Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olan «Əsrin müqaviləsi»nin imzalanması ilə respublikamızın dünya iqtisadiyyatına inteqrasiyası intensivləşdi
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan yeni neft strategiyası Azərbaycanın siyasi, iqtisadi, sosial yüksəlişinin, dünyaya inteqrasiyasının strateji və metodoloji amili kimi özünü doğruldur. «Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» sözləri ilə zəngin təbii sərvətlərə malik Azərbaycanın güclənməsində, diplomatik uğurlarının artmasında bu strategiyanın böyük rolu olduğunu uzaqgörən siyasəti ilə təsdiqləyən Ümummilli Liderin bu arzusu artıq reallaşıb. Müstəqilliyimizin ilk dövrlərində xarici səfərləri zamanı ölkəmizi xəritələrdə tanıdan Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi, qətiyyəti sayəsində artıq Azərbaycan dünyanın enerji xəritəsinin yeni istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın təşəbbüsü ilə reallaşan, nəhəng transmilli layihələr kimi Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft- qaz kəmərlərinin davamı olan, Avropanın enerji təhlükəsizliyinin, ölkəmizin iqtisadi maraqlarının təmin edilməsində böyük əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin, onun seqmentləri TANAP-ın və TAP-ın istifadəyə verilməsi dünyanın nəzərlərini ölkəmizə yönəldi.
1994-cü il sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”»in («Əsrin müqaviləsi»nin) imzalanması dünyanın enerji bazarında alternativ mənbələrdən istifadə imkanlarını artırdı. Prezident İlham Əliyevin qətiyyəti sayəsində müqavilənin 2050-ci ilə qədər uzadılması Ümummilli Lider Heydər Əliyevin təbii sərvətlərimizin Azərbaycan xalqına məxsusluğu tövsiyəsini gerçəkləşdirdi.
Müasir Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyev ölkəmizin XXI əsrin reallıqlarına uyğun inkişafında yeraltı və yerüstü sərvətlərindən səmərəli istifadəni zəkasının qüdrəti ilə, müdrikcəsinə müəyyənləşdirdi. Zəngin enerji potensialına malik ölkəmizin təbii sərvətlərindən düşünülmüş, xalqın və dövlətin maraqları mənafeyinə istifadə ən aktual məsələ idi. O dövrdə Azərbaycandakı gərgin siyasi, ictimai vəziyyəti, Ermənistanın torpaqlarımıza təcavüzünü nəzərə alaraq qarşıda duran problemlərin, çətinliklərin ağırlığını dərk etmək o qədər də çətin deyil.
«Əsrin müqaviləsi»nin imzalanması mərasimindən sonra 22 sentyabr 1994-cü ildə Azərbaycan televiziyası və radiosu ilə çıxış edən, bu tarixi hadisənin əhəmiyyətini xalqa çatdıran Ulu Öndər Heydər Əliyevin « O ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə, öz xüsusiyyətlərinə görə bu nadir bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın yeddi böyük neft şirkətinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb» sözləri artıq reallaşıb.
«1994-cü ildə «Əsrin kontraktı»” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə «Əsrin kontraktı»” yaratdı. O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır» sözləri ilə Ulu Öndərin hazırladığı neft strategiyasının əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev o tarixi günlərdə ölkəmizin üzləşdiyi çətinlikləri də xatırlayır: « Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük.» Ulu Öndərin hazırladığı neft strategiyasının hansı şərtlər, çətinliklər şəraitində həyata keçirildiyi bəzi məqamları xatırlayaq.
Müdriklərin söylədikləri kimi, tarixi insanlar yaradır. Onu zənginləşdirən, bəşəriyyətin ibrət dərslərini şəxsi keyfiyyətlərində nəsildən-nəslə ərmağan edən liderlərin taleyi rəhbərlik etdikləri dövlətlərin salnaməsi ilə eynilik təşkil edir. Böyük sərkərdə Napaleon demişdir ki, siyasət taledir. Əliyevlərin bəxtinə yazılan tale kimi. Bu fəlsəfəni siyasi həyatının bütün dönəmlərində fəaliyyəti ilə təsdiqləyən Ulu Öndər Heydər Əliyevin başqalarından fərqli xüsusiyyəti özü qədər inandığı davamçısını yetirməsidir. Dövlət başçısı kimi ona etibar olunan məsuliyyəti fəaliyyəti ilə doğruldan cənab İlham Əliyev siyasi hazırlığını, Ulu Öndərin layiqli davamçısı olduğunu respublikaya rəhbərliyə başlamamışdan əvvəl də göstərmişdi. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə hazırladığı neft strategiyasının kövrək addımlarının səsləri bəzi dövlətlərdə eşidildiyi zamanlarda ölkəmizin gələcəyi ilə bağlı nikbin proqnozların açıqlanması bəlkə də çoxlarına xəyal kimi görünürdü. Amma o çətin dövrdə ARDNŞ-in vitse-prezidenti İlham Əliyevin bugünümüzlə bağlı açıqlamaları müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı mənfi fikirləri alt-üst etdi.
…Tarix 1997-ci ilin fevral ayı, məkan Amerika Birləşmiş Ştatları. O illərdə Azərbaycanın təşəbbüsü ilə reallaşan «Əsrin müqaviləsi»ndən sonra respublikamıza maraq daha da artmışdı. Həmin tarixdə ABŞ-ın Hyuston və Vaşinqton şəhərlərində Azərbaycanla bağlı keçirilən konfranslarda iştirak edən, müsahibələr verən cənab İlham Əliyev həm də ölkəmizin xarici siyasətini diqqətə çatdırır.
Cənab İlham Əliyev vurğulayır ki, yalnız müstəqillik illərində təbii resurslarımızı xalqın mənafeyi naminə istifadə etməyə nail olduq. Açıq dənizlərə çıxışı olmayan, texniki cəhətdən çox çətin, qlobal layihələrin həlli üçün böyük maliyyə vəsaiti tələb edildiyi bir zamanda xarici investorları ölkəmizlə əməkdaşlığa cəlb etməyin özü diplomatik məharət, cəsarət tələb edirdi. O vaxtlar «Əgər məndən soruşsanız ki, Azərbaycana, ölkəmizin xüsusən neft-qaz sektoruna sərmayə qoymaq imkanı vardırmı, cavab verərəm ki, bəli vardır» söyləyən cənab İlham Əliyev vədini artıq Azərbaycanın lideri kimi yerinə yetirir. ABŞ görüşlərində ona ünvanlanan «Azərbaycanda hakimiyyət dəyişikliyi baş verərsə, ölkənizə qoyulmuş xarici səmayələrin aqibəti necə olacaq» qərəzli sualı «Arxayın olun, Azərbaycanda heç bir hakimiyyət dəyişikliyi baş verə bilməz» qətiyyəti ilə cavablandıran cənab İlham Əliyev bu gün dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə liderlik fəlsəfəsini xalq-iqtidar birliyi və həmrəyli ilə doğruldur.
O illərdə açıqlanan proqnozlar həyatda əksini tapır. İstismar müddəti 2050-ci ilədək uzadılan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan, eyni zamanda, Türkmənistanın, Qazaxıstanın da nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi neft strategiyasının daha uğurlu hadisəsi kimi tarixə yazıldı. Bundan sonra çoxformatlı əməkdaşlıq münasibətlərini eyni məram ətrafında birləşdirən Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə ölkəmizin təbii qaz ixracı imkanları artdı. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, ötən il Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminin keçirilməsi, 2027-ci ilədək qitə dövlətlərinin təbii qaza olan ehtiyacını ən azı iki dəfə artırmağın planlaşdırılması vaxtilə neft strategiyası ilə bağlı nəzərdə tutulan proqnozların reallaşdırılmasıdır. Avropa bazarında etibarlı neft ixracatçısı , bərpa olunan yaşıl enerji təchizatçısı kimi tərəfdaşları artan Azərbaycanın təbii qazının nəql olunduğu coğrafiya genişlənməkdədir.
Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında Avropa Komissiyası Prezidentinin iştirakı ilə yaşıl enerjinin ötürülməsinə dair Buxarestdə imzalanan Sazişə uyğun daha səmərəli imkanların yaranacağı ilə bağlı deyilənlərdən aydın olur ki, Azərbaycanın yaşıl enerji layihələri ilə Avropanın enerji təchizatına yeni istiqamətlər əlavə olunur. Sofiyada «Bulgartransgaz”» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream»” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu»”nun imzalanma mərasimində qitə dövlətlərinin enerji təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın həlledici rolunun etiraf edilməsi Ulu Öndərin neft strategiyasının və ölkəmizin enerji diplomatiyasının məntiqi nəticəsidir. «Həmrəylik Halqası» təşəbbüsünün reallaşması ilə Azərbaycan qazının Avropa İttifaqına üzv ölkələrə çatdırılması üçün əlavə marşrutların formalaşması yeni hədəflərə çatmağın ən asan yoludur. Çünki yeni layihə olan «Həmrəylik Halqası» təşəbbüsünün reallaşması ilə Cənub Qaz Dəhlizinin ötürücülük imkanları daha da artacaq.
«Həmrəylik Halqası»nı, Anlaşma Memorandumunu Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan arasında «Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə»yə və digər Sazişlərə uyğun davam edən tərəfdaşlığın məntiqi nəticəsi adlandıran dövlət başçımızın vurğuladığı kimi, qitə dövlətlərinin üçdə birinin ölkəmizlə əməkdaşlığı səmimi münasibətlərin etibarlı gələcəyidir. Hazırda Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilən Azərbaycan qazının Rumıniyaya da çatdırılması bu əməkdaşlığın uğurlu, məntiqi nəticəsidir. Nəzərdə tutulan digər interkonnektorların yaradılması ilə bu ilin sonuna qədər Macarıstan və Slovakiya da bu halqanın üzvləri sırasında olacaq. «Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik» söyləyən Prezident İlham Əliyevin davam etdirdiyi neft strategiyası nəticəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olan tərəfdarlarının da sayı artacaq. Ulu Öndər Heydər Əliyevin «Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» sözlərini lider qətiyyəti ilə doğruldan Prezident İlham Əliyevin vurğuladığı kimi, neft-qaz ölkəsi kimi öz sözünü deyən Azərbaycanın strateji yol xəritəsinin bələdçisi SOCAR-ın adının dünyanın ən tanınımış şirkətləri ilə eyni sırada çəkilməsi Ulu Öndərin ideyalarının gerçəkləşməsidir.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri