06 may 2023 02:57
585

Ermənistana xəbərdarlıq: Konstruktivlik olmasa sülh olmayacaq... 

Hələ də «bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə»  siyasətini dəyişməyən, Avrasiya geosiyasətində yerini tapa bilməyən    Ermənistan qarşılaşacağı çətinlikləri havadarlarının dəstəyi olmadan düşünməlidir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi  beynəlxalq səviyyədə qeyd edilir. ADA Universitetinin təşkilatçılığı ilə  Şuşada  keçirilən  «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda beynəlxalq konfrans   Ümummilli Liderə  həsr olunmuş möhtəşəm tədbirlərdəndir. «Heydər Əliyev İli» çərçivəsində keçirilən    konfransın Qarabağın incisi olan Şuşada təşkili  isə Ulu Öndərin xatirəsinə daha bir ehtiramdır. Konfransda məntiqli çıxışı,  verilən sualları obyektiv, dövrün tələbələrinə uyğun cavablandırıb,  hadisələri təhliletmə qabiliyyəti ilə qonaqları  heyrətləndirən  Prezident İlham Əliyev,  eyni zamanda, bölgədə yeni reallıqlar yaradan  ölkəmizin  daxili və xarici siyasətinə, regional inkişaf proseslərinə aydınlıq gətirdi.  Beynəlxalq məsələlərə təsir edən  məqamlara  aydınlıq gətirməklə qarşıdakı hədəflər barədə də   konfrans iştirakçılarının suallarını cavablandırıb. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin təşkil edildiyi zamana təsadüf edən konfrans iştirakçılarının maraq göstərdiyi məqam  Azərbaycanla Ermənistan  arasında sülh sazişinin imzalanması ilə bağlı  mövcud vəziyyət idi.  Konfransda bir daha bəlli oldu ki, Prezident İlham Əliyevin  bölgədə sabitliyin bərpası üçün vacib olan sülh sazişinin imzalanması naminə göstərdiyi səylər,  hədəflərə nail olmağın yolları ilə bağlı çağırışları, düşüncələri beynəlxalq ictimaiyyətin də ən çox maraq göstərdiyi məqamlardandır.

Dövlət başçımıza ünvanlanan suallarda qeyd edildiyi kimi,  İkinci Qarabağ müharibəsinin bitməsindən iki il yarım keçməsinə baxmayaraq hələ də  münaqişənin yekun həllinə nail olunmaması geosiyasi vəiyyəti gərginləşdirən başlıca amillərdəndir. Ermənistanın revanşist dairələrinin,   sülh sazişinin imzalanmasına bütün vasitələrlə əngəl olmağa çalışan havadarlarının törətdikləri təxribatlardan yaranan gərginlik  davam edir. Sülh sazişinin imzalanmasına qeyri-obyektiv bəhanələrlə mane olan Ermənistana dəfələrlə xəbərdarlıq edən,  qarşı tərəfi məntiqli düşünməyə çağıran  Prezident İlham Əliyev  « Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq» sözləri ilə  qəti mövqeyini bildirdi.  Vurğuladı ki,  artıq təqaüdə göndərilmiş «Minsk qrupu» variantından istifadənin vaxtı ötüb. Vətən müharibəsindən sonra imzalanan   bəyanatlarda qeyd edilən öhdəlikləri yerinə yetirməyən Ermənistan  müxtəlif  taktikalardan istifadə etməklə prosesi ləngidir,  legitimləşdirməyə çalışır,  «bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə»  siyasətini dəyişmir. Tam aydınlığı ilə deyilsə  vəziyyətin olduğu kimi qalmasına çalışanlar  tərəflər arasındakı danışıqlar formatına razılığın yaranması baxımından deyil, prosesi sonsuz etmək, bir növ dondurmaq məqsədilə yanaşırlar.

Regional inkişaf proseslərindən təcrid edilən, özlərinə yeni ağa və ya ağalar axtaran işğalçı  dövlət heç cür anlamır ki,  sülh sazişinin imzalanması, kommunikasiyaların açılması hamıdan artıq onların marağına xidmət edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur. Üçtərəfli Bəyanat, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun  irəli sürdüyü  beş prinsip  regional əməkdaşlıq, sülh danışıqlarına başlamaq üçün  çox səmərəli təşəbbüs olsa da,  Ermənistandan hələ də müsbət mənada  münasibət bildirilmir.

Məsələyə beynəlxalq səviyyədə yanaşmanı  «ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma «Dağlıq Qarabağ Respublikası»nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır» sözləri ilə izah edən Prezident İlham Əliyev qarşı tərəfdən konstruktivliyin gözlənildiyini də açıqlayır. Konstruktivlik olmasa sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq.  Regional siyasətdən, beynəlxalq aləmdən təcrib olunan  işğalçı Ermənistan  geosiyasi vəziyyətin qloballaşdığı  beynəlxalq aləmdə  yaranacaq yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaq.

Beynəlxalq aləmdə texnologiya, geosiyasət, iqtisadiyyat, qanunların həllində  düzgün yolla addımlayan Azərbaycanın geosiyasi məkanda mövqeyi kimi  nüfuzu da möhkəmlənir. Amma erməni lobbisinə  istinadlar,  separatizmə haqq qazandırmalar  sülh sazişinə mane olan  ən başlıca amildir.  İşğalçının ən yaxın dəstəkçisi  Fransa parlamentinin iki palatasında  Ermənistanın tanımadığı qondarma «Dağlıq Qarabağ respublikası»nın tanınması kimi  qərəzli addımlar erməni lobbisini şirnikləndirir.

«Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır» sözləri ilə bu cür cəhdlərini sülh sazişinin imzalanmasına  əngəl olduğunu qətiyyətlə bildirən Prezident İlham Əliyev  əlavə olaraq vurğulayır ki,  onlar, sadəcə, sonuncu sözü deməlidirlər: «Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələcək.»

Ermənistanla Azərbaycan arasında manevr edərək öz maraqları naminə bölgədə sabitliyin yaranmasına  mane olanlar bilməlidirlər ki, artıq
iki stulda  oturmaq cəhdi mümkün deyil.  «Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də «kimsə gəlib onların yerinə döyüşəcək» illüziyalarının çökməsini görən və hiss edən Ermənistana yardım, hansısa yollarla qondarma “Dağlıq Qarabağ”ı tanımaq cəhdləri terrorizmə, ekstremizmə, radikalizmə və separatizmə dəstəkdir. Halbuki dəfələrlə qeyd edildiyi kimi,  bölgədə sabitliyə nail olmağın ən mükəmməl yolu  Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqların  aparlmasıdır.  Artıq tarixin arxivinə atılan  Minsk qrupunun həmsədrlərinin  status-kvonu saxlamaqla bölgədə vəziyyəti gərginləşdirmək cəhdləri yaxın keçmişimdə   hiss olunan siyasətin üzqarasıdır. Güclü iradəyə, qətiyyətə malik Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində  status-kvo dəyişildi. Bəzi qüvvələr hesab edirdilər ki,  səyləri birləşdirib Azərbaycana təsir etsələr  «üç müşkotyor» Minsk qrupu müəyyən formada fəaliyyətini davam etdirə bilər. Amma zaman öz sözünü dedi: «Çayda  su eyni  yerdən bir dəfə axır.»  Başqa  cür düşünənlərin xəyallarının artıq suya düşdüyünü  «Bunun necə olacağını soruşanda mən dedim ki, biz adəti üzrə fəaliyyət göstərmək üçün heç bir imkan görmürük, bu, başa çatıb, keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər. Mən söylədim ki, Qarabağ münaqişəsi həll olunub, Madrid prinsipləri adlandırılan prinsiplərin böyük əksəriyyəti Azərbaycan tərəfindən həyata keçirilib. Ona görə də, əgər siz kömək etmək istəyirsinizsə, əsas diqqəti sülh razılaşması üzərində cəmləşdirin və Ermənistanı konstruktiv olmağa inandırın» söyləyən Prezident İlham Əliyev BMT-də, Frankofoniya  Təşkilatında və  digər formatlarda çox açıq anti-Azərbaycan bəyanatları, qərəzli davranışları, Fransanın işğalçıya dəstəklərini xatırladır.

Bütün dünya ictimaiyyəti, Ermənistanı dəstəkləyənlər bilməlidirlər ki, Orta Dəhlizin əsas geosiyasi məkanında yerləşən,  siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən, gələcəyə yolun bələdçisi olan Azərbaycan bu gün Avrasiyada söz sahibidir.

Xuraman İsmayılqızı, «İki sahil»