Otuz ilə yaxın vandal qonşularımızın tapdağı altında həsrət dolu baxışları bizə sarı dikilən, sınıq qəlbli-Şuşam. Artıq sən azadsan. İndi sən yenidən bizimsən. Qarabağın – qəlbi, xalqımızın ümid, pənah qalası- Şuşa. Şuşa şəhəri azad edildikdən sonra mən mənə sığmıram. Şuşadan çəkilən videolara, şəkillərə baxanda düşünürəm ki, uçulmuş, viran qalmış yurd niyə belə doğmadır bizə?! Niyə Şuşa deyəndə insanın ürək döyüntüləri artır? Nədir bu Şuşa sevgisi?! Bəlkə də zamanında ümid qalası olması, alınmaz olması, əzəmətli duruşu.
Şuşa qalasının tarixinə nəzər salaq. Nadir xanın “Muğan qurultayı”nda şah seçilməsinə etiraz edən Qarabağ bəylərbəyliyində yaşayan bir çox türk tayfaları Xorasana və digər ucqar ərazilərə sürgün olundu. Nadir şahın ölümündən sonra 1747-ci ildə Pənahəli xan Qarabağ xanlığının əsasını qoydu.Bundan sonra öz doğma yurdlarına dönən tayfalar geniş quruculuq işləri aparmağa başladı. Uzun sürən müharibələr, ağır iqtisadi vəziyyət bu bölgədən də yan ötməmişdi.Xanlığın ərazisi abadlıq işləri nəticəsində günü-gündən çiçəklənir, qüdrətlənirdi. Lakin xan anlayırdı ki, düşmənlərdən qorunmaq üçün əsas şərt güclü müdafiə qalasının olmasıdır. “Bayat savaşı” isə bu fikri tam sübut etdi.
Pənahəli xanın əmri ilə yeni qala tikmək üçün uyğun yer axtarılırdı. Qərara gəlinir ki, Şuşa ovalığı strateji cəhətdən çox əlverişlidir. Ovalığın bir tərəfi Daşaltı çayı, bir tərəfi isə Xələfi çayına enən sərt sıldırım qayalarla əhatə olunmuşdur. 1752-ci ildə başlanan qala tikintisinə xanlığın vəziri Molla Pənah Vaqif başçılıq edirdi. Qala elə tikilməli idi ki, onu heç bir qüvvə işğal edə bilməsin. 1758-ci ildə qalanın tikintisi başa çatır. Xanlığın dörd bir tərəfi ilə əlaqə saxlamaq və güclü müdafiə xarakterinə malik bu qala xanlığın gücünə güc qatır və sınaqlardan onu “üzü ağ” çıxarırdı. Düşmən hücumlarından qorunmaq üçün xanla əhalinin birgə sığınacağına çevirilir və hər dəfə döyüşlərdən qalib çıxırdı. Qalanı heç bir güclü ordu fəth edə bilmirdi.
Zamanla Şuşa şəhəri Azərbaycan ədəbiyyatının və musiqisinin mərkəzinə çevrilmiş, əvəzsiz mədəniyyət xadimləri yetişdirmişdir. Xalqımızın mənəvi “paytaxtı”na çevrilən şəhərin illər, əsrlər keçsə də gözəlliyi və nüfuzu azalmır əksinə artırdı. Qafqazın mədəniyyət, elm beşiyi olan Şuşa ümummilli liderimiz Heydər Əliyev üçün də əziz idi. O tez-tez oranı ziyarət edər şəhərin inkişafı üçün əlindən gələni edərdi.
Lakin 1992-ci il 8 may tariximizə kədərli bir gün kimi daxil oldu. Şuşa o zamankı yarıtmaz hakimiyyət orqanlarının biabırçı siyasəti, xəyanəti nəticəsində mənfur düşmənin əlinə keçdi. Əli-qolu “qandallanan” şəhər düşmənə təhvil verildi. İşğal illərində şəhər sanki həsrət göz yaşları tökür, qəmli-kədərli iniltiləri bağrımızı yarırdı. 27-sentyabr 2020-ci ildə müzəffər ordumuz Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızın azadlığı uğrunda savaşa başladı.
Tarixi Azərbaycan torpaqlarının ard-arda azad olunması xalqımızın ümidlərini artırdı. Hamı “Şuşa sən azadsan!” sözünü eşidəcəyi günü gözləyirdi. İgid, qorxmaz əsgərlərimiz bu sevinci bizə yaşatdı. 1600 metr hündürlüyü olan dik və sıldırım qayanı yüngül silahlanmış, ölümün gözünə dik baxan əsgərlərimiz möcüzəvi bir şəkildə fəth etdi. Bu şücaəti ilə düşməni lərzəyə gətirən hərbi hissəmiz Şuşaya daxil oldu. Keşməkeşli tarixi, viran qoyulmuş məhəllələri, sevincli-kədərli xatirələri ilə əziz Şuşam sən bizimsən, tariximizin silinməz parçasısan, döyünən qəlbimizsən! Təbiət belə səni tərk etməyə qıymadı uçuq-sökük abilər, evlər, məhəllər - hər tərəf təbiət “yaşıl bağrında” idi.
Bu gün şəhərdə sürətli quruculuq işləri gedir.Şuşa günü-gündən gözəlləşir. Bütün dağıldılmış tarixi abidələrimiz bərpa olunur. İsa bulağı , Qala divarları, Xan qızı bulağı, Vaqifin heykəli, Bülbülün ev muzeyi, məscidləri,tarixi şəxsiyyətlərin ev muzeyləri restovrasiya olunur. Bizim 270 yaşlı həm qocaman,həm də cavan Şuşamız! Sənin uğruna minlərlə can şəhid olmuş, onlarla musiqi yazılmış, şeirlər qoşulmuşdur.
“Şuşa bizim işğalımızın rəmzidir” sözləri bu gün, “Şuşa Muğamın beşiyidir” sözləri ilə əvəz olundu.
Ümumilli liderimizin layiqli davamçısı Cənab Prezidentimizin illər sonra Şuşada- Cıdır düzündə təşkil olunan “Xarı bülbül “ festivalı zamnı, atasının səs yazısını və “Bayatı- Şirazı” dinləyərkən keçirdiyi qürür hissi , kövrəlməsi və sevinc göz yaşları bütün hisslərimizi ifadəsidir.
Vəfa Seyidova,
YAP Xətai rayon təşkilatının üzvü,
Tarix müəllimi
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri