Əks təqdirdə onun-bunun hesabına mövcud olan sınıq-salxaq dövlətçiliyini də itirə bilər
Üç ilə yaxınlaşır ki, hayların çıxdıqları bütün hoqqaların zərbələri bumeranq kimi qayıdıb özlərinə dəyir. Bu, həm də hayları başa salır ki, onların nicatı təhlükəli oyunlar oynamaq deyil, yalnız sülhdədir. Nə qahmar çıxanların, nə Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik toxumları səpənlərin, nə də qızışdırıb yeni müharibəyə təhrik edənlərin ağılsız planları və hərəkətləri Hayastana səadət gətirməyəcək. Əgər haylar yenidən müharibəyə başlayarlarsa onda sınıq-salxaq dövlətçiliklərini də itirə bilərlər. Siyasətdən xəbəri olmayan sadə ermənilər də artıq belə düşünür və danışırlar. İrəvanda və ayrı-ayrı rayonlarda özünü radio və televiziya kanallarına təqdim edən bir çox haylar açıqca deyirlər nə qədər ki, sülh yoxdur gündüzlər ümidsizlik və təşviş içərisində yaşayır, gecələr də qorxudan gözlərinə yuxu getmir.
Zaman keçdikcə bəhanələrin bitdiyini görən Hayastan rəhbərliyi artıq sülhə getməyin vacibliyini anlayır və məcburən ona doğru addım atır. Çünki başqa çarə görünmür. Görünən odur ki, dünənə qədər Ermənistana dəstək verən xarici himayədarlar Azərbaycanın İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəsindən sonra geri çəkiliblər. Ermənistan həm döyüş meydanında, həm də beynəlxalq arenada gözləmədiyi ağır məğlubiyyətə uğradıldı. Otuz illik gərginlik işğalçını ayılmağa, öz yerini tanımağa vadar etdi. Revanşistlər və daşnaklar nə qədər çabalayıb vəziyyətdən çıxmağa çalışsalar da “”dəmir yumruğun” qorxusu onları da yerində oturtdu. İndi gündəmdə sülh məsələsi durur. Ermənistanın tərəddüdlərə son verib sülhə gəlməkdən başqa çarəsi qalmayıb. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar iki Qafqaz ölkəsində sülhün və sabitliyin təmin olunmasına dəstəklərini ifadə edirlər.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel artıq Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşünün Brüsseldə baş tutacağını, daha sonra isə üçtərəfli formatda Moskvada davam etdiriləcəyini bildirib."
Bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib. O, Vaşinqtonda danışıqların dörd gün davam etdiyini xatırladaraq, bunun ilk dəfə baş verdiyini bildirib: “Sülh prosesini irəlilətmək cəhdlərimiz artıq müsbət faktdır. Digər tərəfdən, heç kim möcüzə, bütün problemlərin həllini gözləmirdi”.
Əlbəttə, saysız-hesabsız narahat olaylardan sonra məsələnin cəmi bir neçə günün içərisində həll olunacağını düşünmək sadəlövhlük olardı. Çünki məğlub Hayastan özünü həyasız apararaq sülh danışıqlarını qəsdən pozmuşdur. Bu taktikadan onlar 1994-cü ildən etibarən istifadə edirlər. Hətta BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq təşkilatların qanuni tələblərini belə müxtəlif əsassız və gülünc bəhanələrlə yerinə yetirməkdən boyun qaçırmışlar. Artıq heç bir dövlət və beynəlxalq qurum Ermənistanın səmimiyyətinə və dürüstlüyünə inanmır. Yəni, bu qədər "dərinə işləmiş yaranın" belə tez yaxşılaşması mümkün deyil. Burada lazımi hazırlıq işləri mərhələli surətdə, qarşılıqlı razılaşma əsasında aparılmalı, məqbul qərarlar qəbul edilməlidir.
Paruyr Ovannisyan əlavə edib ki, işlər davam etdiriləcək: “Siz artıq həm ABŞ-ın, həm də iştirakçı ölkələrin rəsmi bəyanatlarını oxumusunuz: sülh gündəmini mümkün qədər irəli aparmaq üçün hər tərəfdən hər cür səy göstərildiyini gördünüz. Suallar çoxdur, lakin danışıqların belə intensivliklə davam etməsi artıq yaxşı əlamətdir”.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra keçirilən brifinqdə deyib: "Ötən həftə müzakirələr konstruktiv keçdi. Hesab edirik ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər". Vedant Patel qeyd edib ki, hər iki ölkə prinsipcə müəyyən şərtlərlə razılaşıb və bir-birinin nöqteyi-nəzərini daha yaxşı başa düşür. Onun sözlərinə görə, ABŞ əlavə xoş niyyət ilə razılaşmanın əldə edilə biləcəyinə inanır: "İki ölkə davamlı sülhü təmin etmək üçün dialoqa davam etdiyi müddətdə biz tam dəstəyimizi verməyə davam edirik", - deyə o bildirib. Tərəflərin danışıqları davam etdirəcəyini qeyd edən Vedant Patel ABŞ-ın bunu alqışladığını bildirib: "Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır".
Əlbəttə, inam yaxşı şeydir, ancaq Moskvada indiyədək aparılmış danışıqların bəzi vaxtlar müsbət nəticələnməməsi gələcək danışıqlara dumanlı xarakter verir. Rusiya-Azərbaycan-Ermənistan dövlətlərinin başçılarının görüşlərindən birində irəli sürülən "Qarabağın statusunun gələcəyə saxlanması" təklifi danışıqların bütün nəticələrinin üstündən bir xətt çəkdiyini unutmamışıq. Ona görə də budəfəki Moskva danışıqlarının nə ilə nəticələnəcəyi bir qədər müəmmalı görünür. Bütün hallarda Azərbaycan öz mübarizəsini davam etdirməklə bərabər, yaxındakı görüşü gözləyir.
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri