndə özünü büruzə verən geosiyasi baxış bucağı, nəinki Türkiyə və Azərbaycanın, eləcə də digər türk dövlətlərinin Türk Dünyasının gələcəyi ilə bağlı müəyyənləşdirdikləri “yol xəritəsi”nin üzərindən xətt çəkilməsinə, hətta bu günə qədər həyata keçirilən bütün layihələrin məhv edilməsinə xidmət edir. O layihələr ki, Türkiyə-Azərbaycan ittifaqının təməlini təşkil edir, Türkiyəni bölgədə, xüsusilə də enerji və nəqliyyat dəhlizləri müstəvisində əsas söz sahibinə çevirib, qardaş ölkənin Avropanın enerji təhlükəsizliyindəki rolunu həyati əhəmiyyət kəsb edən bir səviyyəyə qaldırıb, Türk Dünyasının gələcəyinə olan inamı və etimadı, bütövlükdə Türk Birliyinin cazibədarlığını artırıb...

Bəzi həmkarlarımın qənaətinə görə, Kılıncdaroğlunun “xəritəsi”nin gün işığına çıxmasına zəmin yaradan amil onun Azərbaycana olan qəzəbidir. Bu qəzəb isə azərbaycanlıların mütləq əksəriyyətinin Rəcəb Tayyib Ərdoğana olan sevgisindən qaynaqlanır. Yəni səbəb qısqanclıqdır. Türkiyəyə son səfərimdə Kılıncdaroğlunun təsadüfən qarşıma çıxan tərəfdaşlarının atmacalarından da bu ikrah doğuran qısqanclığı hiss etmişdim. Hətta demişdim ki, “narahat olmayın, Azərbaycan vətəndaşlarının Türkiyədə keçirilən seçkilərdə səs vermək hüququ yoxdur. Amma kimi sevəcəyimizi, sayğı duyacağımızı biz özümüz müəyyənləşdiririk və bu haqqı kimsə əlimizdən ala bilməz”. Kılıncdaroğlu və ətrafındakılar balaca adamlardır. Şübhəsiz ki, düşüncə etibarilə... və müasur Türkiyənin qlobal baxış bucağını bu bapbalaca düşüncələrə sığışdırmaq mümkün deyil. Bu adamların Türkiyənin ali hakimiyyət kürsüsünə can atmaları - bir az kobud səslənsə də yazacağam – bilirsiniz nəyə bənzəyir? Elə bil 32 ölçülük bədən sahibi 56 ölçülü pencək daşımaq məcburiyyətində qalıb. Üzür içində... Sağa-sola vurnuxur, bir çiynini düzəldir, digəri aşağı düşür. Ətək dizdən aşağı sallanır...

Bir absaz öncə yazdığım kimi, seçim imkanımız olmasa da sevgi haqqımız var və bu sevgini zorla, qəzəblə, hikkəli açıqlamalarla, saxta vətənsevərliklə qazanmaq mümkün deyil. Bizim sevgimiz Rəcəb Tayyib Ərdoğanadır. Dualarımız da, həmçinin. Bircə səs vermək hüququmuz yoxdur. Ümid edirəm, Türkiyənin, Türk Dünyasının böyük gələcəyini düşünənlər bizim sevgimizi də öz səslərinə qatıb milli iradənin təntənəsinə imza atacaqlar.
...Sevgimizin səbəbi isə çox sadədir. Çünki, ilk növbədə qardaş Türkiyənin son 20 il ərzində nə qədər böyük məsafə qət etdiyini, Türkiyə-Azərbaycan münasibətlərinin addım-addım, pillə-pillə necə irəliyə aparıldığını, zirvəyə daşındığını bilirik, Türk Dünyasının işıqlı gələcəyinə aparan bu yolun Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin liderlikləri ilə bizi milli hədəflərə doğru apardığına zərrə qədər də şübhəmiz yoxdur.
Nə üçün Ərdoğan? Ola bilsin ki, yazımı nəzərdən keçirənlər, indi çoxlarını düşündürən bu suala cavab tapmaq istəyirlər. Olsun. Təbii ki, mən öz subyektiv fikirlərimi yazacağam. Vaxtilə, Kəlbəcərin Ermənistan tərəfindən işğal olunduğu zaman kəsiyində Türkiyənin Azərbaycana odun-alovun altında qalan uşaq və qadınları, ahıl insanları döyüş bölgəsindən çıxarmaq üçün iki mülki helikopter vermək cəsarətində olmadığını, Azərbaycan torpaqlarının işğalı dövründə Avropa İttifaqından və Rusiyadan gələn telefon zənglərinin qarşılığında işğalçı ölkənin vətəndaşlarını və təcavüzkar ordunu yemləmək üçün Türkiyədən Ermənistana 41 min ton taxıl göndərildiyini və sair bu kimi, artıq hər kəsin bildiyi həqiqətlərin detalları haqqında yazmayacağam.
...Söhbət Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə haradan haraya gəldiyindən gedir. Türkiyənin Azərbaycanın haqq davasında verdiyi dəstək, sadəcə qardaşın qardaşa olan münasibətinin göstəricisi kimi dəyərləndirilməməlidir. Bu, ilk növbədə Türkiyənin qət etdiyi məsafənin, vardığı müstəqil qərar qəbul etmək məqamının, milli iradəni ifadə etmək cəsarətinin və potensialının göstəricidir.
İndi əks mövqedə dayananlar sosial problemlərdən, infilyasiyadan, bahalaşmadan danışacaq və ya yazacaqlar. Evlərindən, yaşadıqları kənd və ya şəhərdən, ölkədən ayaqlarını bir addım kənara qoymadan dəyərləndirmələr aparacaq, öz mövqelərinə uyğun qənaətlər çıxaracaqlar. Amma 20 il bundan öncəki Türkiyəni, ölkənin ən adi vəziyyətlərdə kənardan müdaxilələr nəticəsində necə sarsıldığını, qardaş ölkənin iqtisadiyyatının kiçik bir həmlə ilə necə alt-üst olduğunu, terrorçuların və onların arxasında dayanan qüvvələrin öz şərtlərini necə asanlıqla diqtə etdiklərini, ordunun və müdafiə sənayesi kompleksinin durumunu və daha nələri bəziləri xatırlamaq istəməyəcək.

Vaxtilə rəsmi Parisin qadağasına görə, mühərriki Fransandan gələn özüyeriyən topları Azərbaycana sata bilməyən Türkiyə indi dünyanın ən böyük silah ixracatçılarından birinə çevrilməkdədir. Türkiyənin istehsal etdiyi Pilotsuz Uçuş Aparatları (PUA) və digər modern hərbi texnika dünya müdafiə sənayesi komplekslərinin yönünü, döyüş əməliyyatlarının mahiyyətini dəyişib.
Rəcəb Tayyib Ərdoğan Türkiyəni telefon zəngləri ilə öz maraqlarına zidd addımlar atan, dost və qardaş bildiklərinə yardım etməkdən, zülmə məruz qalanlara dəstək verməkdən vaz keçən bir ölkədən öz ayaqları üzərində dimdik durmağı, özünün və müttəfiqlərinin mənafeyini dünyanın dörd bir yanında qorumağı bacaran qüdrətli, qürurlu bir dövlətə çevirməyi bacarıb.

Rəcəb Tayyib Ərdoğan türk xalqının Çanaqqala ruhunun yenidən oyanmasına, Türkiyənin layiq olduğu məqama yüksəlməsinə, bütün dünyada söz sahibinə çevrilməsinə, haqqın, ədalətin yanında dayanmaq gücünə və iradəsinə sahiblənməsinə nail olub.
Rəcəb Tayyib Ərdoğan Türkiyəni nəhəng bir coğrafiyada zülmə məruz qalanların, əzilənlərin ümid yerinə çevirib və uzun illər boyu haqsızlığın dəmir məngənəsində boğulan on, bəlkə də yüz milyonlarla insana böyük və işıqlı gələcəyin, inkişafın səmtini, yolunu nişan verib. Əzilənlərə, haqqı tapdalanlara sonunadək mübarizə aparmaq, zülmə qarşı dirəniş göstərmək nümunəsini göstərib, özgüvən bəxş edib!
...Bu baxımdan, hesab edirəm ki, Türkiyə və Azərbaycan liderlərinin Heydər Əliyevin “Bir millət – iki dövlət” fəlsəfəsi üzərindən həyata keçiridikləri, Türk Dünyasının böyük gələcəyinə, inkişafına, əbədi birliyinə doğru aparan, Zəngəzur dəhlizindən, qədim türk yurdlarından keçən YOL eyni iradə, əzm və qətiyyətlə davam etdirilməlidir.
Mən sevgi haqqımdan istifadə edərək, qəlbimin səsiylə RƏCƏB TAYYİB ƏRDOĞAN dedim!
Seçim isə, şübhəsiz ki, qardaş Türk xalqınındır!
Elçin Mirzəbəyli
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri