Prezident İlham Əliyev: Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur
Prezident İlham Əliyev mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına etdiyi müraciətdə deyib: «…Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir».
Bəli, bu gün Azərbaycan bölgədə iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövlətdir. Xüsusilə, ötən il ölkəmizin ümumi daxili məhsulunun (ÜDM) rekord həddə-134 milyard manata çatmasını, xarici ticarət dövriyyəmizin 50 milyard dolları ötməsini də müsbət tendensiya kimi dəyərləndirmək olar. Ona görə ki, bu inkişaf birmənalı olaraq ölkə əhalisinin rifah halını yüksəltməyə xidmət edir. Eyni zamanda, bu, bir gerçəklikdir ki, sosial rifahı yüksək olan vətəndaşın dövlətinə inamı da güclü olur və o, özünü daha inamlı və güvənli hiss edir.
Düzdür, ötən il Azərbaycanda bəzi iqtisdai problemlər də mövcud olub. Belə ki, 2022-ci ildə ölkəmizdə infilyasiyanın həddi 13, 9 faizə çatıb ki, bu da əvvəlki ildəkilərdən xeyli çoxdur. Təbii ki, son dövrlərdə dünyada baş verən müharibələr və hərbi qarşıdurmalar qlobal iqtisadiyyata da mənfi təsirlərini göstərib. Hətta ən qabaqcıl ölkələrin iqtisadiyyatı bu hadisələrdən zərər görüb. Xüsusilə həmin ölkələrin bəzilərində inflyasiya 20-25 faizdən yuxarı olub. Məhz Prezident İlham Əliyevin sosialyönümlü siyasəti nəticəsində inflyasiyanın vətəndaşların həyat şəraitinə mənfi təsirlərinin aradan qaldırılması üçün ciddi addımlar atılıb. Belə ki, 2023-cü ilin yanvarın 5-də ölkə başçısının Sərəncamı ilə minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata, eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatdırılıb. Bundan başqa, minimum əməkhaqqının artırılması ilə ünvanlı sosial yardımın həcminin artırılması da reallaşıb. Hazırda 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır. Bu yardımın məbləği də 15 faiz artırılıb. İndi hər bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir.
Azərbaycan dövlətinin sosial siyasətində şəhid ailələri və müharibə əlillərinə dəstək də xüsusi çəkiyə malikdir. Məhz bunun nəticəsidir ki, 2022-ci ildə bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib. 2023-cü ildə isə daha 1500 mənzil verilməsi planlaşdırılıb və artıq onun 500-ü verilib. Eyni zamanda, bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib ki, onun təxminən 25 -30 faizi şəhid ailələrinə və qazilərə aiddir.
Prezident İlham Əliyev 10 may müraciətində 2023-cü ildə Böyük Qayıdış üçün genişmiqyaslı işlərin həyata keçiriləcəyini də bildirib: «Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.»
Məhz bu uğurlu göstəricilərə rəğmən demək olar ki, hazırda Azərbaycan iqtisadi yüksəlişinin yeni mərhələsindədir. Eyni zamanda, bu tendensiyanın davamlı olması üçün bir çox iqtisadi əsasların da mövcudluğu inkişaf üçün yeni imkanlar açır.
Elçin Zaman, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri