06 may 2023 01:58
564

İran təhdid, terror və zor dili ilə danışmağa son qoymadıqca…

Beynəlxalq münasibətlər sistemində gündən-günə mövqeyi möhkəmlənən Azərbaycan milli maraq və mənafelərə söykənən,dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.

Dövlətimizin xarici siyasətinin əsasında qonşu ölkələrlə dostluq və mehriban münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan çox haqlı olaraq qonşu dövlətlərdən də məhz belə mövqe sərgilənməsini tələb edir. Çox təəssüf ki, cənub qonşumuz, sözdə özünü “islam” respublikası adlandıran İran ölkəmizə münasibətdədaim qeyri-səmimi mövqe nümayiş etdirib, ötən 30 il müddətində işğalçı Ermənistana hərtərəfli yardım və himayədarlıq edib.Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə Tehran rejiminin izi açıq-aşkar görünüb. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Heç kimə sirr deyil ki, 2023-cü il  yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunda Tehranın əli olub.

Bu da bir gerçəklikdir ki, molla rejimi ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün müxtəlif vaxtlarda təxribatçı-terrorçu planlar hazırlayıb. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur və artıq bu fakt öz təsdiqini tapıb.

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra  İranın Azərbaycana qarşı aqressiv mövqeyi daha da güclənib. Xüsusilə İran rejiminin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar, hədə tipli bəyanatlar, Tehrandakı səfirliyimizə qarşı terror hücumu, SEPAH-a bağlı sosial media strukturlarında respublikamızı hədələyici xarakterli video-materiallar bir daha göstərir ki, mollakratiyanın ölkəmizlə  münasibətləri normallaşdırmaq barədə səsləndirdiyi fikirlər qeyri-səmimidir.

Bu gün rəsmi Tehran həm də unutmamalıdır ki, Azərbaycanla zor dilində danışmaq mümkün deyil. Prezident İlham Əliyev 2023-cü il mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransdakı çıxışında bildirib ki,İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək!.

Ölkə başçısı, həmçinin deputat Fazil Mustafaya qarşı terror aktının arxasında İranın dayandığını açıq şəkildə bəyan edib: “Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub. Bu əməlin kiminsə törətdiyi ilə bağlı verilmiş hər hansı bəyanatı biz tamamilə yersiz hesab edirik. Xeyr”.

Ölkə başçısı, həmçinin vurğuladı ki, Azərbaycan vətəndaşları olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçular ölkəmizə ekstradisiya olunmalıdırlar. Eləcə də Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı törədilmiş terror hücumu şəffaf araşdırılmalıdır. Dövlət başçısı bildirib ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir: “Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”. 

Hər kəs yaxşı bilir ki, Azərbaycan-İran münasibətlərinin kəskinləşməsinə molla rejiminin təxribatçı əməlləri, ölkəmizlə zor, hədə, təhqir, təhdid və terror dili ilə dasışması səbəb olub. O da bəllidir ki, bu səbəblərdən iki ölkə arasında münasibətlərin gərginləşməsindən ən çox İranın özü zərər görüb.

Nəhayət, əgər rəsmi Tehran iki qonşu ölkə arasında münasibətlərin yenidən dinc məcraya düşməsini istəyirsə regiondakı yeni reallıqları qəbul etməli, Azərbaycanla münasibətdə tam səmimi olmalı, şeytani hisslərdən arınıb təmizlənməli, şər əməllərdən əl çəkməli, ən əsası isə dövlətimizin başçısının bildirdiyi kimi, ölkəmizlə təhdid, zor və terror dili ilə danışmağa son qoymalıdır. Bu qədər sadə…

Zahid Rza, “İki sahil”