05 may 2023 11:04
289

Azərbaycan xalqının qəhrəmanlığını və şücaəti

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin bu il 78-ci ili tamam oldu. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını, eyni məqsədini birləşdirib, onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, rəngindən asılı olmayaraq, neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi.

1942-ci il iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, Vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi.

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi.Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biriQafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindəntəsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.Çünki Hitler və ətrafındakılar yaxşı başa düşürdülər ki, Bakı nefti olmadan müharibədə uğur qazanmağa ümid yoxdur. Bütün dünyaya ağalıq etmək iddiasında olan alman strateqləri və onların müttəfiqləri bircə prinsipə güvənirdilər: “Kim dünyanı idarə etmək istəyirsə, neftə nəzarəti ələ keçirməlidir. Bütün neftə - harada olursa-olsun, harada çıxırsa-çıxsın!”

Qafqazın işğalı üçün hazırlanmış planın ("Edelveys" planı) həyata keçirilməsi almanların "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və onlardan biri də Azərbaycan əlahiddə rayonu olmalı idi. "Ost" planına görə, Bakının işğalı 1941-ci il sentyabrın axırına qədər başa çatdırmalı idi. Bakı işğal ediləndən sonra onun nefti alman şirkətlərinin sərəncamına veriləcəkdi. Almanlar eyni zamanda, Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da dünya ağalığına can atanHitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Düşmənin hərbihissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonununfaşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunudaha da artırdı və onu ön plana çəkdi.Hitler Qafqaza hücumabaşlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələkeçirməsək müharibəni uduzacağıq".

Qeyd etmək maraqlıdır ki, faşist Almaniyasında Bakının ələ keçirilməsini ümumxalq səviyyəsində bayram etmək üçün hətta hazırlıq işlərinə də start verilmişdi. 1942-ci ildə HansVaydemannın ssenarisi əsasında Bakının almanlar tərəfindən ələ keçirilməsi haqqında film çəkməyə başlamışdılar. Bu məqsədlə köhnə Bakının xronikası və 1918-1919-cu illərin açıqcaları istifadə edilməklə UFA studiyasında və Berlinin küçələrində dekorasiyalar qurulurdu.

Bu böyük qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdənformalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur.Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.

Bəli, Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində sovet ittifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşdü.Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.Azərbaycan xalqı 1945-ci il 9 May qələbəsindən sonra 2020-ci ilin sentyabrın 27-də başlanan müharibədə faşizmin daha bir dəhşətli və qəddar təzahürü olan erməni faşizminə qalib gəldi.44 günlük Vətən müharibəsi uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqının qəhrəmanlığını və şücaətini bir daha göstərdi və tariximizin növbəti şərəfli səhifəsinə çevrildi.

Şəhla Rəhimova,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü