05 may 2023 23:11
729

Vardanyan yenə “xoda” salınıb

Məqsəd nədir?

Xankəndidəki separatçı rejimin marionetlərindən olan, ölkə­mizə münasibətində barışmaz mövqe tutan, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz sərvətini artıran rusiyalı erməni milyarder Ruben Vardanyan yenə “iş başındadır”. Oyuncaq "dövlət naziri" pos­tundan uzaqlaşdırıldıqdan sonra gözlə­nilirdi ki, o, yenidən göndərildiyi yerə, yəni, Moskvaya qayıdacaq. Amma Vardanyan Xankəndidən əlini çəkmir ki, çəkmir. İndi o, separatçıların toplaşdıqları bu məkanda Azərbaycan əleyhinə imzatoplama kampaniyasına başlayıb. Bununla bağlı Rusiyadakı öz sevimli “RBK” kanalına müsahibə verən Vardanyan toplanan imzaların BMT Təhlükəsizlik Şurasına, Rusiyaya, ATƏT-ə və digər ünvanlara göndəriləcəyini vurğulayıb.

Xatırladaq ki, 2022-ci il sentyabr ayında qanunsuz olaraq Qarabağ ərazisinə daxil olmuş Ruben Vardanyan noyabrın 4-də baş separatçı Araik Arutyunyan  tərəfindən “dövlət naziri” təyin olunmuşdu. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki göstərmişdi. Hətta fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxış edən Prezident İlham Əliyev demişdi ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq: “Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir”. Azərbaycan rəhbərliyinin israrlı tələblərindən sonra Qarabağa heç bir aidiyyatı olmayan Ruben Vardanyan 2023-cü ilin fevral ayının 23-də  “vəzifəsindən” azad edilmişdi.

Bəs siyasi sifarişlərin mahir icraçısı kimi tanınan Vardanyanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində aparılan danışıqlardan sonra yenidən Xankəndidə peyda olub yuyulmamış çömçə kimi özünü ortaya atması nə ilə bağlıdır?

Şübhəsiz, Ruben Vardanyanın son sayıqlamaları oliqarxları həmişə öz nəzarətində saxlayan və lazım gəldikdə onlardan siyasi məqsədləri üçün istifadə edən Kremlin növbəti sifarişidir.  Axı Azərbaycan ərazi bütövlüyünü təmin edəndən və sərhədlərini bütövləşdirdikdən sonra  Rusiya üçün tamamilə fərqli siyasət ortalığa qoyulub. Doğrudur, İkinci Qarabağ müharibəsinin başa çatmasında və 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanatın ərsəyə gəlməsində Rusiyanın kifayət qədər rolu olub. Bu, danılmazdır. Əslində bu sənəd Prezident İlham Əliyevin Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda qeyd etdiyi kimi, atəşkəs razılaşması deyil, o həmçinin sülh sazişi də deyil. Bəyanat sadəcə sülh danışıqlarının başlanması üçün bir vasitə idi.

Bəyanatından imzalanmasından sonr baş verənlər göstərdi ki, Rusiya “sülməramlı” kontingentini Qarabağda yerləşdirməklə öz işini bitmiş hesab etdi. Amma sülh danışıqlarına o qədər də əhəmiyyət vermədi. Rəsmi Bakı isə bu istiqamətdə fəaliyyətini, daha doğrusu, Ermənistana üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün təzyiqləri daha da gücləndirdi. Nəticədə ABŞ dövriyyəyə girdi və tərəflər arasında sülh danışıqlarını təşkil etdi. Rəsmi Vaşiqtonun bu addımına qısqanclıqla reaksiya verən Rusiya danışıqlar nəticəsində müsbət irəliləyiş olacağı təqdirdə Cənubi Qafqazda söz sahibi ola bilməyəcəyini və bölgədə təsirinin azalacağından narahat olmağa başladı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Vaşinqton görüşləri ilə bağlı “İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəl­miş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birgə imzalanan üçtərəfli sənədlər əsa­sında mümkündür” açıqlaması da bunu təsdiq edir. Bu isə o deməkdir ki, Vaşinqtonda qəbul ediləcək bu və ya digər sənəd Moskva üçün o qədər də önəm kəsb etmir. 

Elə Qərbin sanksiyalarından yayınmaq məqsəsilə “Rusiya vətəndaşlığından imtina edən” və Xankəndidə “məskunlaşan” Ruben Vardanyanın Moskvanın xeyir-duası ilə Qarabağda yenidən aktivləşdirilməsi bu kimi amillərdən irəli gəlib. Amma ərazilərimizdə iyrənc niyyətlərini gerçəkləşdirməyə çalışan, suveren ərazilərimzdə separatçılıq meyillərini gücləndirmək istəyən vardanyanlar unutmasınlar ki,  bundan sonra onların bu kimi təxribatları baş tutan deyil. Artıq dünyanın əksər qurumları və dövlətləri onların, əgər belə demək mümkünsə kitabını bağlayıb. Elə proseslərin gedişi də ölkəmizin haqlı tələblərinə daha diqqətlə yanaşılmasını göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”