11 may 2023 10:54
765

Ulu Öndər və Azərbaycançılıq ideologiyası

Müstəqil dövlətə sahib olmaq Tanrının yer üzərində yaşayan, heç də bütün millətlərə nəsib etmədiyi müqəddəs bir nemətdir. Xalqlar öz azadlıqları uğrunda mübarizələr aparmış, bəzən müstəqillik hədəflərinə çatsalar da, bir çox hallarda bu arzu onların gözündə sadəcə arzu olaraq qalmışdır. Azərbaycan xalqı da əsrlər boyu müstəqillik  və milli dövlətçilik yolunda əzmlə mübarizə aparmış, bu yolda qurbanlar belə verməkdən çəkinməmişdir. XX əsrdə milli dövlətçiliyimizin təməllərinin formalaşdırılmasında, eləcə də Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsində dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin müstəsna, əvəzolunmaz xidmətləri olmuşdur. Məhz Ulu Öndərin uzaqgörən, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasi gedişləri sayəsində  ölkəmiz nəinki öz müstəqilliyini qoruyub saxladı, həm də bü gün sürətli tərəqqi yollarında qətiyyətlə addımlayan, uğurlarını sıralamaqda olan Azərbaycan Respublikasının strateji inkişaf kursunu müəyyənləşdirdi. Bütün bunların sayəsində Azərbaycançılıq məfkurəsi cəmiyyətimizdə hakim ideologiyaya çevrildi.

Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq ideologiyasının və onun mühüm tərkib hissəsi olan Multikulturalizm siyasətinin banisidir. Ümummilli Liderimiz dönə-dönə vurğulayırdı ki, xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir. Tarixə nəzər salarkən görürük ki, Azərbaycan xalqı digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Avropa ilə Asiyanın qovuşuğunda, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinlərinə etiqad edən insanlar əsrlər boyu qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamışlar. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir. Həqiqətən də Vətənə sevgi, torpağa sədaqət ən ülvi xüsusiyyətdir.

Milli məfkurəmizin əsasını təşkil edən Azərbaycançılıq ideologiyası bu gün də Ulu Öndər Heydər Əliyevin  siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə Prezidenti Cənab İlham Əliyev qeyd edir: “Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir”. Bizim vəzifəmiz bu gündən sonra da azərbaycançılıq məfkurəsini davam və inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşmək və Azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməkdir.

Ümummilli Lider Heydər Əliyev çətin tarixi-siyasi situasiyalardan böyük ustalıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və böyük tarixi təcrübə, qoyub getmişdir. Çünki Azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, bütün varlığında idi.

Zaman keçdikcə Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsbiq edir.

Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi