06 may 2023 15:02
780

Faşizm üzərində tarixi qələbə

1941-1945-ci illər müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən ağırı, ən dəhşətlisidir. Milyonlarla insanın həlak olduğu, yaralandığı və əsir düşdüyü bu müharibədə Azərbaycan xalqının mərd oğul və qızları da şücaət göstərmiş, faşizm üzərində qazanılmış qələbədə böyük rol oynamışlar. Belə ki, müharibədə 600 mindən çox azərbaycanlı cəbhədə vuruşmuş, onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycandan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. 

Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdır. Ümumilikdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollanan naxçıvanlıların hər iki nəfərindən biri – 16 minə yaxın insan həlak olmuşdur. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və

Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – Sovet İttifaqı Qəhrəmanı adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”,

315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif edilmişdir. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçilmişlər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə almış, gecəni gündüzə qataraq çalışmış, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstərmişlər. 

    Faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan nefti böyük rol oynamışdır. Belə ki, həmin illərdə Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi. Ölkəmizin bütün sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.

Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev demişdir: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyaz və statusları bərpa olunmuşdur. Hər il 9 May – Qələbə Günü Azərbaycan respublikada geniş şəkildə qeyd olunur. 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə tədbirlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən diqqətin əyani ifadəsidir.

Aytən Abbasova, 
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "Fəzail Bayramov 10" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü