08 may 2023 15:08
520

Ümid işığı...

Yaz fəslinin xoş günlərindən biri idi. Bahar iki ay idi ki, ölkəyə daxil olmuşdu, Naxçıvan torpağında Əliyevlər ailəsində bu günlər həyacanla keçməyə başlamışdı. Ailənin təlaşı vardı, yeni gələcək övladları üçün.  Ata oğlumu olacaq deyə düşünürkən, ana isə tezliklə körpəsini qucağına alacağı saatı saymağa başlamışdı. Ailə yeni körpənin gəlişini böyük sevincinlə gözləyirdi. Gözlənilən o gün gəlib çatdı. 1923-cü il may ayının 10-u Əliyevlər ailəsi adını Heydər qoyduqları oğul övladını bağırlarına basdılar...

Bu körpə ailəyə sevinc, xoşbəxtlik gətirmişdi... Ana necə layla və oxşama ilə balasını böyütmək üçün gecəsini-günüzə qatırdı. Tezliklə zaman ötüb keçdi, həmin körpə böyüdü. Elə körpəlikdən Heydər Əliyev ağıllı, uzaqgörən hərəkətləri ilə yaşıdlarından seçilməyə başladı. Ana, atasınında böyük ümidlər yaradan Heydər, onun gələcəkdə böyük iş adamı olacağına inandılar...  Ancaq düşünmədilər ki, dahi şəxsiyyət Heydər Əliyev öz əməyi, vətənpərvərliyi, qəlbində böyütdüyü el-oba sevgisi ilə bir gün Azərbaycan dövlətinin qurucusu, xalqının xilaskarı, bu milləti qaranlıqdan aydınlığa çıxaran ümid işığı olacaqdı...

Milli azadlıq və istiqlaliyyət tarixində dövlətin, xalqın xilaskarı...

Bəli, sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gənc yaşlarından yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Ulu Öndərin xalqa göstərdiyi misilsiz xidmətləri 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olduğu dövrlə başladı. Xalqın  yaddaşında daim qalacaq olan o inkişaf dünya azərbaycanlılarının ümid işığı oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə intibaha və milli şüurun oyanışına, müstəqilliyə doğru yol almağa başladı. Keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi.

Zəngin və çoxşaxəli irsi, xalqa etdiyi xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu gəncliyimiz üçün nümunəvi məktəbdir. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Uzaqgörənliyi ilə seçilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Daha xalq inamla irəli gedəcəyinə, müstəqilliyə qovuşacağına inanmağa başladı. Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

Ölkənin üzərini yenidən alan qara buludlar...

1990-1995-ci illər... Azərbaycana qara günlərlə dolu yazılan tarix deyərdim, o dövrə mən. Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Bundan istifadə edən ermənilər ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərək əzəli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüzə başladı. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsa idi heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq, 1990-cı ilin yanvarında dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misligörünməmiş qanlı faciə ilə nəticələndi. Əfsuslar olsun ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Həmin dövrdə Vətənə qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq ölkənin ağır günlərinə biganə qala bilməyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin Sədri seçildi.

Naxçıvan əhalisinin ümidi, sabaha inamı olan Ulu öndər həmin illərin mahiyyətini ayrıca vurğulayaraq, muxtar respublika sakinləri ilə görüşlərinin birində demişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə, ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Naxçıvandan başlanan müstəqillik yolu...

Həmin vaxt blokadaya salınmış Naxçıvanda vəziyyət çox acınacaqlı idi. Bütün əlaqələrini Azərbaycandan kəsən qədim diyar tənha adaya dönmüşdü. Siaysi hərc-mərclik, çökən iqtisadiyyat, o zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana bəslədiyi ögey münasibət, digər tərəfdən ermənilərin aramsız hücumlarını da düşünsək muxtar respublikanı necə faciyəvi günlər gözlədiyini göz önünə gətirmək olar. Ancaq 1990-cı il 22 iyul tarixi naxçıvanlıların Xilas Günü kimi tarixə yazıldı. Xalqımızın böyük oğlunun vətənə qayıdışı əhalinin xilası demək idi. Bütün muxtar respublika əhalisi öz xilaskarını qarşılamaq üçün Ulu Öndərin görüşünə gəlmişdi. Görkəmli şəxsiyyətin gəlişi ilə Naxçıvan diyarı nicat yolunu tapdı. “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq ... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə azadlıq uğrunda  mübarizəyə qoşulmağa gəlmişəm”,- deyən dahi rəhbərimiz xalqının çətin günündə imdadına çatdı. Həmin ərəfədə Ulu Öndərin Naxçıvanda gənclərlə görüşü zamanı dediyi sözlərsə artıq Azərbaycanın müstəqillik yolunda ilk qığılcımlarını yandırması, ümid işığı idi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.

Bəli, bu böyük arzu və istək böyük əziyyətlər, çətinliklərlə başa gələcəkdi. Ancaq Ulu Öndərin buna inamı və qətiyyəti sayəsində artıq xalq xilaskarına bütün qəlbi ilə inanırdı. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Ulu Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi. Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”- deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Müstəqilliyimizin 0tuz ili - 1993-2023-cü illər ərzində məşhur kəlamda söylənildiyi kimi “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir”, Dahi Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.

Zəfərlərdən-zəfərə, xoşbəxt gələcəyə doğru...

Bu gün Azərbaycanda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının Lideridir. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, 2020-ci il 27 sentyabrda başlanan əks-hücum əməliyyatı ilə düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında darmadağın edildi, Ermənistan ordusu məhv edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.  Azərbaycanın əzəli və qədim tarixi torpaqlarında 30 il sonra üçrəngli bayraqlar dalğalanmağa başladı. Bu istiqamətdə 10 noyabr 2020-ci il tarixdə qəbul edilən üç tərəfli bəyanatla Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. O günsə çox uzaqda deyil...

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Çünki Müzəfər Sərkərdəsinin ətrafında bir yumruğa çevrilən bütöv Azərbaycan xalqı bütün qəlibi ilə buna inanır...

Səriyyə Salahova,
“Arazın səsi” qəzetinin məsul katibi