Əgər məsələ öz həllini tapmazsa, Hayastana qarşı yeni addımlar atılacaq
Bu yaxınlarda ermənilər öz terrorçu mahiyyətlərini bir daha ortaya qoydular. Belə ki, 2023-cü ilin aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı oldu. Həmin vaxt Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışını pisləyib.
Terror təşkilatları və əməliyyatları bütün bəşəriyyət üçün bəla və təhlükədir. Belə əməliyyatlardan biri də “Nemezis” “Daşnaksütyun” partiyasının keçirdiyi terror aksiyasıdır. Bu aksiyanın məqsədi qondarma erməni soyqırımı və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması əməliyyatı idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı qədim yunan intiqam ilahəsi “Nemezida”nın adından götürülmüşdür.
Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919- cu ilin oktyabrında, İrəvanda keçirilən “Daşnaksütyun” partiyasının IX qurultayında qərara alınır. Həmçinin qondarma soyqırıma guya aidiyyətı olan insanların 650 nəfərlik siyahısı tutulur. Onların içərisindən 41 nəfər “əsas günahkarlar” elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi. O orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dakı səfiri Armen Qaro idi. Bu çirkin məqsədlərin həyata keçirilməsi üçün xüsusi fond yaradılır və Şaan Satçaklyan quruma rəhbər seçilir. Operativ rəhbərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idilər. İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan “gənc türklərlə” yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün 3-5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi. Bunlar İstanbulda nəşr edilən “Çakatamart” və Bostonda nəşr edilən “Droşak” qəzetlərinin redaksiyaları idi.
“Nemezis” əməliyyatı gedişatında erməni terrorçuları Azərbaycan və Türkiyənin tanınmış ictimai-siyasi və dövlət xadimlərini vəhşicəsinə qətlə yetirmişlər. Belə ki, 1920-ci il iyunun 19-da Tiflis şəhərində Azərbaycan Demokratik Respublikasının keçmiş Baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil Bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçuları Aram Yerkaryan və Misak Kirakosyan törədiblər. Yenə həmin il iyulun 19-da erməni terrorçuları tərəfindən Azərbaycan Parlamentinin keçmiş sədri Həsənbəy Ağayev qətlə yetirilir.
Həmçinin 1921-ci il martın 15-də Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm vəzifələrində işləmiş Tələt Paşa qətlə yetirilir. Yeri gəlmişkən, Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Təəssüf ki, Tələt Paşanın qatili Soqomon Teyleryan Berlin məhkəməsi tərəfindən bəraət almış və azadlığa buraxılmışdı.
Bundan başqa, 1921-ci il iyulun 19-da Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törətməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən “affect” vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. 1922-ci il iyulun 22-də Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal Paşa qətlə yetirilir. Qətli Petros Ter-Poqosyan və Artaşes Qevorqyan törədir. Qətlin hazırlanmasında, həmçinin Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak etmişdilər. 1920-ci il mayın 31-də Kürdəmirdə Azərbaycan Demokratik Respublikasının Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir.
Bu günlərdə qardaş Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib. Nazir qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə vermək üçün edib: “Ermənistanla münasibətlərin normallaşması istiqamətində bəzi jestlər etdik. Məqsədimiz bir tərəfdən münasibətlərin normallaşması, digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına töhfə vermək idi. İrəvanda terrorçulara “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir. Abidənin götürülməsi üçün Ermənistana lazımi müraciətləri göndərdik. Əlavə tədbirlər görməyi də düşünürük”.
Zahid Rza, İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri