08 may 2023 15:27
685

Qələbəyə verilən əvəzsiz töhvə

İkinci Dünya müharibəsi insanlığın və bəşər tarixinin şahidlik etdiyi ən dəhşətli müharibə olmuşdur. Bu müharibədə verilən insan itkiləri, eləcə də törədilən dağıntıların miqyası ölçüyə gəlməz dərəcədə böyük olmuşdur. Qanlı toqquşmalar nəticəsində Avropa qitəsinin bir çox ölkələri demək olar ki, xarabazarlığa çevrilmişdi. 1941-ci il iyunun 22-də müharibənin əsas təşəbbüskarı olan Hitler Almaniyası Azərbaycanın da müttəfiq respublika kimi daxil olduğu SSRİ-yə hücum etdi. Azərbaycan xalqı da faşizmə qarşı mübarizənin iştirakçısına çevrilmiş oldu. Faşizm üzərində böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqı misilsiz fədakarlıq göstərdi. Bu müharibədə 700 minə yaxın azərbaycanlı səfərbər olunmuşdu. Xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişdir. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur.

Hitler Almaniyasına qarşı aparılan müharibədə Qələbənin əldə olunmasına ən əvəzsiz töhvəni Azərbaycan neftçiləri verdilər. Bütün mövcud çətinliklərə baxmayaraq neftçilərimiz 1941-1945-ci illərdə böyük fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yüksək keyfiyyətli yanacaqla fasiləsiz təmin etdilər. Neftçilərimizin fədakar əməyi sayəsində 1941-ci ildə Azərbaycan tarixində neft hasilatı üzrə rekord həddə-23,5 milyon ton neft istehsal olundu və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil etdi. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları verdilər. Azərbaycan xalqı məşəqqətli müharibə illərində cəbhəni təkcə yanacaqla təmin etməklə kifayətlənmir, eyni zamanda xalq təsərrüfatı sahələrində də var gücü ilə çalışaraq cəbhənin bütün ehtiyaclarını qarşılamaq üçün lazım olan hər şeyi edirdi.

İkinci Dünya müharibəsi illərində Azərbaycanın cəsur, mərd oğul və qızları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etdilər. Avropanın müxtəlif ölkələrində faşizmə qarşı formalaşmış partizan hərəkatlarının fəal iştirakçıları içərisində kifayət qədər soydaşımız var idi. Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi məhşur Azərbaycan partizanları faşizmə qarşı mübarizədə əfsanəyə çevrildilər.

Azərbaycan xalqı istər qanlı toqquşmaların davam etdiyi müharibə illərində, istərsə də İkinci Dünya müharibəsi bitdikdən sonra bərpa-quruculuq işlərində yaxından iştirak etdi. Xalqımız hər zaman müharibənin ağır, çətin sınaqlarından alnıaçıq, üzüağ çıxmış veteranlara qayğı və diqqətlə yanaşmışdır, onların faşizm üzərində qələbə naminə fədakarlığını yüksək qiymətləndirmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev də faşizm üzərində qələbəyə əvəzsiz töhvələr vermiş Azərbaycan neftçilərinin əməyini xüsusi vurğulayaraq demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini