ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda dördüncü beynəlxalq konfransda xarici qonaqların suallarını cavablandıran, adı çəkilən düzəlişə münasibətini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bizim artıq bu yardıma ehtiyacımız yoxdur.
Bu günlərdə ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. ABŞ-ın dövlət katibi Entoni Blinken və Birləşmiş Ştatlar Prezidentin köməkçisi, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın da iştirak etdikləri görüşlərdə bəzi məsələlər müzakirə edilib. Görüşlə bağlı mətbuatda yayılan informasiyalarda açıqlandığı kimi, Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilsə də, əsas məsələlərə fərqli mövqelərdən yanaşma hələ də qalmaqdadır. Vaşinqtonda ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinken arasında növbəti üçtərəfli görüşdə də, münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirələrdə də istənilən nəticə əldə olunmayıb. Yəni, Praqa, Soçi və bu günədək davamlı olaraq keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə gedən proseslər ABŞ danışıqlarında da təkrarlandı. Ermənistan mərkəzdənqaçma xislətinə sadiq qaldı. Göründüyü kimi, bəyanatlardan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edən Ermənistan müxtəlif bəhanələrlə sülh sazişini imzalamağa «tələsmir.»
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və mümkün sülh müqaviləsinin imzalanmasında vasitəçi olan ABŞ başqalarından fərqli olaraq bölgədə sülhün yaranmasında maraqlıdır. Əslində, kənardan Ermənistana təsir göstərilməsə münaqişə tərəfləri olan hər iki dövlət sülh sazişinin imzalanmasına tərəfdardırlar. Sadəcə olaraq rəsmi Bakı ilə İrəvanın münasibətlərinin sahmana salınması Ermənistanı dəstəkləyənlərin məcazlarına uyğun deyil. Ermənistanın baş naziri Nikol Paşinyan ilə revanşist qüvvələr, sabiq həmkarları arasındakı toqquşmaları səngimir. Sülh sazişi ilə bağlı işğalçı dövlət tərəfindən azacıq da olsa mülayim münasibət hiss edildikdə dərhal münaqişə tərəfləri arasında təxribatlar törədilir, sülh tərəfdarı olan ermənilər satqın, xain adlandırılır. Azərbaycanla Ermənistan arasında vəziyyətin gərgin olaraq qalmasında maraqlı olan və qeyri- sabitliyi özləri üçün biznes mənbəyi hesab edən, məsələyə şəxsi maraqları baxımından yanaşan daşnak ideyalarına sadiq partiyalar hay-küy qaldırırlar. Erməni diasporunun üzvləri, İrəvanın dəstəkçiləri Fransa, İran, Rusiya dərhal Paşinyana təsir göstərirlər. Azərbaycanı və Türkiyəni İrəvan üçün təhlükə adlandıranlar müxtəlif bəhanələr, oxşar arqumentlər gətirərək ermənilərin diaspor təşkilatlarından pul yığırlar”.
Tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ilə yaxın müddətdə, Vətən müharibəsindən sonra bölgədə baş verən hadisələr xatırlansa, yaranan vəziyyətin səbəbləri bəlli olar. Əslində, məsələ ilə bağlı dərin təhlilə, araşdırmalara ehtiyac yoxdur. SSRİ-ni dağıtmaq üçün ən zəif halqa olan milli münaqişələr üçün Azərbaycanın seçilməsi ilə başlanan «miatsum» hərəkatı, «Dağlıq Qarabağ»ın Ermənistana birləşdirilməsi çağırışları, separatçılara göstərilən dəstəklər Birinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndi. 30 il davam edən işğal dövründə erməni quldurlarının, terrorçularının, separatçılarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən beynəlxalq ictimaiyyət də xəbərdardır. Artıq gorbagor olmuş «Dağlıq Qarabağ münaqişəsi»nin yaranmasında maraqlı olan supergüclərin separatçı rejimə, Ermənistana göstərdikləri siyasi, hərbi, maddi yardımlar, terrordan da təhlükəli olan ikili standartların tətbiqi işğalçını təcavüzkarlığını daha geniş miqyasda davam etdirməyə həvəsləndirirdi. Ərköyün Ermənistana müxtəlif yollarla göstərilən yardımlar işğalçını daha da azğınlaşdırırdı.
İlk növbədə ölkəmizə qarşı əsassız tətbiq olunan ABŞ Konqresinin «Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişini xatırlayaq. Əvvəla qeyd edək ki, 1992-ci ildən qüvvədə olan «907-ci düzəliş» dünya diplomatiyasının ədalətsizlik simvoludur.
Amerikadakı yaşayan erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan bu düzəlişin tətbiqi sonralar hər il dayandırılsa da, birdəfəlik ləğvi hələ ki, yubadılır. Düzəlişin qəbulunda o zaman ABŞ-ın vitse-prezidenti olan, Birləşmiş Ştatların hazırkı Prezidenti Cozef Bayden daha çox fəallıq göstərib. 2001-ci il 11 sentyabrda ABŞ-da törədilən terror hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakını, dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir. Əslində bu düzəliş Ermənistana tətbiq olunmalı idi. İki dövlət arasında enerji layihələri, demokratik islahatlarla bağlı əlaqələrinn yüksələn xətlə davam etdiyi o dövrdə Birləşmiş Ştatlarda xüsusi hörmət göstərilən erməni diasporunun təzyiqi ilə qəbul olunan bu sənəd, təcavüzkar ilə təcavüzə məruz qalan tərəfləri eyniləşdirmək cəhdi ən böyük ədalətsizlik idi. O dövrdə ölkəmizə qarşı əsassız «907-ci düzəliş»in tətbiqi , Ermənistana və qondarma «DQR» rejiminə ayrılan vəsaitlər haqlı olaraq Azərbaycan xalqında narahatçılıq yaradırdı.
Heç bir siyasi və hüquqi əsası olmayan iddialar, anti-Azərbaycan mahiyyəti daşıyan bu düzəlişi əsassız hesab edən ABŞ-ın sağlam düşüncəli ictimai-siyasi dairələri və eləcə də bir sıra konqresmenlər «907»nin demokratiya tərəfdarı olduğunu bəyan edən Birləşmiş Ştatların milli və dövlətçilik maraqlarına xələl gətirdiyini bildiriblər. Torpaqları Ermənistan tərəfindən işğal altında qalan müddətdə də, İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə də qüdrətli Azərbaycan nəinki «907»nin ləğvinə, heç bir dəstəyə ehtiyacı olmadığını gücü, qüdrəti ilə göstərdi. Humanizm prinsiplərinə sadiq Azərbaycan artıq yardım qəbul edən dövlətdən donor dövlətə, qlobal, davamlı inkişafa töhfə verən ölkəyə çevrilib. Ermənistan isə hələ də dilənçilik bataqlığında çürüyür.
Bu günlərdə ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda dördüncü beynəlxalq konfransda xarici qonaqların suallarını cavablandıran Prezident İlham Əliyev amerikalı rəsmilərlə görüşlərində «907-ci düzəliş» barədə dəfələrlə söz açdığını bildirdi: « Ancaq heç vaxt heç bir cavab almamışam. Çünki Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi.»
Ölkəmizə qarşı illərdən bəri davam edən ikili standartlara baxmayaraq Azərbaycan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü gördü, qətnamələrini ədalətlə icra etdi. Dövlət başçımız onu da vurğulayıb ki, siyasətdə üstün münasibətə heç bir halda haqq qazandırıla bilməz. Erməni lobbisinə istinadlar, müəyyən mənada haqq qazandırmalar və ya üzrxahlıqlar da həddən artıq şişirdilib. «Fransaya da baxın. Vəziyyət daha pisdir. Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma «Dağlıq Qarabağ»ı Fransa parlamentinin iki palatası tanıyıb. Ona görə də onların real siyasət adlandırdıqları budur. Bir daha erməni lobbisi tərəfindən hər hansı haqq qazandırma şişirdilib. Hələ də sual olunur? Bu, niyə baş verir? Bizim cavaba ehtiyacımız var. Lakin mən bir daha demək istərdim ki, indi bu cavab əvvəl olduğu qədər mühüm deyil» söyləyən Prezident İlham Əliyev vurğuladı ki, biz Azadlığa Dəstək Aktına 907-ci düzəlişə həssas yanaşırdıq. Bu düzəlişin aradan qaldırılması xahişi ilə Ağ evə, Milli Təhlükəsizlik Şurasına, Senata, Konqresə olunan müraciətləri xatırladan dövlət başçımızın vurğuladığı kimi, siyasi, iqtisadi, hərbi qüdrəti, diplomatik səyləri artan Azərbaycanın artıq bu yardıma ehtiyacı yoxdur. Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunması labüddür. Praqa və Soçi bəyannamələri imzalanıb. «Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır. Bu yaxınlarda mən dedim ki, onlar, sadəcə, sonuncu sözü deməlidirlər. Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələcək.»
Mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi gündə Şuşadan Azərbaycan xalqına müraciət edən, ata vəsiyyətinə sadiqliyini «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» sözlərini qürurla səsləndirən Prezident İlham Əliyev son və qəti mövqeyni bildirdi: «Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir.» Bu sözlər «907» kimi onlarla ədalətsiz düzəlişlərdən daha şərəfli və beynəlxalq hüquqa əsaslanan qətiyyətin ifadəsidir.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri