Azərbaycan – bir ölkədir ki, burada yaşayan xalq sülh və əmin-amanlıq içində yaşamaq istər. Lakin yaxın və uzaq keçmişə nəzər salsaq görərik ki, baş verən qarşıdurmalar, müharibələr, çaxnaşmalar, üsyanlar xalqın bu istəyini ürəyində qoymuşdur. Mövcud bu vəziyyətlərdən çıxmaq üçün hər zamanə öz qəhrəman oğul və qızlarını yetişdirmişdir. İstər qəddarlığı ilə ad çıxarmış fars hökmdarı II Kirə qarşı qəhrəmanlıqla mübarizə aparmış Azərbaycan qadını Tomris, istərsə də 160 minlik Xilafət ordusunu 30 minlik yalın ordu ilə darmadağın etmiş Babək və digər qəhrəmanlarımız buna bariz nümunədir. Bu barədə danışsaq, qalaq-qalaq kitablara sığmayacaq şəxsiyyətlərimiz, qəhrəmanlarımız var. Amma bu şəxsiyyətlər içində nəyin ki, doğma Azərbaycanımızda, o cümlədən, bütün dünyada tanınan, qibtə edilən, vətəninin müstəqilliyi üçün öz canını fəda edən, xalqının dar günündə SSRİ-də tutduğu vəzifələrdən xalqına, millətinə görə imtina edən bir şəxsiyyətin adı qəlbimizin xüsusi güşəsində məskən salıb. Bu sözləri bir mənalı olaraq dahi şəxsiyyət, əfsanəvi insan, böyük siyası xadim olan Ulu Öndər Heydər Əliyev haqqında işlətmək olar. O, ömrünün əlli ilindən çoxunu doğma torpağına, xalqına, onun inkişafına, rifahının yaxşılaşdırılmasına həsr etmişdir.
Ulu Öndər Heydər Əliyev şərəfli və ləyaqətli ömür yolu ilə XX əsr Azərbaycan tarixinə vətənpərvərlik, azərbaycançılıq ideologiyası kimi milli və bəşəri dəyərləri bəxş etmişdir. Sovet imperiyası kimi bir dövlətdə bu böyük azərbaycanlının, azərbaycanlı kimliyini qoruyaraq, hətta bununla qürur duyaraq göstərdiyi xidmətlər danılmazdır. Hələ 1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubiley tədbirində iştirakı və ana dilində nitq söyləməsi bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində çox mühüm addım oldu. Təbii ki, bu cür nəhəg siyasi xadimin nüfuzu Qorbaçov və onun yoldaşlarını narahat edirdi. Belə hal olduğu təqdirdə Heydər Əliyev öz vəzifələrindən imtina edərək SSRİ rəhbərliyindən uzağlaşdı. Sovet imperiyasının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi faciədə məhz ilk etiraz SSRİ-nin mərkəzində – Moskvada Heydər Əliyevdən gəldi. Sonralar xalq öz Dahi oğlunu Azərbaycana dəvət etdi. Lakin Heydər Əliyev kimi böyük şəxsiyyətin nüfuzu Azərbaycandakı bəzi qüvvələri narahat edirdi. Ona görə onun Paytaxtda qalması təhlükəli idi. Dahi Rəhbər bu şəraitdə öz doğma yurduna, Naxçıvana üz tutdu. Moskvadan Bakıya qayıdarkən üzləşdiyi çətinliklər, haqsız təqiblər, Naxçıvana pənah apararaq orada keçirdiyi sarsıntılar bu dahi insanın iradəsini qıra bilmədi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi üçün qarşıya bir sıra hədəflər qoydu. Amma geosiyasi və geoiqtisadi faktorlar bu vəzifənin öhdəsindən gəlməyə ciddi maneə yaradırdı. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradır, digər tərəfdən isə bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Antimilli qüvvələrin tutduğu siyasi xətt xalqda böyük hiddət doğururdu.
Yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Onlar tarixə “91-lər” adı ilə düşdülər.
Oktyabrın 24-də Ümummilli Lider “Səs” qəzetində ölkə ziyalılarına cavab verdi. Bu, əslində real vəziyyətin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi.
Müxtəlif nümayəndə heyətləri Heydər Əliyevin yanına getdi, müzakirələr aparıldı. Ulu Öndər özü də bildirirdi ki, O, nəinki partiya yaratmaq, heç partiya üzvü olmaq da istəmir. O, 1991-ci ildən ərizə yazıb Kommunist Partiyasından çıxmışdı. O zaman çox ağır durum yaranmışdı. Ölkə çoxsaylı problemlərlə üz-üzə qalmışdı. Bütün sahələrdə böhran başlamışdı və Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Bunları nəzərə alan Heydər Əliyev partiya yaradılmasına qol qoydu. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin məntiqi yekunu və mövcud ictimai-siyasi şəraitin konkret nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Beləliklə, daha sonra 1993-cü il iyunun 9-da isə Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıtması, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını həyata keçirməyə başlaması böyük tarixi əhəmiyyətə malik idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq, əbədi etmək idi. Bu, Ümummilli Liderin qətiyyəti, iradəsi sayəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Şübhəsiz, ölkəmizdə 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində yuxarıda bəhs olunan reallıqların məntiqi nəticəsi kimi, xalqımız Ümummilli Lider Heydər Əliyevə yüksək etimad göstərdi. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir. İnkaredilməz reallıqdır ki, məhz bundan sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi.
Sevindirici haldır ki, bu gün müasir müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edərək öz qüdrətini daha da artırır. Ulu Öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır. Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda qətiyyətli addımlayır, intensiv tərəqqi bütün sahələri əhatə edir.
Bu gün Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti Azərbaycan xalqını 30 ildən sonra öz tarixi dədə-baba torpaqlarına qaytardı. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur! " deyən Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları gerçəyə çevirildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqı hərkəsi heyrətə gətirən 44 günlük Vətən müharibəsiylə dünyaya Azərbaycanın gücünü göstərdi.

Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri