12 may 2023 01:14
666

Tarixi Zəfərimizin Şuşa zirvəsi

Nəhəng qurucu­luq işləri nəticəsində bu şəhər sürətlə tarixiliklə müasirliyin qovuşduğu bir mə­dəniyyət paytaxtına çevrilir

“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır, desək yanılmarıq.

Üç onillik idi ki, biz bu yerlərə ayaq basa bilmirdik, çünki Şuşa işğal altında idi. Ancaq  qəlbən heç vaxt Şuşadan ayrı düşməmişdik, xəyallarımız həmişə bu yerlərdə gəzib dolaşırdı. Uzun illər ərzində biz Şuşanın işğal altında qalması ilə barışmadıq, səbirlə, inadla bu əzəli diyarımıza mütləq qayıdacağımıza inandıq. Bu xoşbəxtliyi isə qəlbi Şuşa ilə döyünən, ata vəsiyyətini yerinə yetirən Müzəffər Liderimiz İlham Əliyev bəxş etdi.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa dirçəlib, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilib. Dövlət başçısı İlham Əliyevin təkcə son səfəri çərçivəsində atılan addımların, görülən işlərin xronologiyasına diqqət yetirdikdə onların miqyasının nə qədər böyük olduğunu görürük.

Şuşa bu gün yenidən qurulur, mədəniyyət paytaxtında şəhərin əsl tarixi simasının bərpası istiqamətində bir-birinin ardınca nəhəng layihələr gerçəkləşdirilir. Bu layihələr sırasında qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair, ictimai xadim Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin əvvəlki görkəminə geri qaytarılması, dahi Üzeyirin heykəlinin, Bülbülün ev-muzeyinin və heykəlinin açılışları, həmçinin Şuşadakı tarixi, dini və memarlıq abidələrinin bərpası, erməni vandalizminin qurbanı olan tarixi Şuşa məktəbinin yenidən inşası burada aparılan kompleks quruculuq, bərpa işlərinin tərkib hissəsidir. Quruculuq işləri ilə paralel olaraq Qarabağda, Şuşada böyük tarixi və mədəni əhəmiyyət kəsb edən layihələrin icrası, tədbirlərin keçirilməsi bu cənnət diyarın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin yenidən bərpa olunaraq təşkili, Cıdır düzündə gerçəkləşən, ruhumuza toxunan “Bayatı-Şiraz”ın əks-sədası ilə nəinki Qarabağa, bütün dünyaya səs salan məşhur “Xarıbülbül” musiqi festivalı bütün dünyaya verilən mesaj idi. Xüsusilə Ermənistanın havadarlarına, münaqişənin həllində hərb yolunun olmadığını bildirən dövlətlərə mesaj idi: hərb yolu ilə, oğullarımızın qanı bahasına haqqımız olan ata-baba torpaqlarımızı azad etdik və bu gün burada, öz torpağımızda milli-mənəvi dəyərlərimizə sahib çıxırıq. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

2022-ci ilin aprelin 22-23-də Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi də bundan xəbər verir. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Şuşada bir araya gələrək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi bəyan etdilər, şanlı Qələbəmizin rəmzi olan “dəmir yumruğ”un gücümüzün sübutu olduğunu bir daha dünyaya çatdırdılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfərləri çərçivəsində burada ayrı-ayrı ünvanlarda reallaşdırılan yeni layihələrin icra vəziyyəti ilə tanış olublar, həmçinin bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərinə qatılıblar. Şuşanın bərpası və yenidənqurulması planı çərçivəsində icra olunan layihələr paralel şəkildə bir neçə mühüm istiqamətdə aparılır. Bu istiqamətlərdən biri də şəhərdə dayanıqlı infrastruktur quruculuğunu əhatə edir.

Şuşanın bərpasına birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri də kifayət qədər böyükdür. Fond işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.

Bu gün Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Artıq bu unikal şəhərdə “Xarıbülbül” musiqi festivalı, həmçinin Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. Mayın 3-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən və ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasətinin uğurlarına işıq saldı.

Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Şuşadan müraciət etməsi təsadüfi deyildi. Bunun rəmzi mənası var. Dövlət başçımız bununla “ata vəsiyyəti”nin yerinə yetirildiyini bir daha bəyan etmiş oldu. Ulu Öndərin Şuşanın azad edilməsinə böyük ümidləri var idi və o, hər zaman Qarabağı, Şuşanı azad görməyi arzulayırdı. Bu arzu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən uğurla reallaşdı. Dövlət başçımızın da söylədiyi kimi, Ulu Öndərin ruhu şaddır. Çünki böyük çətinliklərdən keçmiş, müstəqilliyini qoruyub saxlaya bilən Azərbaycan etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin quruculuq işləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Göründüyü kimi,  bu gün böyük fəxrlə, sonsuz qürur hissi ilə tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verməklə, dünya hərb tarixində belə bir ilkə imza atdı. Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz bununla həm iqtisadi və maliyyə imkanlarını dünyaya təqdim etdi, eyni zamanda, qurucu xalq olduğumuzu təsdiqlədi. 30 illik işğal dövrünün dağıntılarını bərpa-quruculuq işləri, soydaşlarımızın torpaq həsrətini Böyük Qayıdış əvəzləyir.

Yaqut Ağaşahqızı, “İki sahil”