10 may 2023 15:15
820

Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri sonsuzdur

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu.

Ulu Öndərin fəaliyyətində təhsil siyasəti, təhsil quruculuğu daim önəmli mövqe tutmuşdur.

Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, ocümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.

Məhz buna görə də Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı.

1993-cü ilin iyununda xalqın istəyi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. Ümummilli Lider Heydər Əliyev öhdəsinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırdığı üçün məhz 1983-cü ildə SSRİ-də məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırılmışdı. Ulu Öndərin bu işin öhdəsindən layiqincə gəldiyini yaxşı xatırlayırıq. 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" Sərəncam imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minmişdi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" - konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub. Ulu öndər təhsil haqqında deyib: “Təhsil millətin gələcəyidir; Mən millətimdən yüksək ad tanımıram; Müəllim sənəti şərəfli bir sənətdir”.

“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı gördüyü işlər ayrıca bir yazının mövzusudur. Təkcə onu xatırladaq ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyanda Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi, o illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi.

Azərbaycanın, dünya azərbaycanlılarının milli iftixarı, beynəlxalq aləmdə görkəmli dövlət xadimi, mütəfəkkir və dahi siyasətçi kimi şöhrət qazanmış Ulu Öndərimiz Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli həyat və fəaliyyətini, zəngin irsini zaman-zaman öyrəndikcə bu böyük insanın tanrı sevgisi ilə bəxş edilmiş qüdrətli zəkasına, misilsiz idarəetmə istedadına, malik olduğu geniş və çoxşaxəli biliklər dünyasına heyran qalmaya bilmirsən. Heç şübhəsiz, çox az sayda dövlət rəhbəri ola bilər ki, sosial-iqtisadi, ictimai-siyasi, inzibati-hüquqi, humanitar sahələr üzrə bu dərinlikdə zəngin, hərtərəfli elmi-nəzəri və təcrübi məlumatlılıq səviyyəsinə yiyələnmiş olsun.

Yüksək mənəviyyatı, vətənpərvərliyi, saf təbiəti, insanlara sonsuz məhəbbəti ilə xalqın, millətin Müəllimi olmaq şərəfinə ucalmış Ulu Öndərin fəaliyyətində təhsil siyasəti, təhsil quruculuğu daim önəmli mövqe tutmuşdur. Cəsarətlə demək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin təhsil qanunvericiliyinin əsasında, bugünədək qazanılmış uğurların təməlində məhz Ulu Öndərin proqram ruhlu, inkişafyönlü ideya və göstərişləri dayanır.

“Təhsil millətin gələcəyidir!”

 Ulu rəhbərimiz tərəfindən bəyan olunan mahiyyət etibarı ilə müstəsna əhəmiyyətli ictimai-siyasi dəyərə malik bu konseptual fikri ifadə edən həmin üç sözün (təhsil, millət, gələcək) hər biri ayrı-ayrılıqda da qəlblərdə xoşməramlı mənəvi-psixoloji ovqat yaratmaqla insanlarda qayğılı-ümidli, nikbin düşüncələr, məhrəm duyğular oyadan dərin mənayüklü sözlərdir. O sözlərin məntiqi qovuşuğundan yaranan müdrik fəlsəfi müddəa isə işıqlı, səbatlı bir cəmiyyətin (dövlətin) bərqərar olmasının mənəvi-ideoloji dayağı, ideya mənbəyi, inkişaf rəmzi kimi səslənir.

“Təhsilimizin ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır”

...Aylar, illər, qərinələr ötüb keçir, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, texnoloji mənzərəsi, insanların həyat tərzi dəyişir, təfəkkürlərdə olub-keçənlərə fərqli münasibət yaranır, dünyagörüşləri təzələnir, sürətli inkişaf, qloballaşma fonunda tələblər, vəzifələr yenilənir, yüksəlir, getdikcə mürəkkəbləşir.

Dünyamız, həyatımız nə qədər yenilənsə də, əsl insan üçün müqəddəs sayılan keyfiyyətlər - Vətən, millət, torpaq sevgisi, mənəvi yetkinlik, əqidə birliyi, milli soykökünə, adət-ənənələrə bağlılıq, milli iftixar və milli mənsubluq, dövlətə, dövlətçiliyə sədaqət hissi daimi olmaqla ləyaqətli vətəndaş obrazını səciyyələndirən başlıca dəyərlərdir. İnsan yüksək və ya az savadlı, geniş məlumatlı, yaxud məhdud məlumatlı ola bilər, bu qəbahət sayıla bilməz. İnsanın milli təəssübkeşlikdən uzaq düşməsi, dilini, milli kimliyini və milli dayaqlarını unutması elə onun özünün mənəvi cəhətdən itirilməsi deməkdir.

Nərmin Mirzəyeva,

Qərbi Kaspi Universitetinin Filologiya və tərcümə fakültəsinin tələbəsi