Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində onu da xüsusi qeyd etdi ki, bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır
«Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.» Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində bu əminliyi də ifadə etdi ki, bu gün atamın, bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək.
Həmin müraciətdə mayın 2-dən Qarabağ və Şərqi Zəngəzurda olduğunu xüsusi qeyd edən dövlət başçısı bildirdi ki, bir çox tədbirlər keçirilib. 10 kəndin təməli qoyulub, bir çox obyektlərin açılış mərasimi keçirilib: «On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.»
Göründüyü kimi, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verməklə, dünya hərb tarixində belə bir ilkə imza atdı. Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz bununla həm iqtisadi və maliyyə imkanlarını dünyaya təqdim etdi, eyni zamanda, qurucu xalq olduğumuzu təsdiqlədi. Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəd kimi dəyərləndirilir.
Böyük Qayıdış proqramı uğurla icra edilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci ildə reallaşdırdıqları Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri ilə başlanan bərpa-quruculuq işlərinin miqyasının nə qədər geniş olduğu görülən işlərin uğurlu nəticələrində özünün aydın ifadəsini tapır. Ölkə Prezidentinin bu ərazilərə səfərlərinin hər biri mühüm sosial obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə işğaldan azad edilmiş Ağdam, Xocavənd, Füzuliyə səfərləri, həmçinin dövlət başçısının Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfəri yeni infrastruktur layihələrinin təməlinin qoyulması ilə yadda qaldı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış oldular, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak etdilər.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak etdilər. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış oldular. Sonra ölkə Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak etdilər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak etdilər.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak etdilər, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış oldular. Sonra Prezident İlham Əliyev və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər.
Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışı özündə bütün məqamları ehtiva edir. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» əməliyyatı 8 noyabrda Şuşanın azad edilməsi ilə başa çatdı. Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın hərbi ekspertləri tərəfindən öyrənilir, dərsliklərə salınmasının vacibliyi bildirilir. Cənab İlham Əliyev müraciətində də bu məqamı xüsusi qeyd edir ki, təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, bu gün burada, Şuşada, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, tacıdır: «Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.»
Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən dövlət başçısı İlham Əliyev bildirmişdi ki, Şuşa, sən azadsan. Şuşa, biz səni dirçəldəcəyik.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa dirçəlib, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilib. Dövlət başçısı İlham Əliyevin təkcə son səfəri çərçivəsində atılan addımların, görülən işlərin xronologiyasına diqqət yetirdikdə onların miqyasının nə qədər böyük olduğunu görürük. Prezident İllham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər. Həmin gün ölkə Prezidenti Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak etdi, Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoydu. Şuşada həmçinin, Atatürk küçəsinin lövhəsinin, “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışları oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfərlərinin ilk günündə Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olmuşdular. Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri davam edir. «Xarıbülbül» musiqi festival çərçivəsində Qarabağın tacında görülən işlərin miqyası genişdir.
O da məlumdur ki, mayın 3-də dövlət başçısı İlham Əliyevin ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirakı, Şuşadan Ermənistana və havadarlarına ünvanladığı mesajlar Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə təkmil infrastruktur layihələrinin icrası ilə başlanılmışdı. Təbii ki, hər bir bölgənin inkişafında infrastrukturun yenilənməsi, zəruri olan şəraitin yaradılması prioritetdir. İnfrastruktur olmadan insanların işğaldan azad edilmiş ərazilərə köçürülməsi qeyri-mümkündür. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi. Onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası davam edir. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.
Prezidentlik dövrünün müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirilən 2003-2020-ci illər, eyni zamanda, bərpa-quruculuq işlərinə hazırlıq dövrü kimi də qəbul edilməlidir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edərkən bu çağırışı edir: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.»
Yeganə Əliyeva, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri