09 may 2023 02:14
539

Humanizmin təntənəsi, insanlara qayğının ifadəsi

Prezident İlham Əliyevin mayın 8-də imzaladığı «Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında» Sərəncam ölkəmizdə insan amilinə göstərilən diqqətin növbəti təzahürüdür.

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi təkcə xalqımız tərəfindən deyil, beynəlxalq səviyyədə təntənə ilə qeyd edilir. Müasir Azərbaycanın tarixində əlamətdar hadisə olan Ulu Öndərin əbədiyaşar əziz xatirəsinin böyük hörmət və ehtiramla yad edilməsi, bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən dahi şəxsiyyətin zəngin mənəvi irsinə sadiqlik, ehtiramın nümunəsidir. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm, fundamental islahatlar həyata keçirən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi diqqət humanizm, mərhəmət və insanpərvərlik kimi ülvi dəyərlərin təcəssümüdür. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin davamlı olaraq imzaladığı əfv sərəncamları cəzadan azad olunan şəxslərin fəal, ictimai əməyə qayıdış nümunəsi olmaqla, həmin insanların müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inamın təzahürüdür. Məhkum olunmuş bəzi şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərini nəzərə alan Prezident İlham Əliyevin növbəti əfv Sərəncamı imzalaması ölkədə mövcud olan vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin mənəvi irsinə sadiqlik, fundamental islahatların həyata keçirilməsi Azərbaycan demokratiyasının tarixi qələbəsidir. İnsan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verən Ulu Öndərin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davam etdirilməsinin əsas göstəricisi cəzadan azad olunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanması idi.

Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də imzaladığı Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir. Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir. Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilmişdir. Onlar arasında jurnalist Elçin Məmmədin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də adları da vardır. Həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi.

Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik inkişafın əsas istiqmət kimi diqqətdə saxlanıldığı Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Prezident İlham Əliyevin vətəndaşların rifahı naminə daim səsləndirdiyi və əməli fəaliyyətinin əsas istiqamətləri kimi diqqətdə saxladığı çağırışlarından olan «Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır» tezisi real həyatda əks olunur. Multikultural və tolerant dövlət kimi humanizm siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğıdan da bəlli olur ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir və diqqətdə saxlanılır. Bu baxımdan, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.

Artıq beynəlxalq səviyyədə təsdiq olunmuş faktdır ki, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin və humanizmə sadiqlik ənənələrinin əsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlam cəmiyyət formalaşdırmaqdır.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ölüm hökmünə moratorium qoyan Ulu Öndər bu cür humanist əməli ilə yüz minlərlə insanın taleyində dönüş yaratdı. Ümummilli Liderin demokratiyaya sadiqliyinin nümunəsi olan bu siyasətin humanist mahiyyəti əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunmasıdır. Törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir. Təcrübə göstərir ki, əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını qiymətləndirərək cəmiyyətin üzvü kimi, fəal əməklə məşğul olurlar.

Əfv Sərəncamının cəmiyyət tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə söz azadlığının, plüralizmin, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Milli Konstitusiyamızda bütün vətəndaşlara qarşı eyni münasibətin, dəyərin ifadəsidir.

Humanizm prinsiplərinə əsaslanan və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində imzalanan bu Sərəncam xalqımızın Ümummilli Liderə hörmət və ehtiramının da nümunəsidir. Ümumiyyətlə, dövlət başçımız tərəfindən imzalanan, qanunçuluq prinsiplərinə əsaslanan əfv sərəncamları cəmiyyətdə humanizm və həmrəylik ideyalarını, vətəndaş-dövlət münasibətlərini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin «Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır», «Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır”» sözləri dövlətimizin sosial siyasətinin də əsasını təşkil edir. Dövlət başçımızın sosial siyasət konsepsiyası ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılmasına, cəmiyyətin ən həssas üzvlərinin tələbatının, ehtiyaclarının qorunmasını əhatə edir. Bütün vətəndaşlara hərtərəfli yanaşma prinsipi xalqımızın birlik və həmrəyliyini möhkəmləndirir. Azərbaycan dövləti sübut edir ki, sadəcə bir qrupa diqqət ayırmaq ya da digəri üzərində üstünlük verməkdənsə, bu narahatlıqlar tarazlaşdırılan inklüziv yanaşma ilə daha ağlabatan və daha ədalətli şəkildə həll edilə bilir. Bu gün Azərbaycan vətəndaşı dinc, sabit və inkişaf edən bir ölkədə yaşayır, yaradır, firavan gələcək qurur. Respublikamız beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, Azərbaycan gənci küçələrdə iğtişaşlarda deyil, elm ocaqlarında zəngin biliklərə yiyələnir, özlərinə sağlam gələcək qururlar. Yaranan belə sağlam mühit, cəmiyyət isə neqativ halların qarşısının alınmasında başlıca vasitədir.

Xuraman İsmayılqızı, «İki sahil»