07 may 2023 17:30
557

Xalqın əbədi sevgisini qazanan dahi Lider

1923-cü il – 23 aylıq müstəqilliyini itirmiş, Rusiyanın əsarətinə düşmüş məmləkət. Atalar-analar torpaqdan, daşdan çıxardıqları bir tikə çörəklə gələcəyin ümidlərini yetişdirirlər. Əlirza atanın ailəsində elə övladlar yetişdilər ki, onlardan təkcə birinin qüdrəti ilə Azərbaycan ikinci və əbədi müstəqil­liyini qazandı. O, qəti təmkinlə “Azərbaycanın müstəqilliyi, əbədidir, dönməzdir, sarsılmazdır!” – dedi.

Əliyevlər ailəsinin Sərkərdə oğlunun dövlət qurması, daha sonra nəvəsinin o dövlətin sarsılmazlığını təmin etməsi azərbaycanlıların ürəyində bir nida kimi heykələ dönəcəkdi! Kainatın öz qanunu var. Şərqdə ilk demokratik Cümhuriyyət qurmağı bacaran xalqın azadlıq istəyi, türk qardaşlarımız demiş, evrenə, göndərilmişdi. Cavabını 1993-cü ildə aldıq. İyunun 15-i tariximizə Qurtuluş Günü kimi yazıldı. Qurtulduq!

Bu gün Heydər Əliyevin yol xəritəsi par-par parıldayır. 28 il işğalda qalan cənnət yurdlarmızın hərəsi bir günəşə dönüb, xalqın simasına nur saçır.

Tələbə olmaq istəyən Heydər insan fəaliyyətinin məhz yaradıcı sahəsini seçdi. Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul oldu. Tələbə ikən müharibənin amansızlığı ilə üzləşən Heydər Əliyev 1994-cü ildə Prezident olaraq işğalçı Ermənistanla atəşkəsə nail oldu.  1941-ci ildə ilk ali təhsilini yarımçıq qoymaq məcburiyyəti yaşayan fenomen şəxsiyyət 26 ildən sonra general oldu. Taleyini özü yazan insanlar silsiləsində ucalardan ucada dayanmaq bu olsun gərək!

1969-cu ilin 14 iyulunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi.

SSRİ – dünyanın bir nömrəli nəhəng ittifaq dövləti. Bu ittifaqın əsas rəhbərlərindən biri də Heydər Əliyev! O ölkədə yaşayan 131 millətin içində bu qədər yüksək idarəçilik ucalığına yüksəlmək dahi insanın hansı səviyyədə möhtəşəm olduğunun görsənişidir.

Onun həyat kredosu Azərbaycanın bütün sahələrdə yüksəlişi idi. Heydər Əliyev dühası sovet Azərbayca­nında yüzlərlə mübarək işlərə imza atır. Elmin, mədəniyyətin, təsərrüfatın bütün sahələri o dövrdə bitkin forma alır. O dövrdə ölkədə ümumi şifahi, ədəbi, elmi, rəsmi... dil öz zənginliyini əldə edir. O dövrdə Azərbaycanda artıq yetkin sosial təfəkkür formalaşır.

Türk ölkələrinə bu xoşbəxtliyi yaşamağa imkan vermək istəməyən imperiyanın məkrli xislətinə yox deyən Heydər Əliyev 1987-ci ilin oktyabrında Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Bu cəsarətə sahib olmağın özü də dahilikdir. SSRİ-nin faktiki 4-cü vəzifəsinə sahib olasan və özünün, xalqının ləyaqətini daha uca tutasan, kabinetin qapısını imperiyanın sifətinə çırpasan. Xalqına görə, ölkənə görə, vətənin kölə olmamasına görə ən yüksək karyeradan belə imtina edəsən.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. O, keçmiş Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını da tərk etdi.

Sonrası yaşadığımız şanlı tarixdir. 1990-cı ildə Bakıya, ardından Naxçıvana qayıdan Heydər Əliyevin bütün varlığı ilə sevdiyi Xalqı da Liderin sağ-salamat dönməsinə dua edirdi. Heydər Əliyev gəlişi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Sovetinin Sədr müavini oldu, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın Sədri seçildi.

Başını və başçısını itirmiş Azərbaycan xalqı Heydər Əliyevi təkidələ ölkəni xilas etməyə çağıranda  “xalqın gözü tərəzidir” inamını o dərəcədə təsdiqləmiş oldu ki, bu kəlməni işlədən qədim ataların da ruhları sevindi.

O, daxili çəkişmələrdə qanla çalxanan Azərbaycanı 1993-cü ilin 15 iyun nidası ilə xilas etdi. Hər kəs Heydər Əliyevi özünün doğması, əzizi, ailə üzvü bildi. Bir çağırışla gecə saat 3-də Azadlıq meydanına toplaşan xalq sonsuz sevgisi ilə Heydər Əliyevin dayağı oldu. Parlamentdə "Məni ancaq fiziki məhv edə bilərsiniz, amma fikrimdən, əqidəmdən döndərə bilməzsiniz” deyəndə də xalqa arxalandı. SSRİ-yə yumruq göstərdiyinə görə, qapalı şəraitdə saxlanılmağa məcbur ediləndə də, onu Azərbaycandan doğacaq Günəş enerjiyə bürüdü. Naxçıvanda olarkən çəkdiyi əziyyətlərə də xalqın simasına qonacaq fərəhli gülüşü təsəvvüründə canlandıraraq ovundu.

Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də Milli Məclisin qərarı ilə Ölkənin Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi onu Ölkənin Prezidenti seçdi, Onun rəhbər­liyə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.

Ulu Öndər Heydər Əliyev idarəçilikdə kadr resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qurdu. Ölkədəki digər siyasi güclər onunla rəqabət apara bilmədi. 1994-cü il sentyabrın 20-də neft yataqlarının birgə işlənməsi və hasil olunması üçün dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin Müqaviləsi”ni imzaladı. Bununla da həm dövlətin xarici siyasi dayaqlarını, həm də dövlətin zəngin büdcəsini təmin etmiş oldu.

Heydər Əliyevin Prezidentliyi zamanında ordu quruculuğunda ciddi yüksəliş başladı. Erməni təcavüzünün qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi. O, gələcəkdə müzəffər ordu qurub qarşı tərəf üzərində “Dəmir yumruq” Zəfərinin qazanılması üçün 1994-cü ilin mayında ilk mərhələ kimi atəşkəsə nail oldu.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edildi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Dünya Azərbaycanlılarının Diaspor təşkilatının yaradılması, mediada senzuranın ləğv edilməsi, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə, O, dövlətin bütün atributlarını, təsisatlarını qurmaqla Azərbaycan adlı yeni, modern ölkənin memarı oldu.

Heydər Əliyev keçmiş SSRİ və müstəqilik dövründə çoxlu sayda mükafata layiq görülüb. Sonra özü ən ali mükafata çevrildi: "Heydər Əliyev" ordeni! Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan xalqı və dövləti qarşı­sında müstəsna tarixi xidmətlərini dəyərləndirərək və Onun xatirəsini əbədiləşdirmək məqsədi ilə təsis edildi.

Ancaq Ona ən böyük mükafat xalqın əbədi sevgisidir. Bu nəhəng insana verilən layiq qiymətin çəkisi elə Azərbaycan dünyası qədərdir. Ulu Öndər, Ümummilli lider adına layiq görülən insan əbədiyaşardır demək. O, həmişə bizim dünyamızdadır. Heydər Əliyev həm də Prezident İlham Əliyevin simasında yaşayır.  “Biz o yurdlara qayıdacağıq, mütləq qayıdacağıq” – dahi insan belə demişdi. Qayıtdıq. Ali Baş Komandan bizi Şuşaya qaytardı. Ölkə tarixində son 200 ildə yaşanmayan hadisə baş verdi. Azərbaycan xalqının 28 illik yurd həsrətinə son qoyuldu.

Dünya var olduqca Ulu Öndər haqqında yazılacaq, danışılacaq. O, yenidən ölkəyə dönəndə 11 yaşım var idi. Dünyanın gəlişindən-gedişindən, siyasətdən xəbərsiz bir məktəbli. Hamı Heydər Əliyev haqqında danışırdı. Biz məktəblilərin qəlbində səmimi sevgi vardı – Heydər baba sevgisi! O vaxt inanırdım ki, Qarabağı məhz Heydər baba alacaq. Bu gün Qarabağ bizimdir. İnamım doğrulub. Heydər Əliyevin vəsiyyəti ilə Onun varisi bizi inamın xoşbəxt nəticəsinə çatdırdı. Özü müzəffər Ali Baş Komandan, bizi isə Qalib xalq kimi tarixə yazdı. İndi bütün dünya Azərbaycanın qüdrətindən danışır. Bu qüdrətin mayası Heydər Əliyevdir!

Şamil Şahbazov