Milli ideologiya milli dəyərlərin bu və ya digər səviyyədə başa düşülməsini özündə ehtiva edir. Ölkəmizdə azərbaycançılıq ideologiyasının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. Ümummilli Lider çox gözəl bilirdi ki, dünya azərbaycanlılarının müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrinin qurulması və inkişaf etdirilməsində azərbaycançılıq ideologiyası əsas faktordur. Aparılan praktik işin nətcəsi olaraq bu ideya həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas milli ideyaya çevrilmişdir. Azərbayacançılıq ideologiyası milli kökdən qaynaqlanaraq xalqımızın milli-əxlaqi dəyərləri ilə ümumbəşəri dəyərləri özündə biləşdirir. Müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycançılıq məfkurəsinin müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Dahi şəxsiyyətin çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənə, xalqa fədakar xidməti sayəsində milli qürurumuz özümüzə qayıdıb, milli birlik və vətəndaş həmrəyliyi bərpa edilib. Ümummilli Lider Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır. Ulu Öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birliyi məsələsini daim diqqət mərkəzində saxlayırdı, diaspor təşkilatlarına daim öz tövsiyələrini verir, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa yönləndirirdi. Ümummilli Lider Heydər Əliyev xarici ölkələrə səfərlər edərkən Azərbaycan icmasının üzvləri ilə də mütəmadi görüşlər keçirir, diasporumuzun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini qeyd edirdi. Hər addımda xalqının milli ruhunu, kimliyini təcəssüm etdirən Ulu Öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən ən böyük dəstəyi xalqdan alırdı. Milli ideologiya xalqın tarixi-ənənəvi və mənəvi dəyərlərini özündə ümumiləşdirməklə bərabər dövlətçiliyimizin də ideoloji bazasını təşkil edib.
Bizim bugünkü dövlətçiliyimizin atributları – bayrağımız, gerbimiz, himnimiz, milli valyuta və Konstitusiyamız məhz Azərbaycançılığa əsaslanır. Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanmasına və inkişaf etdirilməsinə məhz görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti ilə nail olunmuşdu. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Əlbəttə ki, Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri damarlarından azərbaycanlı qanı axan hər bir insan üçün müqəddəsdir.
Ulu Öndər Heydər Əliyev zamanında Azərbaycan dövlətini xilas etməsəydi, indi nə dövlətimiz vardı, nə də xalqımız həmrəyliyə, fikir birliyinə nail olardı. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən zorla ayrı salınan, Sovet imperiyasının buxovları altında əzilən Azərbaycan xalqı milli və dövlətçilik maraqlarına, soykökünə, tarixinə Ulu Öndər Heydər Əliyevin böyük və yorulmaz fəaliyyəti nəticəsində qayıda bilib. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Azərbaycan artıq Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin arzuladığı zirvələri fəth edib, taleyüklü məsələləri, planları uğurla həyata keçirir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımız cənnətə çevrilir. Qalib ölkəmiz dahi şəxsiyyət Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni parlaq salnaməsini yazır.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri