İkinci Qarabağ savaşında tarixi Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri, bu ərazilərin gələcək inkişafının, malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi üçün zəruri addımların atılması, infrastrukturun yenilənməsi, bir sözlə, soydaşlarımızın Böyük Qayıdışı üçün bütün tədbirlərin həyata keçirilməsi özlüyündə dünyaya bir mesajdır: Azərbaycan qurucu dövlət, xalqımız yaradıcı olmaqla yanaşı, həm də bu torpaqların sahibidir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası istiqamətində görülən işlərin miqyası çox genişdir. Bu ərazilərdə həm yenidən qəsəbələr, kəndlər, yaşayış massivləri salınır, həm ictimai iaşə, həm istehsalat-sənaye müəssisələri, parkları yaradılır. Bir sözlə, bu gün azad ərazilərdə hər şey sıfırdan qurulur. Bu istiqamətdə dövlətin həyata keçirdiyi layihələr, proqramlar çox əhəmiyyətlidir və bölgənin gələcək inkişafı üçün gərəklidir. Heç şübhəsiz ki, burada əsas hədəflərdən biri bölgədə liberal iqtisadiyyatın genişlənməsi və sahibkarların iştirakını təmin etməkdir. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərmanının əhəmiyyəti danılmazdır. Bildiyimiz kimi, sözügedən tarixdə Prezident sərəncamına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 1,5 hektar sahədə mobil şəhərcik salınıb. Şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. Tikinti aparılacaq sahənin və mobil şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 2 ədəd 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib. Sənaye Parkında inzibati binanın tikintisi işləri aparılır, binanın beton konstruksiya və hörgü işləri tamamlanıb. Həmçinin 110/35/6 kV-luq elektrik stansiyasının özülündə qazıntı işlərinə və su anbarının tikintisinə başlanılıb.
Məlum olduğu kimi mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış oldu, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoydu. Bu bir daha göstərdi ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq var. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq. Sənaye Parkının prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək tədbirləri göstərilir. Belə ki, bu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştlər də daxildir.
Xatırladaq ki, hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir. Azərbaycanda sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Agentliyin idarə heyətinin sədri Elşad Nuriyevin bildirdiyinə görə, sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb. Bunun da hesabına ölkədə 10 min 400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən, ümumilikdə, 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür. Ötən il sənaye parklarının rezidentləri tərəfindən satış 20,6 faiz, ixrac isə 10,8 faiz artıb.
Sevinc Azadi, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri