11 may 2023 01:56
509

Qubad İbadoğlunun partiyasında istefa dalğası güclənir

Onun ADR-i Azərbaycanı hədəf seçən bəzi beynəlxalq güclərin alətinə çevirərək onlardan aldığı qrantları özünün və ailəsinin rifahı üçün xərcləməsi partiya üzvlərini hiddətləndirib

Azərbaycan əleyhdarı olan qüvvələrin maşası rolunu oynayan, onlardan aldıqları çirkli qrantların müqabilində Vətənini, xalqını hər an satmağa hazır görünən, “demokrat” mantiyasına bürünən antimilli liderciklərin maskası yırtıldıqca əsl sifətləri, simaları üzə çıxır. Erməni lobbisinin inhisarında olan bəzi xarici təşkilatların direktivləri ilə hərəkət edən belələrinin və onların tör-töküntülərinin bu gün xaricdəki ağalarının gözünə girmək üçün çörəyini yeyib, havasını udduqları ölkəmizin əleyhinə təbliğat kampaniyasını davam etdirmələri cəmiyyətimiz tərəfindən qəzəblə qarşılanır.

Radikal müxalifət düşərgəsində təmsil olunan partiya rəhbərlərinin belə xəyanətkar əməlləri hətta həmin qurumlardakı sıravi üzvlərin hiddətinə səbəb olur. Buna görə də son vaxtlar onsuz da sosial baza sarıdan korluq çəkən həmin partiyalardan kütləvi istefalar baş verir.

Bu günlərdə ADR Partiyasının sədri Qubad İbadoğlunun fəaliyyətinə etiraz olaraq təşkilatın İdarə Heyətinin üzvü İsmayıl Nəzirlinin istefa verməsi ilə bağlı bəyanatla çıxış etməsi bunun əyani təsdiqidir. Yeri gəlmişkən, İ.Nəzirlinin bəyanatına digər təşkilat üzvləri də qoşulublar. İ.Nəzirli bəyanatı “Facebook” hesabından paylaşıb. Bəyanatda bildirilir: “Əziz media nümayəndələri. Quruculuğunda yaxından iştirak etdiyim ADR adlı hərəkatın (sonra partiya) yaradılmasından bizi 9 il zaman ayırır. Biz bir qrup şəxs Müsavat partiyasından ayrılaraq ADR hərəkatını yaratdıq. Hərəkatı yaratdığımızda hesab edirdik ki, nəhayət respublikamızda demokratik prinsiplərlə idarə olunacaq bir siyasi partiyanın əsası qoyula bilər. Zatən təşkilatın qurulmasının ideya müəllifi olan dostlarım və mən bunu hədəf götürmüşdük. Qubad İbadoğlu faktiki olaraq bu təşkilata rəhbərliyi qiyabi həyata keçirirdi. Əsas yük təşkilatın qurucularının çiynində idi. ADR partiya olandan sonra təşkilatda hərc-mərclik, qeybət, yalançı təbliğat işə düşməyə başladı. Bir qrup şəxs Qubad İbadoğlunu öz mənasız tərifləri ilə şar kimi şişirtməyə başladılar. Təşkilat tədricən yanlış yola qədəm qoymağa başladı, avantüristlər önə çıxdı, səmimi hərəkatçılar sıxışdırıldı. Təşkilata ağına-bozuna baxmadan, sıra sayını artırmaq prinsipi ilə digər partiyalardan qovulanları, kriminalları belə üzv qəbul etməyə başladılar. Qubad İbadoğlunun susqunluğu, tez təsir altına düşməsi, öz merkantil maraqlarına xidmət etməsi, bu işlərə daha da rəvac verdi. Bu isə təşkilatda sınanmış hərəkatçıların haqlı etirazına səbəb olmağa başladı”.

Bəyanatda qeyd edilir ki, Q.İbadoğlunun ümumiyyətlə lider keyfiyyətləri yoxdur və yalnız şəxsi maraqlarını düşünən bu şəxs çox təəssüflər olsun ki, təşkilata gəlir mənbəyi kimi baxır. Bildirilir ki, Q.İbadoğlu təşkilatı Azərbaycanı hədəf seçən bəzi beynəlxalq güclərin alətinə çevirərək, onlardan aldığı qrantları özünün və ailəsinin rifahı üçün xərcləyir, yalnız özünün və övladlarının gələcək karyerasını qurmaq üçün istifadə edir.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan əleyhinə olan güclərdən təlimat və qrantlar alaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Q.İbadoğlunun pratiyasında baş verən neqativ proseslər istefaların kütləviləşməsinə və təşkilatın dağılmasına gətirib çıxaracaq. Belə də olmalı idi. Atalar yaxşı deyib: “Nə əkərsən onu da biçərsən”.

Zahid Rza, “İki sahil”