İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.
Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi. 1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi. Almaniya SSRİ-yə qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı.
SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də ikinci dünya müharibəsinin əvvəlindən axırınadək müharibədə fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü var idi. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941–1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Volqoqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlin şəhərinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər. Qafqazın müdafiəsinin birinci dövründə alman komandanlığı xeyli miqdarda canlı qüvvə və texnika itirməsinə baxmayaraq Bakının işğalı planından əl çəkmirdi. Hitler Berlindən "Birinci" tank ordusu qərargahına teleqram göndərib Bakının işğalının sürətlənməsini tələb etmişdi. "Birinci" tank ordusu qərargahı Bakıya ediləcək hücumun planını tərtib edib, "A" qrup ordusu qərargahına göndərmişdi. Həmin plana görə alman ordusu sentyabrın 6-da Qroznıdan və sentyabrın 16-da Mahaçqaladan hücuma keçib, sentyabrın 25-də Bakıda olmalı idi.
Şimali Qafqazın almanlar tərəfindən işğalı nəticəsində Zaqafqaziyanın ölkənin mərkəzi ilə əlaqəsi kəsilmişdi. Ölkənin mərkəzi ilə nəqliyyat əlaqəsi yalnız Azərbaycan vasitəsi ilə Orta Asiya ilə saxlanılırdı. Azərbaycandan ölkə mərkəzinə yanacaq, Xəzər-Volqa su yolu ilə daşınırdı.
1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan edildi. Mühüm sənaye mərkəzlərində müdafiə rayonları yaradıldı. Bunlar - Bakı xüsusi müdafiə rayonu, Qroznı və Orconokidze müdafiə rayonları idi. Dövlət Müdafiə Komitəsi 1942-ci il sentyabrın 16-da Mahaçqala, Dərbənd və Bakı rayonlarında müdafiə-istehkam tikintiləri üçün hər gün 90 mindən çox adamın səfərbər olunması haqqında qərar qəbul etdi. Zaqafqaziya hərbi şurasının " Zaqafqaziya cəbhəsinin mühəndis itsehkam xətləri" haqqındakı qərarına görə, Azərbaycan ərazisində 551 kilometr tank əleyhinə xəndək qazılmalı, 7098 uzunmüddətli atəş nöqtəsi və uzunmüddətli torpaq atəş nöqtəsi tikilməli, 1245 kilometr səngərlərarası əlaqə xətti qurulmalı, 34920 müxtəlif qurğu düzəldilməli idi.
1942-ci ilin avqust ayına kimi müdafiə istehkam tikintisi ləng gedirdi. Bunun başlıca səbəbi istehkam tikintisi üçün lazım olan avadanlıqların olmaması idi. 1942-ci il avqustun 25-də Azərbaycan K(b)P MK və Azərbaycan XKS respublikada müdafiə-istehkam xətləri tikintisi üçün qərar qəbul etdi. Qərarda tələb olunurdu ki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarında Baş Qafqaz aşırımlarını mühafizə edən qoşun hissələri, Bakı müdafiə istehkam xətlərinin tikintisi üçün həmin rayonlardan meşə materiallarının hazırlanıb gətirilməsinə cəlb edilsinlər və hər rayon tikinti materialının daşınması üçün daxili imkanlar hesabına maşınlar ayırsınlar. Azərbaycan, Bakı zonasında müdafiə-istehkam tikintisinə beş min inşaatçı cəlb etmişdi.
Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi".
Ulu Öndər Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".
Ulu Öndər Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".
Tofiq Hüseynzadə,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri