Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər.
Azərbaycan ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyev şəxsiyyəti ilə, onun mübariz yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkid və tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. O dövrü bir anlığa xatırlayanda göz önünə, ilk növbədə, ölkədə hökm sürən anarxiya və xaos, hərc-mərclik və dərəbəylik gəlir. Məhz Ulu Öndərin tarixi şəxsiyyət kimi meydana çıxması Azərbaycanda yeni günəşin doğmasına, ölkəmizin parlaq gələcəyinin bərqərar olmasına təkan verdi. Azərbaycanın inkişaf yolunu müəyyən edən Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyuldu. Dövlətin əsası olan suverenlik, dövlətçilik, ədalət, demokratiya, milli yüksəliş, dünyəvi dövlət və liberal iqtisadiyyat kimi ümimbəşəri dəyərlərin sintezini təmin edən milli ideologiya formalaşdırıldı. Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıdan, dünya Azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin əsasları yarandı. Dünya xəritəsində suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət ünvanı hər kəsə bəlli oldu. Heydər əliyev sübut etdi ki, siyasət naşıların zənn etdiyi kimi asan məsələ deyildir. Hətta ən keşməkeşli zamanlarda belə, Azərbaycan xalqının müstəqil olmaq hüququnu təmin edə bilmək böyük sənətdir. Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həmdə başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. Ulu Öndər Heydər Əliyev bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmiş, çətinliklərin hamısına mətanətlə sinə gərmiş və onun mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq daha yüksəklərə qalxmışdır.
Əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü,öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.
Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
İsmayıl İbrahimov
YAP Hacıqabul rayon təşkilatının sədr müavini
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri