08 may 2023 13:01
431

Dövlətimizin həyata keçirdiyi siyasət hər zaman milli maraqlara xidmət edib

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

May ayının 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Həmin gün ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans məhz qədim Şuşada keçirildi. Beynəlxalq konfransın məhz Heydər Əliyev İlində keçirilməsi bu nüfuzlu tədbirin əhəmiyyətini daha da artırdı. Bu il Azərbaycanda Ümummilli Liderimizin xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, dövlətimizin daxili siyasətinin vacib məsələləri, regional inkişaf prosesləri və beynəlxalq məsələləri əhatə edən çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Həm də belə tədbirlər təkcə ölkəmizdə deyil, həmçinin Azərbaycanın hüdudlarından kənrda da təşkil edilir. Şuşa konfransında iştirak edən Prezident İlham Əliyev çıxışında dediyi kimi, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu arzunu gerçəkləşdirdi. Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi daim dünyanın diqqətindədir. Dünyanı narahat edən məsələlərin, hədəflərin bu məkanda müzakirə edilməsi, buradan Ermənistana və havadarlarına Azərbaycanın mesajlarının ünvanlanması əhəmiyyətli hadisədir. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər. Beynəlxalq konfransda iştirak edən dövlətimizin başçısı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Azərbaycan bu gün nə dünyada, nə də xüsusən Cənubi Qafqazda gedən proseslərə biganə qala bilməz. Bu proseslərin inkişaf istiqaməti isə hazırkı vaxtda daha çox Ermənistanla Azərbaycan arsında sülh sazişinin bağlanmasından asılıdır. Həmçinin qardaş Türkiyə ilə münasibətlərin inkişaf perspektivləri ilə bağlı verilən sualı cavablandıran Prezident İlham Əliyev qeyd etdi ki, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Əlbəttə ki, bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Bu, eyni zamanda regional inkişafın önəmli amilidir.

Azərbaycanın istər regional inkişafla bağlı siyasəti, istər beynəlxalq məsələlərlə bağlı, ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasəti hər zaman milli maraqlara xidmət edib. Buna görə də tam əminliklə deyə bilərik ki, Azərbaycanın geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacağına dair cənab Prezidentimizin verdiyi proqnozlar ciddi arqumentlərə əsaslanır. İki ildən artıq dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin hər biri Böyük Qayıdış proqramının daha sürətlə icrasından, soydaşlarımızın tezliklə tam tərkibdə bu ərazilərə qayıdışından xəbər verir. Hər bir səfər görülən işlərin miqyasının nə qədər böyük olduğunu açıqlayır.  Prezident İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını vurğulayıb. Dövlətimizin başçısı xarici işlər nazirlərinin Vaşinqton görüşünə toxunaraq qeyd edib ki, erməni tərəfi görüşdən bir həftə əvvəl sülh sazişi layihəsinə şərhi bizə təqdim edib. Burada yenə də, Azərbaycana qarşı ərazi iddiaları var. Ərazi iddialarının olması isə Vaşinqton görüşündə nəticənin əldə olunmasına imkan vermir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür.

Ayaz  Cəbrayılov,

Yeni  Azərbaycan  Partiyası  Kürdəmir  rayon təşkilatının sədri