06 may 2023 13:21
737

Ulu Öndər Heydər Əliyev dünya tarixinə böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi əbədi həkk olunub

Böyük azərbaycanlı, Ümummilli Lider kimi əbədilik qazanan Heydər Əliyevin Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, dahi şəxsiyyət hər zaman yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilir. Xalq qarşısında əvəzsiz tarixi xidmətləri, mənalı və şərəfli həyat yolu ilə Heydər Əliyev dünya tarixinə böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi əbədi həkk olunub. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan Ümummilli Lider Heydər Əliyevin xarakterində doğma xalqına bağlılıq, el-obaya məhəbbət hisləri hər zaman öndə gəlirdi. Gənc yaşlarından yüksək vəzifələrə layiq görülmüş dahi şəxsiyyət Azərbaycan xalqının məsuliyyətini, yükünü çiyinlərinə götürüb. Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini ikinci dəfə bəyan edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Xalqın və dövlətin taleyi həll olunduğu, ölkənin mövcudiyyətinin sual altında qaldığı belə bir ağır zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında qeyd edildiyi kimi, Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və uğurlu icrasına nail olmuşdur. Bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindəndir.Müstəqilliyimizin qarantı olan güclü, qüdrətli Ordunun yaradılması və beynəlxalq standartlara cavab verməsi daim  Ümummilli Liderin uğurlu siyasətinin əsasında dayanıb. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Ən əsası isə xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımız çoxdan arzusunda olduğu əsl müstəqilliyinə qovuşdu. , Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Ulu Öndərin yenidən hakimiyyətə gəldiyi 15 iyun günü Azərbaycan Respublikasında dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edilir. 1993-cü ilin oktyabr ayında xalqımız böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Məhz bu tarixi gündən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Yeniləşən, müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 2020-ci ildə sübuta yetirmişdir. Ümummilli  Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Ulu Öndərin ən layiqli davamçısı olan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsi oldu. Xalq-iqtidar birliyi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş oldu.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının  sədri