Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizin qızıl hərflərlə yazılmış səlnaməsidir. Ulu Öndər heç bir dünya liderinin öz xalqı qarşısında göstərə bilmədiyi qədər, Azərbaycan adlı Vətəni üçün nəhəng, möhtəşəm və misilsiz xidmətlər göstərmişdir. Fenomenal şəxsiyyət olan Ümummilli Liderimizin şanlı həyat yolu və əvəzolunmaz fəaliyyəti haqqında neçə-neçə dəyərli kitablar yazılıb və bundan sonra da yazılacaq. Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikası ifadələri daim qoşa yazılacaq və daim qoşa ifadə olunacaq. Çünki bugünki sürətlə inkişaf edən, günü-gündən çiçəklənən, ötən hər il, hər ay daha da qüvvətlənən müstəqil Azərbaycan Respublikası Ulu Öndərin “Şah əsəridir”. Tarix öz xalqı üçün belə böyük işlər görmüş dahi şəxsiyyəti heç zaman unutmayacaq.
1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Liderimiz cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində çox nəhəng işlər görərək ümumxalq birliyinin dərin, fundamental sosial-siyasi və nəzəri əsaslarını irəli sürdü. Böyük, mahir strateq olan Ulu Öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini, elementlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun və mahiyyət daşımağa başladı. Bu da öz növbəsində Azərbaycan xalqının tarixi yaddaşının bərpası demək idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrindən olan insanlara xüsusi həssaslıqla yanaşırdı. Ümummilli Liderimiz Azərbaycan gəncliyinə hər zaman xüsusi önəm verirdi. Çünki dahi şəxsiyyət çox gözəl anlayırdı ki, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı və hərtərəfli inkişaf etmiş gəncliyimiz vətənimizin gələcəyidir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ümummilli Lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir.
Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə Sərəncamın imzalanması xalqımız tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılandı. Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri