10 may 2023 21:40
592

Ulu Öndərin Azərbaycan xalqının həyatında rolu misilsizdir

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz sərvətdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz Onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli Liderin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaq. Heydər Əliyevin rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı. Məhz o, ölkə rəhbərliyinə gəldikdən sonra Azərbaycanın iqtisadiyyatının, siyasi sisteminin və ictimai həyatının dərindən modernləşdirilməsi prosesi başlandı.

Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyətə ən çətin vaxtlarda, ölkənin vətəndaş müharibəsi və tam parçalanma ərəfəsində olduğu bir vaxtda qayıtdı. Xalqın təkidli tələbi ilə.  Azərbaycan xalqı əmin oldu ki, milli dövlətçilik parçalanmaq təhlükəsi ilə üz-üzədir. Ən ağır günlər gələndə taleyini yenidən Heydər Əliyevə tapşırdı.  Xalq Heydər Əliyevin qayıdışını ümid və sevinclə qarşıladı. Prezident Heydər Əliyev ölkəni xaosdan, anarxiyadan, müstəqilliyi itirməkdən xilas etdi. Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.

Heydər Əliyevin bütün fəaliyyəti xalqının inkişafına, xoşbəxt gələcəyinə xidmətə həsr olunub. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişi ilə bütün sahələrdə sürətli inkişaf dövrü başlayıb. O, Azərbaycanda təhsilin bütün pillələrinin inkişafına davamlı olaraq diqqət göstərirdi. Ulu Öndərin xüsusi diqqəti nəticəsində istər məktəbəqədər, istər ümumi təhsil, istər peşə və istərsə də ali təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikintisi, peşə təhsilinin genişləndirilməsi, həmçinin ali təhsil ocaqlarının yaradılması və yeni profilli ixtisasların açılmasının mümkünlüyünü təmin etmək məqsədilə kafedraların, laboratoriyaların yaradılması, güclü elmi-pedaqoji kadr potensialının formalaşdırılması istiqamətində ciddi işlərə imza atılmışdı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyi və yorulmaz zəhməti qarşılığında ötən əsrin 70-80-ci illərində məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırıldı, həmin müəssisələrdə təlim-tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə yüksəldi. Heydər Əliyev ümumi təhsilin inkişafı istiqamətində də ardıcıl qərarların qəbul edilərək icra edilməsinə nail ola bilmiş, həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəlişi ciddi şəkildə təmin edilmişdi. Həmin illərdə Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatdırılmışdı. Bu, məktəblərin əhatə dairəsinin 3 dəfə genişlənməsi deməkdir. 

1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl təhsil təcrübəsi olan ölkələrin və beynəlxalq təcrübənin öyrənilərək milli təhsil islahatlarının hazırlanmasında tətbiqi ilə bağlı çoxsaylı qərarlar qəbul edilmişdi. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 30 mart tarixli Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il 15 iyun tarixli Sərəncam ilə təsdiq olunaraq uğurla icra edildi.
2002-ci il oktyabrın 4-də Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam təhsil infrastrukturunun yenilənməsinə ciddi töhfələr verdi. Müasir məktəb komplekslərinin tikintisi, əsaslı təmiri və infrastruktur təminatı ölkəmizin gələcəyi olan uşaqların daha keyfiyyətli təhsil almalarına hədəflənirdi.  1993-2003-cü illərdə təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərə nümunə olaraq 200 yeni məktəb binasının tikilərək istifadəyə verilməsini, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bölgələrdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edilməsini, istedadlı uşaqlarla iş sahəsində xüsusi proqramların tətbiqi nəticəsində 12 minə yaxın şagird tutumlu 30-a yaxın və gimnaziya yaradılmasını göstərə bilərik.

Heydər Əliyevin Azərbaycan xalqının həyatında rolu misilsizdir. Xalq bu gün liderinin doğum gününü qeyd edir. Ancaq Qalib xalq kimi qeyd edir. Bu gün Azərbaycan xalqının böyük oğlunun ruhu şaddır. Bu gün əcdadlarımızın ruhu şaddır. Müstəqil Azərbaycanın qurucu Prezidenti, xalqın qəhrəman övladı, mahir Sərkərdə İlham Əliyevin Şuşadan Azərbaycan xalqına etdiyi müraciətdə səsləndirdiyi fikirlər bir daha xalqımızın, dövlətimizin nə qədər güclü olduğunu sübut etdi.

Fərahim Rəhimzadə,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi