09 may 2023 12:11
799

Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin xüsusi rolu vardır

Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Dahi Heydər Əliyev demişdir: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.”

Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bugünədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir.Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında böyük xidmətlər göstərmişdir. Dil, din, mədəniyyət, multikulturalizm və digər bütün sahələr məhz Ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqilliyin bərpasından sonra diqqətində olmuş, milli dəyərlərimiz inkişaf etdirilmişdir. 

Bu baxımdan Ulu Öndər Heydər Əliyev irsinin layiqincə təbliğ edilməsi və gənc nəslə aşılanması qarşımızda duran ən vacib məsələlərdən biridir.

Rəcəbova Xəyalə,

YAP Yevlax rayon təşkilatının fəalı