Azərbaycanın 44 günlük Vətən müharibəsi otuz illik torpaq həsrətin son qoymaqla yanaşı, haqqın, ədalətin bərpası üçün bəzən dövlətin öz gücünə, nüfuzuna arxalanmağın lazım olduğunu nümayiş etdirdi. I Qarabağ savaşında sinəsini güllə qarşısına sipər edən, fədakar oğullarımızın və qızlarımızın döyüş meydanında şücaət göstərmələrinə baxmayaraq, təəssüf ki, idarəçilikdə qeyri-peşəkarlıq minlərlə vətəndaşımızı, torpaqlarımızın itkirməyimizlə nəticələndi. Azərbaycan otuz il erməni yalanlarının aydınlaşması, ədalətin bərqərar olması üçün hüquqi yolların həllini səbirlə gözlədi. Lakin ermənilərin xarici havadarlara arxalanaraq uydurduqları “böyük ermənistan” nağılına özlərini inandırmaları və daha da azğınlaşmaları Azərbaycana güc tətbiq etmək və müharibənin vacibliyindən başqa yol qoymadı. 27 sentyabr 2020-ci il tarixi xalqımızın yaddaşında qürür duyduğumuz hadisə kimi hər zaman qalacaqdır.
Vətən Müharibəsinin başlandığı ilk gündən uğurlu döyüş əməliyyatları bizləri zəfərə yaxınlaşdırırdı. Xalqın bütün diqqəti cəbhədən gələcək sevincli xəbərlərə yönəlmişdi. Ən böyük amalımız isə qədim Şuşamızın azad olunması xəbərini almaqdı. Otuz il erməni işğalında qalmış bütün torpaqlarımız bizlər üçün qəsb edilmiş bir sərvət idi. Lakin coğrafi mövqeyi ilə qalanı xatırladan qədim Şuşamız isə daha ağrılı yerimiz idi. Şuşa Azərbaycanın qədim torpağı olmaqla yanaşı, xalqın incisi, mədəniyyətimizin beşiyi, Milli Konservatoriyamızdır. Şuşa Müzəffər Ordumuzun böyük şücaəti, fədakarlığı sayəsində azad olundu.
Nəhayət, noyabr ayının 8-də Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər Xiyabanında xalqa ünvanladığı tarixi çıxış gözlənilən qələbəni bizlərə bəyan etdi. İllərlə həsrətlə gözlənilən bu xəbər Azərbaycan üçün sevinclə, bayram kimi qarşılandı. İnsanlar eşitdikləri bu qələbə münasibətilə bir-birlərini təbrik edir, döyüşən hər bir Vətən övladına minnətdarlığını bildirərək şəhidlərimizi rəhmətlə anırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi çıxışında bildirdiyi kimi, “iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Bütün Qələbə xəbərlərimizin sonunda deyildiyi kimi, “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri