11 may 2023 23:15
534

Şuşanın Azərbaycan tarixində əvəzsiz yeri var

Ulu Öndərimiz Heydər Əliyev də tarix yaradan, xalqa inam, ruh verən dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.

Ancaq Ulu Öndərin həyatının bir çox məqamları vardır ki, onları məhz rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Qəhrəmanlıq anları, zamanı və hadisələri qabaqlayaraq dediyi kəlimələr, tarix yaratmaq bacarığı onun - Heydər Əliyevin mənalı həyatının hər gününun, hər anının unudulmaz tarix olduğunu sübut etmişdir.

Bildiyimiz kimi, Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfransın Şuşada keçirilməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək olmuşdur.

Cənab İlham Əliyev konfransda iştirak etmiş, çıxışı zamanı bildirdi ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur və bu il Ulu Öndərin  100 illik  yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.

Müzəffər Ali Baş Komandanın Şuşadan Ermənistana və havadarlarına ünvanladığı mesajlar Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Dahi şəxsiyyət Heydər Əliyev istər ölkə daxilində, istərsə də onun hüdudlarından  uzaqlarda Azərbaycanın ağır günlərində xalqın harayına çatmış, bütün səy və bacarığı ilə dövlətçiliyimizi, müstəqilliyimizi, mövcudluğumuzu qoruyub saxladı, demokrtaiyanın inkişafına, insan hüquqlarının bərqərar olmasına nail oldu, iqtisadiyyatı bərpa etdi, işıqlı gələcəyimiz naminə gecə-gündüz çalışdı, bütün ömrünü xalq xidmətə həsr etdi.  Ümumilli Liderin əsas amalı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünə nail olmaq idi. Elə bir beynəlxalq səviyyəli görüş olmayıb ki, orada Azərbaycanın haqq işi, üzləşdiyi işğal məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən gündəmə gətirilməsin.

Ulu Öndərin anadan olmasının 100-cü ildönümündə biz böyük qürur hissi ilə deyə bilirik ki, müstəqil Azərbaycan ən qüdrətli dövrünü yaşayır və getdikcə ölkəmiz daha da güclənir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, məhz Ulu Öndərin yolu Azərbaycanı belə bir inkişafa gətirib çıxarıb.
30 ilə yaxın dövrdə tam dağıdılmış Qarabağ və Şərqi Zəngəzur sürətlə cənnətə çevrilməkdədir. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Bölgədə yeni reallıqlar yaradan Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa planları kifayət qədər genişdir. Yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir.

Son bir neçə gündə Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməli qoyuldu. Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirak etdi. Bu isə o deməkdir ki, bərpa-quruculuq işləri də sürətlə və plan üzrə davam edir. Şuşanın yenilənən siması Azərbaycanın gücünü göstərir. Dövlət başçımızın Şuşadan verdiyi mesajda da qeyd olunduğu kimi, “ bu zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq”.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı