Tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yaradan Azərbaycan bölgədə sülh gündəliyinin müəllifi kimi davamlı addımlar atır. Sülh müqaviləsi imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsip irəli sürən rəsmi Bakı bununla Ermənistanı və havadarlarını fakt qarşısında qoyub. Bu prinsiplər beynəlxalq hüquqa əsaslandığından onu qəbul etməmək açıq şəkildə hüquqa qarşı çıxmaqdır. Məhz bu səbəbdən Ermənistan müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır. Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasından ötən müddət ərzində işğalçı dövlət öhdəliklərini yerinə yetirməməklə yanaşı müxtəlif təxirbatlarla beynəlxalq ictimai rəydə yanlış fikir formalaşdırmağa cəhd göstərir. Amma ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində istədiyinə nail olur.
Elə bu ilin aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması da bunun təsdiqi oldu. Ermənistanın prosesi yubatması, müxtəlif təxribatlara əl atması onun özünə ziyan vuracaq. Prezident İlham Əliyev də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirdi ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Bu isə o deməkdir ki, Ermənistan yenə də təcrid olunacaq və onlar yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Prezident İlham Əliyev bildirdi ki, bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaq.

Dünyada nüfuzu artan və geosiyasi dəyişikliklər nəticəsində daha da güclən Azərbaycanın regional inkişaf, beynəlxalq məsələlərlə bağlı siyasəti tamamilə aydındır. Ermənistandan fərqli olaraq ölkəmiz mövcud regional geosiyasi vəziyyəti doğru qiymətləndirir. Buna uyğun olaraq irəli sürülən təşəbbüslər ölkəmizin geosiyasi çəkisini daha da artırır. Belə olan halda regionda proseslər hansı istiqamətdə inkişaf edə bilər? Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda bu məsələ ilə bağlı bildirdi ki, Ermənistan prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər: “Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər.”
Vətən müharibəsində tarixi qələbə qazanaraq keçmiş münaqişəni həll edən, ərazi bütövlüyünü bərpa edən ölkəmiz artıq bu səhifəni çevirmək istəyir. Azərbaycan sülhün, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasını istəyir. Bu, üçtərəfli Bəyanat əsasən Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması Ermənistanın tarixdən dərs çıxararaq Azərbaycanın irəli sürdüyü, ədalətli, beynəlxalq hüquqa əsaslanan təşəbbüslərinə konstruktiv cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə, bütün region üçün faydalı olacaq.

Şuşada keçirilən beynəlxalq konfrans bir daha təsdiqlədi ki, Azərbaycan regional məsələlərin həllində əsas dövlət olduğu kimi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici söz sahibidir. Dünyada yaranmış mövcud vəziyyət, Rusiya-Ukrayna savaşı Avropanın enerji təhlükəsizliyini təmin olunmasında Azərbaycana olan ehtiyacı artırıb. Dövlət başçısı konfransda Ona ünvanlanan suallara cavabında TAP genişləndirilməsi, “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edilməsi, Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərin olması kimi aktual mövzulara da münasibət bildirib. Dövlət başçısı qeyd etdi ki, bizim “Şahdəniz”də kondensatımız var: “Ümidvaram ki, bu il “Abşeron”dan və bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Yeri gəlmişkən, gələcək qaz istehsalımıza və nəqlinə gəlincə, tezliklə bir neçə yeni yataq işə salınacaq. Qeyd etdiyim kimi, 300 milyard kubmetr həcmində “Abşeron”, minimum o həcmdə AÇG-dən “dərin qaz”, iş artıq başlayıb və bir neçə digərləri. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Düşünürəm ki, gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək. Təbii qazla bağlı vəziyyət də eynidir.Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik”.
Konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, bu konfrans regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi yollarını, Azərbaycanın tranzit imkanları, enerji potensialı, ixrac imkanlarını bir daha dünyaya təqdim etmək baxımından vacib platforma oldu.
Zamin Məmmədov, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri