Tədbirdən reportaj
2022-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşa ili” elan edilmişdi. Yazdığım məqalələrdən birini“Bütün illər Şuşa ili olacaq” adlandırmışdım...
2023-cü ili də bu ovqatla yaşayırıq – Azərbaycan naminə, azərbaycançılıq naminə. Ona görə “hər sadə, mürəkkəb cümləmizin mübtədası Vətəndi”. Azərbaycan dövlətinin min illərin o üzündən gələn səsi, milli ruhun dünya ilə döyüşünün təntənəsi “Vətən!” deyir, qılınc-sözün, söz-qılıncın qətiyyəti, qətiyyətin “Azərbaycan – dünyam mənim!” deyən dahi bir insana sədaqəti “Vətən!” deyir. Bu gözəl yaz günündə azərbaycançılıq işığının cazibəsindəyik. Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə ruhumuz Azərbaycan üçün Azərbaycanımızın bayrağına sarılır. İkinci Qarabağ müharibəsində döyüşçülərimizlə döyüşlərdən keçibdir deyə, işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan bayraqlarımızın rəmzidir deyə, Şuşanın göylərinə sərilən bayraqlarımızı xatırladır deyə, ...
Tədbirin mahiyyəti Azərbaycan üçün yaşanılmış bir ömürə ehtiramdı. Bu sərin yaz gününün yaşatdığı ovqatın mahiyyəti tarixi də, tarix yaradanları da yaşatmağa qadir olan vətəndaşlıq qürurudu. Tədbir bu qürurun işığında başlayacaq...
Hərbi Dəniz Qüvələrində böyük tarixi şəxsiyyət Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilir. “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir” deyən ən böyük azərbaycanlıya sevginin təzahürüdü bu tədbir. Hərbi Dəniz Qüvvələrinin inzibati binasının qarşısı dənizi xatırladır. Mənə elə gəlir ki, bu “gəmi” döyüş növbətçiliyindədi...
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir, tədbir iştirakçılarının sayı qədər səslə Azərbaycanın Dövlət Himni ifa edilir...
Belə tədbirlər layihə formatında gerçəkləşir; layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbirə başlanğıc kimi deyir ki, Azərbaycan Ordusunun qoşun növlərində, birliklərdə, birləşmələrdə, hərbi hisslərdə, xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən bu tədbirlər böyük tarixi şəxsiyyətə böyük ehtiramdır.
Hərbi Dəniz Qüvvələrində keçirilən “Heydər Əliyev ideyalarına sadiqik” adlı vətənpərvərlik tədbirində böyük tarixi şəxsiyyətə dənizçi ehtiramında dəniz xarakterini sezmək çətin deyil; sükutun coşqusu da, coşqunun kükrəyişi də könüləyatımlıdı..
Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov çıxışında Azərbaycanın dövlətçilik tarixinin bir hissəsinin böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasından, yeni nəslin yeni əsrə onun zəkasının işığında qədəm qoymasından, ... danışır, onun müasir Azərbaycanın dövlətçilik memarı olduğunu qürurla qeyd edir. Vitse-admiral Sübhan Bəkirov deyir ki, Ulu Öndər hələ sovetlər dönəmində Moskvanın ciddi etirazlarına baxmayaraq Bakıda Cəmşid Naxçıvanski adına ibtidai hərbi məktəbin açılmasına nail olmuşdu. Bu məktəbin məzunları sonralar müstəqil Azərbaycan Ordusunun formalaşmasının iştirakçısı oldular. Məktəbin 11 məzunu Azərbaycanın Milli Qəhrəmanı, 19 məzunu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyini də xilas etdi, Azərbaycan Ordusunu nizami ordu kimi formalaşdırmağa da nail oldu. Sonrakı dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda ordu quruculuğunda geniş islahatlar həyata keçirilməsini təmin etməklə bu ordunu daha da gücləndirdi.
2016-cı ilin Aprel döyüşlərində ordumuzun böyük qələbə qazandığını, 2 min hektardan çox ərazini işğaldan azad etdiyini, 2018-ci ilin mayında Günnüt qələbəsi ilə şəxsi heyətin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdiyini bildirən vitse-admiral İkinci Qarabağ müharibəsindən də danışır. 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan İkinci Qarabağ müharibəsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının da rəşadətlə döyüşdüyünü, dənizçi-xüsusi təyinatlılarının Goranboy, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı uğrunda döyüşlərdə iştirak etdiyini, “Qızılqaya” yüksəkliyində şücaətlə döyüşdüyünü xatırladaraq bildirir ki, Qubadlı şəhərini işğaldan onlar azad etdi, bu haqda Ali Baş Komandana məruzə olundu. Bu məruzə Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətinin qələbə sonluğu kimi tarixləşdi...
İkinci Qarabağ müharibəsində üç nəfər hərbçi-dənizçinin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülməsi də tədbir iştirakçılarını qürurlandırır...
Vitse-admiral Sübhan Bəkirov əminliklə bildirir ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyünün qorunmasında bundan sonra da əsl dənizçi rəşadəti ilə xidmət edəcək.
Manitorlar yubiley tədbirinin duyğusallığını daha da artırır. Tarixin anları klipləşdirilə bilər, klipləşdirilmiş anlar bu gün tarix kimi izlənilir; tarixin anları yenidən yaşana-yaşana, tarixin o üzündə qalanlar xatırlana-xatırlana, zaman anlamında dünənlərlə bu günlər (və sabahlar!) arasında mənəvi-ruhi yol olmaqla izlənilir. “Xalq üçün yaşanılan ömür bəşəri ömürdü!”, – İsa bulağı belə deyir, “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!”, nəşi Sibirdən, Tayşekdən Ulu Öndərin təşəbbüsü ilə gətirilən “səmalar şairi” Hüseyn Cavidin ruhu belə deyir, “Bu cahan mülkü belə qüdrətli halət görməyib!”, – Molla Pənah Vaqifin ruhu bu misraları pıçıldayır...
Min üç yüz ilin o üzündən Dədə Qorqud deyir ki, ruhum ruhunun alğışçısıdı, böyük insan...
“Xilaskar” deyir ki, Horadiz əməliyyatında Heydər Əliyev uğrunda döyüşdə qalib gələn əsgər Azərbaycan uğrunda döyüşdə şəhid oldu. O şəhidin ruhu bütün şəhidlərin ruhu adından deyir ki, təki Vətən yaşasın!..
1993-cü ilin 9 iyunu xatırladılır, Bu xatırlatma azərbaycançılığa sədaqətin xatırlatmasıdı: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Ulu Öndərin ön xətdə, səngərlərdə əsgər və zabitlərimizlə görüşməsi, onlara tövsiyələr verməsi, xidmətdə fərqlənənlərə hədiyyələr təqdim etməsi xatırladılır; zərurətin başlanğıcı tədbir iştirakçılarını duyğulandırır...
Səma şahinlərimizin uçuşları rəmz kimi qürurla izlənilir...
Ulu Öndərin kəlmələri bu gün də öyüd kimi dinlənilir...
Bakı Bələdiyyə Teatrının aktyorları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin “Xilaskar” poeması əsasında eyniadlı ədəbi-musiqili kompozisiya təqdim edir. Təqdimat əbədiyaşar ömürə ədəbi (və tarixi!) ehtiramdı. “Xilaskar”da misra-misra “xan qızının gözləri yollardan yığılır”, tarixləşmiş yüz illik ömürü tarixləşən yüz bəndlə təqdim edən bədii kompozisiya düşüncələrə sarılır, əsərin nəqəratı bildiyim misralar iştirakçıların sayı qədər təkrarlanır: “Heydər “Xalqım!” deyirdi, Xalq “Heydər!” deyirdi”. Adı tarixdə, özü xatirələrdə yaşayan böyük tarixi şəxsiyyətə ünvanlanan “O, torpağı ucaltdı, Torpaq dağlar kimi ucaltdı onu” bədii, bədii-fəlsəfi fikri həm də tarixi fikir kimi, tarixi gerçəkliyin poetik formatda ifadəsi kimi dinlənilir.
Mənə elə gəlir ki, manitorda işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz görününcə yubiley tədbirinin iştirakçıları “Heydər dühasının gücü, qüdrəti” ilə bir boy da dikəlib Zəngəzuru görmək istəyir. Tədbir iştirakçıları tədbir formatında xalqı təmsil edir; xalq bu niyyətinə də çatacaq, Azərbaycan dövlətçiliyi çatdıracaq, Azərbaycan dövləti çatdıracaq, Azərbaycan Ordusu çatdıracaq. Yeniyetməliyimdə Faxralıda bir kəlam eşitmişdim: “Deyən qadir deyil, dedizdirən qadirdir”. Bu kəlmələri bizə milli-xəlqi ruhumuz dedizdirir...
Səməd Vurğunun “Azərbaycan” şeirini dəfələrlə eşitmişik, bu şeir dəfələrlə ruhumuzun ruhuna dönüb. “Azərbaycan”ı indi də eşidirik. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən böyük tarixi şəxsiyyət Heydər Əliyev “Azərbaycan”ı toplaşanlara bir daha sevdirir. Manitordan üzülməyən baxışlar deyir ki, könül candan heç zaman ayrılmayacaq, Azərbaycanımız!..
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad ediləndə xalq müraciətində dediyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!..” fikri bu gün də həm Zəfər ovqatı yaradır, həm də böyük tarixi şəxsiyyətə böyük ehtiramın ifadəsi kimi dinlənilir...
Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında müasir Azərbaycanın dövlətçilik memarı olan dahi şəxsiyyətin yaşatdığı azərbycançılıq ideologiyasının bəşəri ideologiya olduğunu, azərbaycançılığın Azərbaycan dövlətçiliyinin ideologiyası kimi yaşadılmasını tövsiyə etdiyini bildirir...
Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professor-məsləhətçisi tarix elmləri doktoru, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyev böyük tarixi şəxsiyyətin Azərbaycana tarixi xidmətlərindən, Azərbaycan Ordusunun nizami ordu kimi formalaşdırmasından, general-mayor Anar Kərimov Heydər Əliyevin siyasi irsinin uğurla davam etdirilməsindən, onun formalaşdırdığı nizami ordunun indi ən güclü ordulardan biri olduğundan, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdə Heydər Əliyev tövsiyələrinin işığından, siyasi elmlər üzrə fəlsəfə doktoru ehtiyatda olan polkovnik Cəlil Xəlilov veteran təşkilatının müstəqillik dövründə təşkilatlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin qayğısından söz açır. Dənizçi-hərbçilər çıxışları maraqla dinləyir...
Yubiley tədbirində Bakı Bələdiyyə teatrının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Hərbi Dəniz Qüvvələrinin komandanlığı adından fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılır...
Bu sərin yaz günündə Xəzər elə sakitdi ki!
Xəzərin mirvari dalğalarının tərpənişində də bu günün ovqatı duyulur....
Rəşid Faxralı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri