Faşizm üzərində Qələbə Günü Azərbaycanda rəsmi dövlət bayramı kimi təntənəli surətdə qeyd olunur
Alman faşizmi üzərində Qələbədən 78 il ötür. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.
Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Bu qələbə heç də asan başa gəlməyib. Yüz minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma torpağımızı qoruyublar. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
9 may – Faşizm üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.
170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.
Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları, nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.
Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
Dövlət başçısı İlham Əliyev hər il İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardımların verilməsi ilə bağlı məsələni gündəmdə saxlayır və bununla bağlı müvafiq sərəncamlar imzalayır. Bu il aprelin 26-da Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Buna görə Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.
Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, sözügedən müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə birdəfəlik maddi yardım veriləcək. Həmçinin İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək.
Hər il faşizm üzərində Qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə Günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Cavid Əkbərov, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri