Şuşada Ulu Öndərə həsr olunmuş beynəlxalq konfransda dahi liderin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi müstəsna xidmətlər xüsusi vurğulandı
Dünya siyasətinin dahilərindən olan unikal şəxsiyyət, Azərbaycan dövlətinin və xalqının xilaskarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ölkə daxilində və xaricdə böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev irsini, siyasi xəttini izlədikcə onun böyüklüyünü bir daha dərk edir, hər zaman Azərbaycan dövlətinin müstəqilliyi uğrunda mübarizə apardığının şahidi oluruq.
Prezident İlham Əliyev Şuşada Ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi müstəsna xidmətlərdən, ölkəmizin gələcək inkişafından, dünyanın iqtisadi və siyasi sahəsindəki mühüm rolundan, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində dövlətimizin irəli sürdüyü təkliflər barədə ətraflı danışdı.
Tədbirin işğaldan azad edilmiş Şuşa şəhərində keçirilməsi xüsusi önəm kəsb edir. Ulu Öndər Heydər Əliyev Şuşanı hər bir azərbaycanlının iftixar nöqtəsi və ölkəmizin mədəniyyət paytaxtı adlandırmışdı. Ulu Öndər hər zaman xalqımızın milli maraqlarını uca tutmuş, SSRİ dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə belə həmişə Azərbaycanın müstəqil dövlət olması üçün çalışmış və bu amal uğrunda uğurla fəaliyyət göstərmişdir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də Ulu Öndər bütün həyatını xalqımızın xoşbəxt yaşamasına və dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasına həsr etmişdir. Bu gün artıq Ulu Öndər Heydər Əliyevin arzusu gerçəkləşmişdir. Heydər Əliyev siyasi kursunu rəhbər tutaraq Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etdi. Dövlətimizin başçısı öz xalqının milli qürurunu qaytarmaqla ata vəsiyyətini də yerinə yetirdi.
Artıq Azərbaycan güclü və qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilmişdir. Dünya liderləri, siyasi analitiklər, Prezident İlham Əliyevin güclü siyasətçi, bacarıqlı, uzaqgörən dövlət başçısı olduğunu vurğulayırlar.
Çıxışında dövlət başçısı işğal dövründə dəfələrlə Ermənistan rəhbərliyinə sülh yolu ilə torpaqlarımızı qaytarması barədə müraciətlər etdiyini, lakin Ermənistan tərəfinin hər zaman bu təklifləri qəbul etmədiyini vurğuladı. 28 il ərzində münaqişənin həll olunması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu da öz fəaliyyətsizliyi ilə yadda qaldı. Əslində onların bu davranışı erməni işğalına göz yummaq idi. 30 illik işğal dövründə Ermənistan heç bir inkişafa nail ola bilmədi. Azərbaycanın həyata keçirdiyi bütün beynəlxalq iqtisadi layihələrdən məhrum oldu. Dövlətimiz isə bu illər ərzində siyasi, iqtisadi, hərbi sahələrdə böyük inkişafa və tərəqqiyə nail oldu. Azərbaycan öz torpaqlarını siyasi və hərbi yolla işğaldan azad etdi. Qalib ölkə olmasına rəğmən müharibədən sonra Azərbaycan Ermənistana Sülh sazişi bağlamağı təklif etdi. Azərbaycan bunun üçün qarşı tərəfə bütün beynəlxalq hüququn prinsiplərinə uyğun olan 5 bənddən ibarət olan təklif göndərmişdi. Ermənistanın bu təklifləri qəbul etməməsinin heç bir əsası yoxdur. Belə olduğu təqdirdə, Sülh sazişi bağlanmaya bilər ki, bu da Ermənistan dövlətinə yaxşı heç nə vəd etmir.
Azərbaycan dövləti həmişə olduğu kimi bu gün də müharibənin tərəfdarı deyil. Əgər Sülh sazişi olmasa, Ermənistan dövləti yenə təcrid olunmuş formada yaşayacaq və vəziyyəti daha da ağırlaşacaq. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artırmaqdadır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi müttəfiqliyimizi ən yüksək səviyyəyə qaldırdı. Ölkəmiz Avropa İttifaqının 9 dövləti ilə Strateji tərəfdaşlıq haqqında Saziş imzalamışdır. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıyır və heç bir ölkənin parçalanmasını qəbul etmir. Ölkəmiz Cənubi Qafqazda yerləşən müstəqil bir dövlət olaraq Rusiya Federasiyasının Şimali Qafqaz regionunda yerləşən Dağıstan və Çeçenistan Respublikaları ilə sıx əlaqələr qurub. Bu, hər iki dost dövlətin maraqlarına tam uyğundur. Azərbaycan həmçinin mərkəzi Asiya dövlətləri ilə də hərtərəfli əlaqələrin qurulmasına böyük üstünlük verir. Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstan neftinin nəqlinə başlanması barədə razılığa gəlinib. Çıxışında Prezident İlham Əliyev ölkəmizə qarşı böyük ədalətsizliyin olduğunu və ilk növbədə ərazi bütövlüyü məsələsində belə münasibət göstərildiyini qeyd etdi. ABŞ prezidentləri digər postsovet respublikalarının ərazi bütövlüyünü dəstəklədiklərini rəsmi şəkildə bəyan etsələr də, Azərbaycana gəldikdə xüsusən torpaqlarımızın işğalda olduğu dövrdə ədalətsiz və haqsız mövqe nümayiş etdirmişdilər. Azərbaycan BMT-nin qərar və qətnamələrini uğurla icra edərək torpaqlarını təkbaşına işğaldan azad etdi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Dövlətimizin başçısı işğal dövründə və hazırkı vaxtda Azərbaycanla İran arasında mövcud olan münasibətlərə də toxundu. İran BMT və İƏT-də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, əməldə təmamilə başqa münasibət sərgilədi. Molla rejimi Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sıx siyasi, iqtisadi, hərbi əlaqələr qurdu. Bu da haqlı olaraq Azərbaycan xalqı tərəfindən narazılıqla qarşılandı. Azərbaycan işğala son qoyduqdan sonra da İran bu cür əməlləri davam etdirməyə başladı. İrandan Qarabağa silah-sursat daşındı. Azərbaycan İrana rəsmi nota təqdim etsə də, Tehran rejimi bu hərəkətlərini daha da intensivləşdirdi. İran hətta Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. Ölkəmiz də müstəqil bir dövlət olaraq adekvat tədbirlərə əl atmalı oldu. Azərbaycan Ordusu xüsusi təyinatlılarımızın iştirakı ilə İranla sərhəddə iki hərbi təlim keçirdi. İkinci təlim qardaş Türkiyənin xüsusi təyinatlıları ilə birgə təşkil edildi. Bu, güc nümayişi deyil, ölkəmizin təhlükəsizliyinə yönəlmiş bir addım idi.
Azərbaycana qarşı törədiləcək istənilən təxribat lazımi şəkildə cavablandırılacaq. Təəssüflər olsun ki, bəzi ABŞ senatorları anti-Azərbaycan mövqe nümayiş etdirirlər. Bir neçə senator Qarabağın müstəqilliyinin tanınması barədə dırnaqarası qətnamə qəbul edilməsilə bağlı təşəbbüs göstərirlər. Lakin onlar bilməlidirlər ki, bu saxta “qətnamələr” dövlətimiz üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləyən Pakistan kimi dost və qardaş dövlətlər var. Azərbaycan dost və qardaş münasibətə görə Pakistan dövlətinə minnətdardır.
Ölkəmiz Cənub Qaz Dəhlizinin seqmentlərindən olan TAP və TANAP layihəsi ilə Avropaya hər il qaz ixracını artırır. Bu, Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Tədbirdəki çıxışı və iştirakçılar tərəfindən verilən suallara cavabı ilə dünya ictimaiyyəti bir daha İlham Əliyevin güclü və qətiyyətli siyasətçi və müdrik dövlət başçısı olduğunun şahidi oldu.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri