Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun anadan olmasının 100 illiyinin ulu öndərin nəhəng şəxsiyyətinə, titanik fəaliyyətinə, milli tariximizdə tutduğu misilsiz mövqeyə layiq qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz ümummilli liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir. Sərəncamda göstərildiyi kimi: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir”.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasətçilər və dövlət xadimləri çox olmuşdur. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Böyük Öndər Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi.Təsadüfi deyil ki,dünyanın tanınmış şəxsiyyətləri Ulu Öndər haqqında fikir yürüdərkən onun gücünü siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında – bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində gördüklərini etiraf edirdilər:
“Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir”.
Rəcəb Tayyib ƏRDOĞAN, Türkiyə Respublikasının Prezidenti
-“Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.”
Çingiz Aytmatov,Qırğızıstan xalq yazıçısı.
-“Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.”
Nikolay Baybakov, keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri.
- “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır.” “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!”
Corc BUŞ, Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti
-“Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.”
Jak ŞİRAK, Fransa Respublikasının sabiq prezidenti.
-“Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.
Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.”
Toni BLEYER, Böyük Britaniyanın sabiq Baş naziri.
Ulu Öndərin siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi, verdiyi suallar, qaldırdığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi. Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyil.Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və sürətlə inkişaf edir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Qazanılan bu uğurlar bütün sahələrdə özünü göstərir. Ən böyük uğurlarımızdan biri də ulu öndərin yaratdığı möhtəşəm əsaslar üzərində onun Qarabağın xilas edilməsi arzusunun gerçəkləşməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdir. Təbii ki, bütün bu uğurlar və sonrakı dövrlərdə qazanacağımız böyük qələbələr ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.
Azərbaycanın əbədi parlaq günəşi Ulu Öndər Heydər Əliyev daim ürəklərdə yaşayacaqdır!
Seyfəddin Əliyev,
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri