08 may 2023 10:59
141

Müstəqil Azərbaycanın memarı

Qədimdən-qədim, dərindən-dərin olan şanlı və şərəfli Azərbaycan tarixi! Bu tarix nə dünənin tarixi deyil, nə bugünün, nə sabahın. Bu tarix əbədiyyətin tarixidir. Tarix millətin yaddaşıdır, tarix bizi keçmişdən gələcəyə aparan uzun bir yoldur. Tarix həm də taleyimizdir. Deməli, tarixə sahib çıxmaq həm də taleyimizə sahib çıxmaqdır. Bu baxımdan, tarixi şəxsiyyətlərin üzərinə böyük vəzifələr düşür. Çünki tarixi şəxsiyyətlər tarixi hadisələrin mərkəzində olurlar, bu hadisələrin formalaşmasında birbaşa iştirak edirlər. Ulu Öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdən biri olmuşdur.

Azərbaycan tarixində Heydər Əliyevin özünəməxsus mövqeyi və xidmətləri var. Onun mövqeyi aydın idi, - o, hər zaman milli və ümumbəşəri dəyərlərə sadiqlik mövqeyində idi. Xidmətləri isə təkcə onun özünün yaşadığı dövr üçün deyil, bütövlükdə bütün dövrlər üçün mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin həyat və fəaliyyəti, onun xalqı qarşısındakı tarixi missiyası bu gün də aktualdır.

O böyük tarixi şəxsiyyət bütün tarixi hadisələrə tarixi prizmadan yanaşırdı, tarixi münasibət sərgiləyirdi, tarixi təhlillər aparırdı, çünki o, həm də bir tarixçi idi, tarix fakültəsidə təhsil almışdır. Yəni, o, bütün varlığı ilə tarixin özü idi, tarixi yaradan idi, tarixi yaşadan idi.

Ulu Öndər iki sistemdə - həm sovet hakimiyyəti dövründə, həm də müstəllik dövründə ölkəmizə rəhbərlik etmişdir. Tarixi təcrübə göstərir ki, hər bir dövrün, hər bir ictimai-siyasi sistemin özünəməxsus xüsusiyyətləri olur. Sovet dövründə milli maraqların ön planda olması kifayət qədər çətin idi. Bu çətinliyin öhdəsindən isə yalnız Heydər Əliyev kimi dahi bir lider gələ bilərdi və gəldi də.

Azərbaycana rəhbərlik etdiyi bütün dövr və sistemlərdə ulu öndərin əsas vəzifəsi Azərbaycanı inkişaf etdirmək olub. O, ölkəsini dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada görmək istəyirdi, o, millətinin imzasını millətlərin imzası ilə bərabər görmək istəyirdi, o, bütöv və böyük Azərbaycan görmək istəyirdi. Və o, bunun üçün gecə-gündüz çalışırdı, çalışırdı ki, qarşıda duran vəzifərin öhdəsindən vaxtında və keyfiyyətlə gələ bilsin.

Ulu Öndər Heydər Əliyevin gördüyü bütün işlər, qazanılan bütün uğurlar Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Ulu Öndərin daxili və xarici siyasəti müasir tariximizin formalaşmasında mühüm rol oynamışdır. Onun xalqa bağışlanan və xalqdan ilhamlanan ömrü böyük bir tarixdir. Biz bu tarixin yetirmələriyik. Azərbaycan Respublikası, Azərbaycan xalqı bu tarixin canlı şahididir.

Memarı Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti bu gün dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Dövlətimiz dövlətlərin inandığı, güvəndiyi, etibar etdiyi dövlətdir. Bu dövlət ulu öndərin müqəddəs əmanətidir. Əmanətə xəyanət etməzlər, əmanəti qoruyarlar, gələcək nəsillərə ötürərlər. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən yeni tariximizə böyük töhfələr vermişdir. Cənab Prezident ataya layiq oğul, vətənə layiq övlad olmağı bacaran görkəmli bir dövlət xadimidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Xalqımız yeni bir tarixi qələbəyə imza atdı. Deməli, tarixdə qalmaq, tarix yaratmaq, tarix yazmaq Azərbaycan xalqının mayasındadır.

Bu gün ölkəmizdə geniş şəkildə abadlıq, quruculuq və yenidənqurma işləri gedir. Böyük Qayıdış tədbirləri çərçivəsində işğaldan azad edilmiş ərazilərimiz tamamilə yeni prinsiplər, yeni texnologiyalar, yeni idarəetmə sistemləri ilə yenidən bərqərar edilir, doğma Qarabağımızın şan-şöhrəti özünə qayıdır. Bütün bu tarixi nailiyyətlərə görə Ulu Öndər Heydər Əliyevə, onun müdrik ideyalarını müdrikliklə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevə qədirşünaslıqla dəyər vermək tariximizə dəyər verməkdir. Tariximizə dəyər verək, dəyər verək ki, tarixdə izimiz qalsın. Xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:

Tarixdir hər daşın, qayanın yaşı,

Tarixlə bağlıdır insan yurduna.

Yox isə bir xalqın tarix yaddaşı,

Vətən də quruca torpaqdır ona.

Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü