İkinci Dünya müharibəsi XX əsrin bəlası, insanların üzləşdikləri ən ağır və dəhşətli soyqırımıdır
Fəlakətləri, kütləvi insan qırğınları ilə tarixin ən dəhşətli müharibələrindən sayılan İkinci Dünya müharibəsinin başa çatmasından 78 il keçsə də yaraları, ağrı-acıları sağalmır. 1418 gün davam edən, təkcə SSRİ-dən 27 milyon insanın məhvi ilə nəticələnən İkinci Dünya müharibəsində 15 milyondan artıq hərbçi və dinc əhali yaralanıb.
Müharibənin ilk günlərindən 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak edib, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçərək III Reyxin süquta yetirilməsində xüsusi rəşadət göstərib.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı düşmənə ağır zərbələr endirdiklərinə görə hər iki azərbaycanlı komandir Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Həzi Aslanov 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb. Döyüşlərdə fərqlənən Qafur Məmmədov, İdris Süleymanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və başqaları da göstərdikləri igidliyə görə eyni fəxri ada layiq görülüblər. Ümumiyyətlə, 4 il davam edən müharibədə igidliklərinə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 min həmyerlimiz orden və medallarla təltif olunub. Ziba Qəniyeva, Aliyə Rüstəmbəyova, Dürrə Məmmədova kimi Azərbaycan qadınları cəbhədə göstərdikləri şucaətə görə ən yüksək orden və medallarla təltif olunublar.
Təkcə müharibədə deyil, arxa cəbhədə də şücaət göstərən azərbaycanlılar gecə-gündüz çalışaraq qələbəyə töhfələrini veriblər. Bakı neftçiləri bu sahədə xüsusilə fərqləniblər. O illərdə Sovet İttifaqında hasil olunan neftin böyük hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanda hasil edilirdi. Faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış Sovet ordusunun tank və təyyarələrinin əksəriyyəti Azərbaycan nefti ilə işləyirdi. İkinci Dünya müharibəsində xalqımızın fədakarlığını yüksək qiymətləndirən, əslən azərbaycanlı olan Nikolay Baybakovun «Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü» sözləri bu fədakarlığa verilən dəyər idi. Ölkənin yanacaq balansında xüsusi payı olan Azərbaycan neftçilərinin əməyini marşal K.Rokossovski bu sözlərlə qiymətləndirib: «Hər bir hərbi təyyarənin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır.» Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Bir məsələni xatırladaq ki, neft mədənlərində, xüsusi təyinatlı müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70 faizini qadınlar təşkil edirdi. Azərbaycanlıların şəxsi vəsaitləri hesabına müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl vəsait toplanmışdı. Cəbhəyə 1,6 milyondan çox daha çox ehtiyac duyulan zəruri əşyalar və 125 vaqon isti geyim göndərilib.
Müharibədə iştirak edən , Vətənə orden və medallarla qayıdan həmyerlilərimiz həmişə xalqımızın qürur mənbəyi olmuşlar.
«Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur» söyləyən Ulu Öndər Heydər Əliyevin bu sahədəki diqqət və qayğısını davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə müharibə veteranları həmişə dövlət qayğısı ilə əhatə olunurlar. «Azərbaycan Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır - həm ön cəbhədə, həm də arxa cəbhədə. Bizim zavodlarımızda hərbi texnika istehsal olunurdu. O texnika və silahlar ki, müharibənin ən ağır anlarında sovet ordusuna əvəzsiz xidmət edirdi» söyləyən Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu il də 9 May Qələbə Günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına və əlillərinə, onlara bərabər tutulan şəxslərə maddi yardımlar göstərilib.
Amma faşizm ideyalarına sadiqliyini əsrlərdən bəri milli keyfiyyət kimi genlərində yaşadan ermənilər Reyxə xidmət göstərərək İkinci Dünya müharibəsində də milli mənsubluğundan asılı olmayaraq əsirlərlə amansız rəftar etmiş, gestaponun Buhenvald, Ovsensim, Liditse, Treblinka kimi digər ölüm düşərgələrində insanları ağır işgəncələrlə qətlə yetirmişlər. Dünya xalqlarının alman faşizminə qarşı mübarizə apardığı illərdə milyonlarla insanın qətlinə, kütləvi qırğınlara səbəb olan Fürerə məhəbbətini «Seqakron» adlı faşist təşkilatını və «Erməni SS legionu» yaratmaqla bildirən Qaregin Njde və Drastamat Kanayan (Dro) dinc əhalinin və əsirlərin kütləvi qırğınlarında şəxsən iştirak etmişlər. Bu faktı bilsələr də dünyada baş verən hadisələrə öz maraqları və ikili standartlardan yanaşan dövlətlər Njde və Dronun xatirəsinə Yerevanın paytaxtında ucaldılan abidəni təbii qəbul etdilər. Bu cür loyal yanaşma erməni faşizminin «çiçəklənməsinə» «yaşıl işıq» yandırdı. Nəticə isə daha ağır oldu. 1988-ci ildə daşnak siyasətinə, ideyalarına xidmət edən ermənilərin Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törətdikləri qanlı faciələr zamanı 250 mindən artıq soydaşımız doğma yurdlarını tərk etməyə məcbur oldu. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Şəhərin 613 sakini xüsusi qəddarlıqla öldürüldü, diri-diri yandırıldı. 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldılar. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqlar da erməni faşizminin, vəhşiliyinin nəticəsidir. Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya, «Tunel» adlanan ərazilərində, Başlıbel kəndində, Xocavəndin Edilli kəndində , Fərrux yüksəkliyi yaxınlığında aşkarlanan kütləvi məzarlıqlar da erməni vəhşiliyini sübut edən dəhşətli faktlardır. Bu gün də bəşəriyyətə, insanlığa qarşı cinayət olan faşizmə sadiqliyini davam etdirən Ermənistan terrorçularının, silahlı dəstələrdən ibarət separatçıların 30 ildə azərbaycanlılara qarşı apardıqları soyqırımi siyasətləri müasir dövrümüzdə hitlerizmin davamıdır.
İkinci Dünya müharibəsində əldə olunan Qələbə estafetini erməni faşizminə qarşı Vətən müharibəsində davam etdirən Azərbaycan xalqı, Silahlı Qüvvələrimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistana tarixi dərs verdi. Vətən müharibəsinin ilk günlərində «Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin «dəmir yumruğu» işğalçının «yenilməz ordu» mifini dağıtdı. Bütün dünya gördü ki, əsl yenilməzlik sözü Azərbaycanın Silahlı Qüvvələrinə məxsusdur. Mənəvi ruh, güc, xalq-ordu birliyi hesabına Hitler faşizmindən də qəddar olan erməni faşizmini məhv edən Azərbaycan xalqı İkinci Dünya müharibəsində qazanılmış Qələbədən də müqəddəs Zəfərə imza atdı. Bu imza əsl Vətən uğrunda qazanılan Qələbənin təsdiqi idi. 1941-1945-ci illərdə davam edən müharibədə «ümumi evimizi», SSRİ-ni faşizm taunundan xilas edən Azərbaycanın qəhrəman oğul və qızlarının varisləri 44 gün ərzində torpaqlarımızı əsarətdən qurtardı. Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında, Qubadlıda, Şuşada qaldırılan üçrəngli bayraqlarımız beynəlxalq terrorizmə, faşizmə qarşı mübarizədə qalib gələn Azərbaycan xalqının qətiyyətinin nümunəsi olmaqla düşmənə gözdağı idi. Dağlıq Qarabağ münaqişəsi yaranan ilk gündən torpaqlarımızın danışıqlar və hərbi yolla azad olunacağını bildirən Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, üçüncü yol yoxdur. Müdafiə qüdrətimizin güclənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində XXI əsrin döyüş taktikasını nümayiş etdirən Milli Ordumuz Zəfəri ilə tarix yazdı.
Yenə də mənfur xislətini davam etdirərək müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan imtina edən Ermənistan deyəsən «dəmir yumruq» üçün darıxıb. «İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük» sözləri ilə işğalçını gözləyən daha ağır nəticələrin xəbərdarlığını verən Prezident İlham Əliyevin «Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq» sözləri düşmənə daha bir xəbərdarlıqdır. Yəni, sülh olmasa, kommunikasiyalar açılmayacaq. Bölgədə yaranmış reallıqlardan təcrid olunan Ermənistan yeni geosiyasi konfiqurasiyada özləri üçün yer axtaracaqlar. Hadisələrin gedişi göstərir ki, bu «axtarışlar» onlara Hitlerin taleyini yaşadacaq.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri